Azərbaycanın və Özbəkistanın həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Türk dünyası

Azərbaycanın və Özbəkistanın həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə Özbəkistan Həmkarlar İttifaqları Federasiyası (ÖHİF) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. 

"Respublika" xəbər verir ki, AHİK-dən verilən məlumata görə, memorandum Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Özbəkistana səfəri çərçivəsində imzalanıb. 

Səfər zamanı AHİK-in nümayəndə heyəti Daşkənddə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla anıb, abidə önünə gül dəstələri qoyublar. 

Nümayəndə heyəti, həmçinin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub, Azərbaycan diaspor təşkilatının nümayəndələri ilə görüşüb. 

Daha sonra ÖHİF-in Əmək və Sosial Münasibətlər Akademiyasına gələn AHİK sədri Səttar Möhbalıyev ali təhsil ocağının Elmi şurasının üzvləri, professor-müəllim heyəti və tələbələri ilə görüşüb. Tədbirdə çıxış edən Səttar Möhbalıyev Azərbaycan ilə Özbəkistan arasında mövcud münasibətlərdən, bütün sahələr üzrə davamlı inkişaf edən qarşılıqlı faydalı əməkdaşlıqdan, həmçinin ölkələrimizin həmkarlar ittifaqlarının əlaqələrindən danışıb. Tədbirdə Səttar Möhbalıyevə Akademiyanın “Fəxri professor” diplomu təqdim olunub. 

Daha sonra ÖHİF-in binasında görüş təşkil olunub. Görüşdə ÖHİF sədri Qudratulla Rafiqov və AHİK sədri Səttar Möhbalıyev Azərbaycanla Özbəkistan arasında qardaşlıq münasibətlərindən, həmçinin iki qurum arasında mövcud olan əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışıblar. 

Ardınca ÖHİF və AHİK arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanıb. 

Bildirilib ki, Memorandum qurumlar arasında əvvəllər imzalanmış sənədlərin davamı olaraq həm ÖHİF və AHİK, həm də sahə həmkarlar ittifaqları arasında əlaqələri genişləndirəcək, münasibətlərdə yeni mərhələ təşkil edəcək. 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.