VƏTƏNƏ, XALQA BAĞLI ÖMÜR
Digər xəbərlər

VƏTƏNƏ, XALQA BAĞLI ÖMÜR

Hər bir ölkənin, xalqın, millətin tarixində elə hadisələr, elə şəxsiyyətlər olur ki, onlar özlərinin böyüklüyü, əzəməti, tarixən oynadığı müstəsna rol və digər mühüm göstəricilərə görə qeyri-adi, son dərəcədə nadir, müstəsna, fövqəl, sözün əsl mənasında, fenomenal xarakter daşıyır. Azərbaycan xalqı fəxr edə bilər ki, onun da dünyaya bəxş etdiyi ölməz şəxsiyyətlər çoxdur və onların arasında öz nadir fitri istedadı, müdrik və uzaqgörən siyasəti, yüksək təşkilatçılıq bacarığı və nüfuzu ilə ümummilli lider səviyyəsinə yüksəlmiş, müstəqil Azərbaycan Respublikasının qurucusu, memarı olmuş, qəlblərdə əbədiləşmiş bir dühası var. Bu, ulu öndər Heydər Əliyevdir.

Heydər Əliyev hələ Azərbaycan SSR KP MK-nın birinci katibi vəzifəsində işlədiyi zaman, 1971-ci ildə Bakı şəhərində fəaliyyət göstərən 2 nömrəli internat məktəbinin bazası əsasında Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmışdı. Uzun illər sovet hakimiyyəti dönəmində hərbi işlərdən uzaq saxlanılan həmvətənlərimiz bu məktəbin sayəsində hərbi biliklərə dərindən yiyələndilər və həmin məktəbin yetirmələri  sonrakı müharibələrdə böyük şücaət, peşəkarlıq nümayiş etdirdilər. Heydər Əliyevin  1969-1982-ci illər ərzində Azərbaycan SSR KP MK-nın birinci katibi vəzifəsində çalışdığı dövrdə Azərbaycanda müxtəlif zavod, fabrik, digər istehsal müəssisələrinin yaradılması, bütün sahələr üzrə ölkəmizin inkişafı istiqamətində gördüyü işləri sadalamaqla bitirmək mümkün deyildir.

XX əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan səriştəsiz və bacarıqsız rəhbərlərin idarəçiliyi nəticəsində Azərbaycan dövlətinin faktiki olaraq dağılmaq təhlükəsi qarşısında qaldığı bir zamanda xalqın öz xilaskarı kimi gördüyü böyük siyasi xadim Heydər Əliyevin sadə insanların təkidli tələbi ilə Azərbaycana qayıdışından sonra öz xalqı üçün etdiyi ilk və bəlkə də həmin dövr üçün ən vacib addım vətəndaş müharibəsinin qarşısının alınması oldu. Həmin vaxt ölkənin müxtəlif bölgələrində baş qaldıran qanunsuz silahlı dəstələr vəziyyəti gərginləşdirərək dövlətin suverenliyini, ərazi bütövlüyünü təhlükə altına qoymuşdular, ölkə artıq vətəndaş müharibəsinin astanasında idi. Xalqı bu acınacaqlı vəziyyətdən yalnız dahi Heydər Əliyev xilas edə bilərdi, bunu da etdi. Təbii ki, iqtisadi inkişafa və tərəqqiyə yalnız stabil ölkələrdə nail olmaq mümkündür. Bundan sonrakı dövrdə isə daha çox torpaq itkisinin qarşısının alınması üçün əhəmiyyətli olan atəşkəsə nail olundu, bununla da dövlətimizin faktiki olaraq müstəqil iqtisadi və siyasi gedişlərini müəyyən etmək imkanı yarandı.

Ulu öndərimizin həmin illərdə dövlətimizin iqtisadi qüdrətinin artırılması üçün atdığı növbəti ən böyük addım Azərbaycanın heç bir xarici qüvvədən asılı olmayan, müstəqil neft strategiyasının müəyyən edilməsi oldu. Aparılan uzun və gərgin danışıqlardan sonra 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması neftimizin dünya bazarına çıxarılması və faktiki olaraq dövlətimizin iqtisadi müstəqilliyinin təmin edilməsi demək idi. Bu böyük nailiyyətin əldə edilməsində sözsüz ki, cənab İlham Əliyevin xüsusi rolu qeyd edilməlidir. 1994-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, 1997-ci ildən Birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev xüsusi siyasi bacarığı və dünyagörüşü ilə ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində əhəmiyyətli rol oynamışdır.

Xüsusilə qeyd olunmalıdır ki, ümummilli lider mərkəzlə yanaşı, bütün rayonlara xüsusi qayğı göstərməklə regionların sosial-iqtisadi inkişafını diqqət mərkəzində saxlamışdır. Ulu öndər doğma Goranboyumuza 3 dəfə - 1978, 1982 və 2002-ci ildə  tarixi səfərlər etmiş və bütün səfərlər zamanı rayonun sosial-iqtisadi həyatında yeniliklər baş vermişdir.

Ulu öndər 13 sentyabr 2002-ci il tarixdə Goranboya etdiyi sonuncu səfərində demişdi: "Xatirimdədir, 1978-ci ildə, 1982-ci ildə mən sizin rayona gəlmişəm, burada geniş müşavirə keçirmişəm. Hətta rayonlararası müşavirələri burada keçirmişəm. Təkcə bu deyil, sizin rayonunuzla mən daim məşğul olmuşam və o illərdə rayonun inkişafı üçün lazım olan tədbirləri görmüşəm".

