GƏNCƏ TERRORU BƏŞƏRİ CİNAYƏTDİR...
Tarix

GƏNCƏ TERRORU BƏŞƏRİ CİNAYƏTDİR...

Vətən müharibəsi dövründə ölkənin ikinci böyük şəhəri olan qədim Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulmasından üç il ötür. Həmin gecə neçə-neçə ailələr gözüyaşlı, körpə uşaqlar atasız-anasız qaldı... Zaman keçir. Uşaqlar böyüyür, ancaq o dəhşətli gecədə yaşananlar yaddaşlarda əbədi həkk olundu. Və amansız, dünyaya sığmayan bu bəşəri cinayət Gəncə tarixində silinməz bir yaraya çevrildi... Vətən müharibəsi dövründə ölkənin ikinci böyük şəhəri olan qədim Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulmasından üç il ötür. Həmin gecə neçə-neçə ailələr gözüyaşlı, körpə uşaqlar atasız-anasız qaldı... Zaman keçir. Uşaqlar böyüyür, ancaq o dəhşətli gecədə yaşananlar yaddaşlarda əbədi həkk olundu. Və amansız, dünyaya sığmayan bu bəşəri cinayət Gəncə tarixində silinməz bir yaraya çevrildi...

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutuldu. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verildi. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlandı və İkinci Qarabağ müharibəsinə çevrildi. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdı. Məhz ölkə Prezidenti cənab İlham Əliyev idarəçilik təcrübəsi, yüksək intellektual potensialı, geniş təfəkkürlü, optimal və çevik qərarları, uzaqgörən siyasəti ilə xalqı səfərbər edərək tarixi qələbəni reallaşdırdı. 44 günlük müharibədə müzəffər ordumuz düşmən tapdağı altında olan ərazilərimizi işğaldan azad etdi.

İşğalçı Ermənistan silahlı qüvvələri cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncəni beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq növbəti dəfə atəşə tutdu. Qana susayan erməni qəsbkarları insanlıqla bir araya sığmayan yeni qətl törətdilər... Gecəyarı, dinc əhali yuxuda ikən mənfur ermənilərin atdığı raketin törətdiyi faciə dünya ictimaiyyətində faşizm, barbarlığın iyrənc nümunəsi kimi müzakirə olunduğu bir zamanda azğın düşmən daha bir faciəyə öz şərəfsiz imzasını atdı. Bəşəriyyətə sığmayan bu terror hadisəsi nəticəsində çoxlu sayda vətəndaşların mülkləri dağıldı, həlak olanlar və yaralananlar oldu. Müxtəlif təyinatlı obyektlərə külli ziyan dəydi.

Bu terror, Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarlığın və Ermənistanın hərbi-siyasi rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığının növbəti bariz göstəricisi idi. Belə ki, Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından təxminən 100 kilometr kənarda yerləşən Gəncənin mərkəzi, əhalinin sıx yerləşdiyi ərazi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə intensiv atəşə tutuldu. Ümumilikdə şəhər 5 dəfə raket və ağır artilleriya ilə bombardman edildi. Nəticədə 26 mülki şəxs həlak oldu, 142 nəfər yaralandı, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.

Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlərdən, ağır artilleriya qurğularından atəşə tutuldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu hadisə ilə bağlı qeyd etmişdi ki, "Bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır. İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm "Toçka-U", həm "SCUD" raketləri ilə atəşə tutulurdu".

