Uğurlar daha məsuliyyətlə işləməyə ruhlandırır
Elm və təhsil

Uğurlar daha məsuliyyətlə işləməyə ruhlandırır

Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-lisey rayonun nümunəvi təhsil ocaqlarından biridir. Məktəbin işgüzar pedaqoji kollektivinin gərgin səyi nəticəsində təhsil ocağının uğurları ildən-ilə artır. Ötən 2021-2022-ci tədris ilini müvəffəqiyyətlə başa vuran bu qabaqcıl təhsil müəssisəsində yeni dərs ilinə də yaxşı hazırlıq görülüb.

Bu günlərdə məktəbə baş çəkdik. Ötən dərs ilinin yekunları və yeni dərs ilinə hazırlıq işləri ilə maraqlandıq. Məktəbin direktoru Rasim Muradov bu barədə bizimlə söhbət zamanı bildirdi ki, ötən dərs ilində məktəbimizdə 1648 şagird təhsil almışdır. Onlardan 108 nəfəri XI sinfi bitirmişdir. Məzunlarımızdan 66 nəfəri respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdur. Qəbul imtahanlarında 16 şagirdimiz 500 baldan yuxarı nəticə göstərmişdir. Respublika Fənn Olimpiadasında (RFO) coğrafiya fənni üzrə yüksək nəticə əldə edərək "Qızıl medal"a layiq görülmüş  Fərhad Bəkirov məktəbi də qızıl medalla bitirərək yüksək balla Azərbaycan Ali Neft Məktəbinə qəbul olunmuşdur. RFO-da bürünc medala layiq görülmüş Nəriman İsrafilov da məktəbi qızıl medalla bitirərək xüsusi attestat almış, yüksək balla Prezident yanında Ali İdarəçilik Akademiyasına daxil olmuşdur. Qəbul imtahanlarında məktəbimiz üzrə ən yüksək nəticə göstərən məzunumuz Nuranə Əsgərova 667 bal toplayaraq Ali Neft Məktəbinin tələbəsi adını qazanmışdır. 620 bal toplayan daha bir məzunumuz Aysu Güləmirli də Prezident yanında Ali İdarəçilik Akademiyasında təhsil alacaq.

Şagirdlərimiz ümumi orta təhsili də yaxşı nəticələrlə başa vurmuşlar. Sevindirici haldır ki, onlardan 12 nəfəri fərqlənmə attestatı almışdır. XI sinfi bitirən 12 nəfər məzunumuz da fərqlənmə attestatına layiq görülmüşdür. Bütün bunlardan savayı, ötən dərs ilində şagirdlərimiz respublika yarışlarında, müsabiqələrində layiqli yerlər tutmuşlar. Məktəbimizin IX sinif şagirdi Nigar Əliyeva Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən "Düşünən oxucu" müsabiqəsinin qalibi olmuş və mükafata layiq görülmüşdür. Daha bir şagirdimiz isə RFO-da 3-cü yeri tutmuşdur.

Yeri gəlmişkən deyim ki, müəllimlərimiz təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanlarında uğur qazanmışlar. Rus bölməsi üzrə ibtidai sinif müəllimləri Gülzaman Manafova 56, Alidə Məmmədova 53, Mətanət Həsənova 52, Həcər Dostiyeva 52, Könül Eldarova 50 bal toplayaraq yüksək nəticə göstərmişlər. Onu da qeyd edim ki, müəllimlərin imtahan qiymətləndirilməsindən yüksək balla keçən 2 nəfər müəllim məktəbimizdə əmək fəaliyyətinə başlayacaqdır.

Məktəb direktoru yeni dərs ilinə hazırlıqla bağlı görülən işlərdən danışaraq qeyd etdi ki, qarşıdakı dərs ilinə məktəbimizdə çox ciddi hazırlıq görülüb. 2022-2023-cü tədris ilində məktəbimizdə 1660 nəfər şagird oxuyacaq ki, onlardan 90 nəfəri 1-ci sinfə, 71 nəfəri isə hazırlıq qrupuna gedəcəkdir.

Məktəb binası da cari təmir olunmuşdur. İdman zalları, fənn kabinetləri, sinif otaqları, dəhlizlər, sanitar qovşaqları səliqə-sahmana salınmış, elektrik sistemi yenilənmişdir. Müəllimlər arasında dərs bölgüsü başa çatmış, şagirdlər dərsliklərlə təmin olunmuşlar. Onu da qeyd edim ki, bu dərs ilində də texniki, humanitar, təbiət və iqtisadiyyat təmayüllü siniflərdə dərslər davam edəcəkdir. Qarşıda pedaqoji kollektivimizi daha məsuliyyətli tədris ili gözləyir. Hədəfimiz respublika miqyaslı fənn olimpiadalarında və yarışlarda uğurla iştirak etmək, nailiyyətləri ikiqat artırmaqdır.

Ziyafəddin BAYRAMOV,

"Respublika".