Bakı şəhərinin Baş Planı layihəsi beynəlxalq mükafata layiq görülüb
İQTİSADİYYAT

Bakı şəhərinin Baş Planı layihəsi beynəlxalq mükafata layiq görülüb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Bakı şəhərinin Baş Planı Beynəlxalq Şəhər və Regional Planlaşdırma Cəmiyyətinin (ISOCARP - The International Society of City and Regional Planners) “Mükəmməlliyə görə” mükafatına layiq görülüb. Mükafat 85-dən çox ölkədən 700-dən çox fərdi və institusional üzvü özündə birləşdirən, tanınmış və peşəkar şəhərsalma mütəxəssislərinin qeyri-hökumət qlobal birliyi olan “ISOCARP” tərəfindən Brüssel şəhərində keçirilən növbəti “Dünya Planlaşdırma Konqresi” zamanı təqdim edilib.  Komitədən  bildirilir   ki, tədbirə müxtəlif ölkələrdən ümumilikdə 500 nəfərə yaxın nümayəndə heyəti qatılıb.

Konqresdə Azərbaycan Respublikası adından Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud iştirak edib. Təqdimat mərasimində çıxış edən Rüfət Mahmud Bakının Baş Planı layihəsinin hazırlanma prosesi haqqında ətraflı məlumat verib. Bildirib ki, Komitənin əməkdaşlıq etdiyi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma şirkəti ilə birlikdə işlənilmiş Bakı şəhərinin yeni Baş Plan konsepsiyasında paytaxtın 2040-cı ilədək olan dövr üçün inkişaf prioritetləri müəyyən olunub. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanan Bakı şəhərinin Baş Planı layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və təsdiq üçün tezliklə Nazirlər Kabinetinə təqdim ediləcək. Sənəd paytaxtın 213500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan dövr üçün şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsinin qorunması, habelə postsənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.

Bundan başqa, sənədə əsasən ekoloji durumun yaxşılaşdırılması istiqamətində çirklənmiş ərazilərin sağlamlaşdırılması, yaşıllıqların artırılması, əhalinin mobilliyini təmin edən çoxnövlü nəqliyyat sisteminin yaradılması üzrə təklif edilən tranzit qovşaqları, küçə-yol şəbəkəsi və “yaşıl hibrid dəhlizlər” üzrə həllər, şəhərin tarixi simasının qorunub saxlanılması məqsədilə xüsusi mühafizə zonasının yaradılması kimi tədbirlərin görülməsi planlaşdırılmışdır. 

Nəriman  CAVADOV,

“Respublika”.