Bakıda VI Robot Olimpiadası keçirilir
Elm və təhsil

Bakıda VI Robot Olimpiadası keçirilir

Sentyabrın 1-də Bakıda Milli Gimnastika Arenasında VI Robot Olimpiadasının açılış mərasimi keçirilib.

"Respublika" xəbər verir ki, açılış mərasimində, iştirakçı komandalar, komandalarda yarışan uşaqların valideynləri və tamaşaçılar iştirak ediblər.

Əvvəlcə Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəmanlarımız bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış edərək gənclərə uğurlar arzu edib. Diqqətə çatdırıb ki, artıq 6-cı dəfə respublikamızda Robot Olimpiadası təşkil olunur, builki Olimpiadada 160 komanda iştirak edir. Gənclər siyasətinin daim dövlətimizin başçısının diqqətində saxlanıldığını qeyd edən İndira Hacıyeva ölkəmizdə bu istiqamətdə geniş işlər görüldüyünü vurğulayıb.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov Olimpiada iştirakçılarının bəziləri ilə yaxından tanış olduğunu və gənclərdə bu sahəyə böyük maraq olduğunu bildirib: “Bu çox sevindirici haldır ki, belə gənc yaşda həmvətənlilərimiz həmin sahəyə böyük maraq göstərir", - deyə nazir müavini qeyd edib.

Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə keçirilən VI Robot Olimpiadası sentyabrın 3-nə kimi davam edəcək.

Olimpiadada “Robomission”, “Robosports”, “Future innovators” və “Future engineers” olmaqla dörd kateqoriya üzrə 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər yarışacaqlar.

Ümumilikdə bu kateqoriyalar üzrə respublikanın 20 rayon və şəhərindən 249 komanda qeydiyyatdan keçib. Onların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər keçirilib və final mərhələsində 160 komanda iştirak etmək hüququ qazanıb. Əlavə olaraq, finala vəsiqə qazanmış komandalara Qusar Olimpiya İdman Kompleksində layihələrini inkişaf etdirmələri üçün yay düşərgəsi təşkil edilib. Düşərgə müddətində gənclərə müxtəlif interaktiv təlimlər keçirilib.

Qeyd edək ki, VI Robot Olimpiadasında qalib olmuş komandalar bu il noyabrın 7-9-da Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.