Gəncə terrorunun xronikasına nəzər salaq: Gəncənin raket atəşinə tutulması birinci dəfə oktyabrın 4-də "TOÇKA" ballistik raketi ilə həyata keçirildi. Əfsuslar ki, raketin törətdiyi fəsadları işğalçı, nankor Ermənistan rəhbərliyi öz üzərinə götürmədi. Əvvəllər olduğu kimi, bəhanələr gətirdi. Amma fakt yerində idi. Bütün dünya bunun şahidi oldu. Havadarlarına güvənən şovinistlər bu azmış kimi 5 oktyabrda ikinci raketi Gəncənin ən məşhur, əhali sıx olan ərazisinə atdılar. Xoşbəxtlikdən bu dəfə insan tələfatı olmadı, 3 nəfər mülki şəxs müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirildi. Şah İsmayıl Xətai prospektində yerləşən ticarət mərkəzinə külli miqdarda ziyan dəydi. Bundan başqa, gəncəlilərin inanc yeri olan müqəddəs "İmamzadə" dini kompleksində də dağıntılar oldu. Artıq Gəncə sakinləri ehtiyatla davranırdılar. Bilirdilər ki, erməni xisləti türk qanına susayıb. Xain düşmən 3 gün ara verərək oktyabrın 8-də gecə saatlarında, insanların yatdığı bir zamanda növbəti üçüncü raketini atdı. Yaxşı ki, ölən və yaralanan qeydə alınmadı, amma evlərə və avtomobillərə ciddi ziyan dəydi. Yenidən 11 oktyabrda gecə saat 02:00 radələrində "Skad" ballistik raketləri ilə bombardman edərək, şəhərə görünməmiş zərbə endirdilər. Dağıntı həddindən artıq çox idi, sakinlərin 31 mənzili tamamilə dağıldı, əhatəsində olan obyektlər sıradan çıxdı. Eyni zamanda 95 mənzil qəzalı vəziyyətə düşdü. 10 nəfər həlak oldu, 40 nəfər müxtəlif xəsarət alaraq xəstəxanalara köçürüldü. Azərbaycanın və bəşəriyyətin qınağına heç bir reaksiya verməyən terrorçu Ermənistan rəhbərliyi 17 oktyabrda gecə saat 01:00-da növbəti ən ağır cinayətini həyata keçirdi. Terror hadisəsi insan tələfatı və külli miqdarda dağıntılarla nəticələndi. Xeyli sayda insan sağlamlığına və əmlakına dəyən ziyanla yanaşı, mənəvi-psixoloji sarsıntıya məruz qaldı. Həmin gün 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirdi, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır xəsarətlər aldı. Onu da qeyd edək ki, ümumilikdə, Gəncəyə olan terror aktı nəticəsində 26 nəfər həlak olmuşdur. Onlardan 1-i körpə, 5-i uşaq, 10-u qadın idi. Bu dəfə də 20 ev tamamilə dağıldı, gecə olduğundan insanlar dağıntılar altında qaldılar. 16 nəfər öz həyatını itirdi, 55 nəfər müxtəlif xəsarət alaraq xəstəxanalara yerləşdirildi.

Müsahibimiz İbrahim Məmmədov öz fikirini bizimlə bölüşdü: "Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirdi. Düşmənin yaşayış binalarını raket atəşinə tutması nəticəsində Gəncədə və ətraf rayonlarda böyük dağıntılar var idi. Amma Gəncə sakinləri qorxmadan dağıntı altında qalan insanlara kömək edir, uşaqları ovundurur, evlərinə aparırdı. İsti paltar gətirənlər, ərzaq gətirənlər yetərincə idi. Bəli, budur insanlıq, fədakarlıq və humanizm…".

Gəncədə terror vaxtı möcüzə nəticəsində sağ qalmış 2 yaşlı Nilayın mərhum ata və anası oktyabrın 18-də ad gününü qeyd edəcəkdi. Budur erməni vəhşilərinin iç üzü... Xarabalıqlara çevrilmiş ərazilərdə ağlayan, sızıldayan insanları görən xarici diplomatlar, qonaqlar, jurnalistlər və turistlər bir daha erməni şovinistlərin iç üzünü yaxşı görür, onlara, lənətlər yağdırırlar.

Lakin baş verən bütün bu hadisələr gəncəlilərin əzmini qırmadı. Nikbin olan gəncəlilərin hər biri zəfər əzmi ilə yaşadı: "Təki Vətən sağ olsun, Qarabağımız işğaldan azad olunsun" - deyirdilər. Onların arzuları çin oldu… Azərbaycan xalqı heç vaxt bu işğalla barışmadı və qələbə bizimlə oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və titanik səyi nəticəsində Ordumuzun şücaəti və xalqın dəstəyi ilə Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edilməsinə nail olundu. Haqq-ədalət bərpa olundu. Şəhidlərimizin qisası alındı.

Azərbaycan xalqı xain ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmır, Azərbaycan Ordusu yalnız hərbi obyektləri susdurub, işğalçını öz torpaqlarımızda məhv edir… Bu, bir daha Azərbaycan xalqının humanistliyini, böyüklüyünü, düzgünlüyünü təsdiq edir. Bunu bütün bəşəriyyət görür və qiymətləndirir. Bu gün də "dəmir yumruq" yerindədir və düşmənin hər yanlışı onun üçün faciə ilə nəticələnə bilər. Bəli, tam əminliklə deyə bilərik ki, "Mən hər bir azərbaycanlının Prezidentiyəm!", - deyən dövlətimizin müdrik başçısı dediklərini əməli işlərlə təsdiqləyir.

Zabit XