Ballıqaya qətliamı
Tarix

Ballıqaya qətliamı

XX əsrin əvvəllərindən başlayan erməni zülmü 90-cı illərdə davam etmişdir. Eləcə də İkinci Qarabağ müharibəsində döyüşlərlə, cəbhə bölgəsi ilə əlaqəsi olmayan, Gəncə və Bərdə şəhərlərinə atılan raketlər nəticəsində onlarla dinc vətəndaş həyatını itirmişdir. Cənubi Qafqazın qaniçən cəlladları belə vəhşi əməlləri ilə sübut etmişdir ki, onların xalqımıza qarşı düşmənçiliyi heç də tək ərazi məsələsi ilə bağlı deyil. Mənsub olduğumuz milli kimlik ermənilər tərəfindən qətliamların icra olunmasına yüz minlərlə vətəndaşımızın dədə-baba torpaqlarından didərgin salınması üçün kifayət edib.

1988-ci ildən etibarən ermənilərin Qarabağda başlatdığı "Miatsum" hərəkatı nəticəsində həm indiki Ermənistan ərazisində, həm də Qarabağ və ətraf rayonlarda etnik qarşıdurmalar baş verdi. 250 mindən çox azərbaycanlı əzəli yurd yerlərindən deportasiyaya məruz qaldı. Həmçinin Qarabağı Ermənistana birləşdirmək cəhdi güdən ermənilər bu ərazidə yaşayan azərbaycanlılara qarşı amansız şəkildə divan tutaraq Xocalı soyqırımını törətdilər. Bundan əvvəl isə erməni hərbi birləşmələrinin 1992-ci il fevralın 14-də Xocavəndin Qaradağlı kəndinə hücumu nəticəsində 118 nəfər  Qaradağlı kənd sakini əsir götürüldü.  Onların çoxu vəhşicəsinə qətlə yetirildi.

1992-ci il aprel ayının 8-də Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş soyqırımı hadisəsi Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmışdır. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilmiş, 67 nəfər isə amansızlıqla qətlə yetirilmişdir. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecədə Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı törədilən soyqırımı ermənilərin hansı xislətə və düşüncəyə sahib olduğunu göstərən bir hadisədir.  Qoca, qadın, uşaq demədən hər kəsi gülləbaran edən erməni vandalları yüzlərlə sakini amansız şəkildə qətlə yetirmişdir.

Avqustun 28-i Azərbaycan xalqının tarixində daha bir amansız erməni vəhşiliyi kimi yaddaşlarda qalıb.  Hadisə 1992-ci ildə Goranboy rayonunun Ballıqaya kəndində baş verib. Laçın rayonu işğal olunandan sonra isti ocaqlarından didərgin düşən soydaşlarımız ölkəmizin müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Yaxın qohumluq münasibətləri olan 6 ailə isə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazisində yaşamağa davam ediblər. Avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya sırf heyvandarlıq məşğuliyyətini davam etdirmək məqsədilə gəliblər.

1992-ci il avqustun 27-dən 28-nə keçən gecə bir qrup erməni diversantı kəndə hücum edir. Hücum zamanı erməni quldur dəstələri Laçından məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri yaralayıblar. Qətlə yetirilənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb. Ballıqayada öldürülənlər arasında 93 yaşında qoca qadın da olub. Həyatını itirənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub. 9 nəfər isə ağır yaralanıb. Bu faciə Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədilə baş tutan silsilə qırğınlardan biridir. Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində saxlanılır.

İnanırıq ki, gün gələcək bu faciəni törədən, əli azərbaycanlı qanına bulaşmış hər bir qatil öz layiqli cəzalarını alacaqlar. Bir müddət əvvəl Meşəli soyqırımını törədənlərdən biri - Vaqif Xaçaturyan adlı erməni  "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb Bakıya gətirilməsi digər cinayətkarların da tutulacağına ümid yaradır. Torpaqlarımızın işğaldan azad olunmasından sonra Laçında qurulan sərhəd-buraxılış məntəqəsi artıq Qarabağdan Ermənistana hərəkət edən hər kəsin kimliyini yoxlamağa əsas verir. Və Azərbaycan dövlətinin əlində olan hüquqi baza imkan verəcək ki,  hər bir qatil erməni illər əvvəl törətdiyi cinayətlərə görə ədalət qarşısında cavab versin.

Musa BAĞIRLI,

"Respublika".