Ümummilli liderin 2001-ci il 22 avqust tarixli Fərmanı ilə rayonun Gülüstan ərazisindəki Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbəsində dağıdılmış 1400 yaşayış evinin bərpa edilməsi, 1995-ci ildən tikintisi yarımçıq qalmış 322 evin tikintisinin başa çatdırılması üçün dövlət Neft Fondunun hesabından 83 milyard manat vəsaitin ayrılması uğurlu neft siyasətinin bəhrələrindən biri,  dahi liderin Goranboy rayonuna böyük diqqət və qayğısının təzahürüdür.

Təbii ki, ulu öndərin xalqımıza verdiyi ən böyük töhfə onun siyasi davamçısı, özü kimi fenomenal siyasi şəxsiyyət olan İlham Əliyevdir. İlham Əliyev özünü qısa müddətdə hər bir azərbaycanlının Prezidenti kimi təsdiqləmiş, bütün xalqın hörmət və məhəbbətini qazanmışdır.

Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuş Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib "güclü dövlət" konsepsiyasını reallaşdırmağı bacardı.

İqtisadi və sosial sahələrlə yanaşı, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ordu quruculuğuna, silahlı qüvvələrin ən müasir silah, sursat, hərbi texnika və texnologiyalarla təchiz olunmasına yönələn kompleks tədbirlər həyata keçirilmişdir. İlham Əliyev milli məsələlərdə güzəştə getməyən liderdir. O, hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu yüksək peşəkarlıq və uğurla davam etdirərək hakimiyyətə gəldiyi gündən böyük zəfər gününə qədər yorulmadan, usanmadan Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə aparmış, Azərbaycanın haqq səsini dünyaya çatdırmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağda və ətraf ərazilərdə erməni işğalçıları üzərində qazanılmış hərbi-siyasi Zəfər 30 illik işğala son qoyaraq torpaqlarımızın azad edilməsi ilə ən böyük tarixi hadisəyə, xalqımızın çoxəsrlik tarixində qürur mənbəyinə çevrilmişdir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində daim uğurlar qazanan, beynəlxalq müstəvidə öz mövqeyini möhkəmləndirən Azərbaycanda xalq-iqtidar birliyi sarsılmaz əsaslara söykənir. Müasir mərhələdə ölkəmizin inkişafını və milli gücünün artmasını təmin edən faktorlardan biri bütün sahələri əhatə edən çoxşaxəli islahatların həyata keçirilməsidir. Bu kontekstdə institusional və struktur islahatları böyük əhəmiyyət daşımışdır. Dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə prokurorluq orqanlarında da islahatlar dövrün tələbləri ilə səsləşərək məqsədyönlü şəkildə davam etdirilmişdir. Prezidentimizin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, müasirləşdirilməsi, bu sahədə ən son innovasiyaların tətbiqinin təmin edilməsi məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. Bu gün Azərbaycanda həyatın ən müxtəlif sahələri üzrə inkişaf prosesi məntiqi ardıcıllıqla və bir-biri ilə vəhdətdə uğurla davam etdirilir. Bütün sahələrdə modernləşmə, keyfiyyətli və innovativ kadr potensialının formalaşdırılması dövlət siyasətinin əsasını təşkil edir. Şanlı zəfərimizdən sonra işğaldan azad olunmuş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu, habelə Qubadlı və Kəlbəcər Hərbi prokurorluqları yaradılmışdır. Bundan əlavə, prokurorluq orqanlarında həyata keçirilən ən son innovativ yeniliklərdən biri "Elektron prokurorluq" informasiya sisteminin (EPİS) yaradılması olmuşdur. Belə ki, "Elektron prokurorluq" informasiya sistemi haqqında  Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 3 mart 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Qeyd olunan  informasiya sisteminin tətbiqi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, prokurorluğa müraciət imkanlarının genişlənməsinə, prokurorluğun fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə, prokurorluq işçilərinin fəaliyyətinə nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir. 

Prezident İlham Əliyev fəaliyyəti dövründə xalqına verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmişdir. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərlə yanaşı, Ümummilli lider Heydər Əliyevin 100 illiyini qeyd etdiyimiz bir vaxtda,  həmçinin Prezident İlham Əliyevin dövlətimizin başçısı kimi fəaliyyətinin 20 illiyində 24 saatdan da az bir müddətdə lokal antiterror tədbirlərinin uğurlu nəticəsi möhtəşəm Zəfərimizin zirvəsinə yüksəlmiş və 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa əbədi olaraq açmışdır. Bu tarixi qələbənin əhəmiyyəti milli inkişafımızda yeni bir dövrün əsasını qoymuşdur. Mühüm hadisələrlə Azərbaycan xalqı üçün əhəmiyyət daşıyan 2023-cü ildə iki əsrlik problemi həll etmiş, münaqişəyə "dəmir yumruq"la son nöqtəni qoymuş Prezident İlham Əliyev öz xalqı ilə birlikdə tariximizin yeni şanlı səhifəsini yazmışdır. 

Kamran MƏMMƏDOV,

Goranboy rayon prokuroru,

baş ədliyyə müşaviri.