Azərbaycanın və Özbəkistanın QHT nümayəndələri hər iki ölkənin dövlət başçılarına müraciət ünvanlayıblar
Siyasət

Azərbaycanın və Özbəkistanın QHT nümayəndələri hər iki ölkənin dövlət başçılarına müraciət ünvanlayıblar

İşğaldan azad olunan ərazilərdə ilk dəfə olaraq keçirilən Azərbaycanın və Özbəkistanın qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda vətəndaş cəmiyyəti təmsilçiləri hər iki ölkənin dövlət başçılarına birgə müraciət ünvanlayıblar.

AZƏRTAC müraciəti təqdim edir: "Biz - Özbəkistanın və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri hər iki qardaş ölkənin dövlət başçılarına - Türk dünyasının nəhəng şəxsiyyətləri olan Prezident İlham Əliyevə və Prezident Şavkat Mirziyoyevə Qarabağdan müraciət etməkdən bəxtiyarlıq duyuruq.

Otuz ilə yaxın müddətdə xarabalığa çevrilmiş, tamamilə dağıdılmış Qarabağ torpaqları indi cənnətə çevrilir. Qısa müddətdə görülmüş genişmiqyaslı, nəhəng işlər bütün Türk dünyasını fərəhləndirir.

Sizlərə bu müraciəti qəbul etdiyimiz məkan da rəmzidir. Füzuli şəhərində özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan təhsil ocağı, eyni zamanda, Özbəkistanın və Azərbaycanın daha bir dostluq və qardaşlıq mərkəzidir. Qarabağın bərpası və quruculuğu işinə Özbəkistanın hədiyyəsi olan bu məktəb həmrəyliyimizin parlaq nümunəsidir. Təsadüfi deyil ki, ilk dəfə keçirilən Azərbaycanın və Özbəkistanın qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumu da məhz bu mərkəzdə baş tutub.

Bu gün bütün dünya Özbəkistanın və Azərbaycanın dostluğuna, birliyinə, bütün beynəlxalq platformalarda bir-birini necə müdafiə etməsinə şahiddir. Azərbaycan-Özbəkistan münasibətləri tarixdə heç vaxt belə yüksək səviyyədə olmayıb. Bu, məhz Sizlərin xidmətidir - cənab Prezident İlham Əliyev və cənab Prezident Şavkat Mirziyoyev!

Biz - hər iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, bu şəxsi nümunəyə, böyük əməyə, Türk dünyasının güclənməsi, Azərbaycan və Özbəkistanın inkişaf etmiş dövlətlərə çevrilməsi naminə tarixi fəaliyyətinizə görə Sizlərə sonsuz təşəkkür edirik!

Məhəmməd Füzulinin uzun əsrlərdən bəri Özbəkistanda qorunub saxlanan əlyazmalarından birini 2022-ci ildə Daşkənddə Özbəkistan Prezidenti Azərbaycan Prezidentinə hədiyyə etdi. Dahi şair-mütəfəkkir Məhəmməd Füzulinin adını daşıyan Füzuli rayonunda bu hadisəni xatırlamamaq mümkün deyil. Qədirbilən özbək xalqı özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvainin böyük Nizami Gəncəvinin əsərlərindən ilham almasını, onu "şairlərin şahı" adlandırmasını unutmur.

Özbəkistanı və Azərbaycanı çoxəsrlik tarix, ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyət, dil birləşdirir. Biz - hər iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri olaraq bu möhkəm bünövrə üzərində münasibətləri öz səviyyəmizdə daha da inkişaf etdirmək, genişləndirmək əzmimizi ifadə edirik. Azərbaycanın və Özbəkistanın qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumu bir-birimizi daha yaxından tanımaq fürsəti verməklə, ortaq fəaliyyəti təşkil etmək, irəli aparmaq üçün körpü rolunu oynadı.

Bu gün Azərbaycan və Özbəkistan dünya miqyaslı güclü siyasi liderlərinə görə sülh və sabitlik adası kimi sürətlə inkişaf edir. Dünyanın müxtəlif regionlarındakı qanlı hadisələri, toqquşmaları, sonu görünməyən müharibələri ürək ağrısı ilə izləyirik. Bizim ölkələrimiz də bu fəlakətlərə düçar ola bilərdi. Ancaq Azərbaycan və Özbəkistan xalqları müdrik seçimlərində yanılmadılar, onlar ölkələrinin talelərini Prezident İlham Əliyevə və Prezident Şavkat Mirziyoyevə etibar etdilər.

Biz Özbəkistanın və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Sizlərə üz tutub bildirmək istəyirik ki, apardığınız siyasəti tam müdafiə edirik, Sizlərin yanındayıq!

Biz Azərbaycanı sevirik! Biz Özbəkistanı sevirik!

Yaşasın Özbəkistan-Azərbaycan dostluğu, qardaşlığı!"