Bakı Beynəlxalq Astronavtika Konqresinin sərgi pavilyonunda 33 ölkədən 140-dan çox şirkətin stendi artıq quraşdırılıb
Gündəm

Bakı Beynəlxalq Astronavtika Konqresinin sərgi pavilyonunda 33 ölkədən 140-dan çox şirkətin stendi artıq quraşdırılıb

2-6 oktyabrda keçiriləcək 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresinin sərgi pavilyonunda 33 ölkədən 140-dan çox şirkətin stendi artıq quraşdırılıb.

"Respublika" xəbər verir ki, bu barədə sentyabrın 30-da "Azərkosmos"un Bakı Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyi məkana mediatur zamanı Azərbaycan Kosmik Agentliyi - “Azərkosmos”un İctimaiyyətlə əlaqələr və kommunikasiya qrupunun rəhbəri Fidan Behbudova bildirib.

Fidan Behbudova qeyd edib ki, oktyabrın 2-dən etibarən sərgi pavilyonu qeydiyyatdan keçmiş bütün iştirakçılar üçün açıq olacaq.

"Bu sərgi pavilyonu yeni biznes imkanlarına yol açacaq, burada çoxsaylı əməkdaşlıqlar və tərəfdaşlıqlar qurulacağına əminəm. Bura həm dövlət, həm özəl, həm də startap şirkətlərin əlaqələr qurması üçün əvəzsiz imkanlar yaradacaq bir platformadır", - deyə F.Behbudova vurğulayıb.

Mediatur zamanı Bakı Konqresində 250-dən çox media nümayəndəsinin qeydiyyatdan keçdiyini diqqətə çatdıran Fidan Behbudova bildirib ki, media iştirakçılarının 60-dan çoxu xarici KİV-lərdir.

"Azərkosmos" nümayəndəsi bildirib ki, ümumilikdə tədbirə 33 şirkət sponsor qismində dəstək göstərir.