Azərbaycanla İran arasında avtomobil körpüsü layihəsi regiona böyük töhfə verəcək
Gündəm

Azərbaycanla İran arasında avtomobil körpüsü layihəsi regiona böyük töhfə verəcək

Oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov fikrini bildirib: Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında quru yolu vasitəsilə nəqliyyat əlaqəsinin yaradılması istiqamətində atılan bu addım regionun inkişafı baxımından vacibdir. Bu, region üzərindən, o cümlədən Azərbaycan üzərindən daşınan yüklərin həcminin artmasına imkan verəcək. Həmçinin layihə ölkəmizin beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirin həcmini artıracaq. Nəzərə alsaq ki, bu nəqliyyat yolu həm də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq, nəticədə təbii ki, regionun bu əməkdaşlıqdan faydalanmasına imkan verəcək. Digər tərəfdən, bu nəqliyyat xətti həm də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən iş adamları üçün də yeni bir imkandır. Çünki onlar istehsal etdikləri məhsulları daha qısa müddətdə və asan, az xərclə Azərbaycanın əsas hissəsinə nəql edə biləcəklər. Bu isə həmin iş adamları üçün ixrac imkanları baxımından da vacibdir. Bununla Azərbaycanın regionda əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu bir daha öz təsdiqini tapdı, eyni zamanda Ermənistanın özünütəcrid siyasətini davam etdirdiyini göstərdi. Nəticədə Ermənistan yenidən regional layihədən kənarda qaldı. Bu gün Ermənistan iqtisadiyyatında müşahidə edilən böhran və həyata keçirilən siyasət ondan xəbər verir ki, rəsmi İrəvan Ermənistanın inkişafında deyil, regiondakı problemlərin dərinləşməsində daha maraqlıdır və bu da Ermənistan hakimiyyətinin düzgün siyasət yürüdə bilməməsinin göstəricisidir. Və bütün hallarda bu anlaşma Azərbaycanın yeni bir regional uğurudur. Təbii ki, qazanan tərəf məhz əməkdaşlıqda iştirak edən tərəflərdir.

 "Respublika".