AZƏRTAC-ın əməkdaşı Mehrac Ağasiyev Vətən müharibəsində göstərdiyi şücaətlərə görə təltif olunub
Digər xəbərlər

AZƏRTAC-ın əməkdaşı Mehrac Ağasiyev Vətən müharibəsində göstərdiyi şücaətlərə görə təltif olunub

İşğal altındakı ərazilərimizin azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif olunan hərbi qulluqçular arasında AZƏRTAC-ın əməkdaşı, əsgər Ağasiyev Mehrac Firudin oğlu da var.

Mehrac Ağasiyev “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatırladaq ki, Mehrac Prezident İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə də təltif olunub.

Mehracın döyüş əməliyyatlarında göstərdiyi şücaətə və igidliyə görə medallarla təltif olunması onun ailə üzvləri ilə yanaşı, doğma kollektivini də hədsiz dərəcədə qürurlandırıb.

Şabran rayonunda ziyalı ailəsində dünyaya göz açan Mehrac Ağasiyev 2017-ci ildə AZƏRTAC-da işə qəbul olunub və iki il sonra həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşan Mehrac Lələtəpə istiqamətində düşmənin müdafiə səddini yaranlardan biri olub. Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşanın azad olunması uğrunda  gedən gərgin döyüşlərdə iştirak edib.

Ağır döyüşlərin birində yaralanan Mehrac Şirvan və Tovuz şəhər xəstəxanalarında müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb. Hazırda Qubadlıda hərbi xidmətini davam etdirir.

Qeyd edək ki, igid əsgərin bacısı Nurtac Ağasiyeva 2016-cı ildən AZƏRTAC-ın ingilis dilində informasiya baş redaksiyasında işləyir.

AZƏRTAC-ın Rusiyadakı xüsusi müxbiri Fəridə Abdullayevanın oğlu, əsgər Ramin Nəcəfzadə də Prezident İlham Əliyevin sərəncamları ilə təltif olunanlar arasındadır. Türkiyənin Balıkesir Universitetinin məzunu olan Ramin ali təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən Ramin Nəcəfzadə “Füzulinin azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə hərbi xidmətini davam etdirən Ramin bir müddət əvvəl ordu sıralarından tərxis olunub.

Təltiflər münasibətilə Mehracı, atası Firudin Ağasiyevi və anası Almaz müəlliməni, Ramini və anası Fəridə Abdullayevanı AZƏRTAC-ın kollektivi adından təbrik edirik.

AZƏRTAC