AZƏRTAC-ın Qarabağ Zəfərinə dair analitik məqaləsi dünya mediasında geniş yer alıb
Digər xəbərlər

AZƏRTAC-ın Qarabağ Zəfərinə dair analitik məqaləsi dünya mediasında geniş yer alıb

Azərbaycanın 44 günlük Vətən müharibəsinə qazandığı şanlı Zəfərin ikinci ildönümü ilə bağlı AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının və UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanovun "Azərbaycanı Zəfərdən-Zəfərə aparan yollar" sərlövhəli analitik məqaləsi dünya mətbuatında geniş yer alıb.

AZƏRTAC xəbər verir ki, məqalə TRT-nin "Türkiyənin səsi" radiosunun rəsmi saytı, Türkiyənin "trt.net.tr", "turk-az.com" saytları, ABŞ-ın "Foreign Policy News" nəşri, İtaliyanın "Agenzia Nova" informasiya agentliyi və "Kmetro0" internet resursu, Rusiyanın "russia-on.ru" Ukraynanın "Newformat", "kyivdiplomatic.com", Moldovanın "noi.md" və "RUPOR" portalları tərəfindən yayımlanıb.

Azərbaycanın Qarabağ Zəfərindən bəhs edən bu analitik məqalə ərəbdilli mətbuatın da diqqət mərkəzində olub. Belə ki, məqalə Misirin nüfuzlu "Cümhuriyə" qəzetində, "Aldiplomasi", "Asiaelyoum", "Rayetmısr" informasiya portallarında, Küveytin "Dasmannews" nəşrində, Əlcəzairin "Əl Hərir" portalında, İordaniyanın "Əl Ənbat", "Oroba" və "Cohina" qəzetlərində dərc olunub. Bir sıra KİV-lər oxucularına məqalənin tam mətnini təqdim edib.

Qeyd edək ki, məqalədə Azərbaycanın iki il əvvəl apardığı ədalətli müharibədən, 30 il işğal altında qalmış ərazilərini cəmi 44 gün ərzində siyasi-hərbi yolla azad etməsindən, bu Qələbəni şərtləndirən mühüm amillərdən bəhs olunub. Qarabağ Zəfərinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərb meydanında, informasiya cəbhəsində və diplomatiya müstəvisində apardığı qətiyyətli mübarizənin, güclü iqtisadiyyat-güclü ordu konsepsiyasının, xalqın öz Lideri ətrafında sıx birləşməsinin nəticəsi olduğunu diqqətə çatdıran müəllif, həmçinin bu kontekstdə mülahizə və düşüncələrini bölüşüb.

AZƏRTAC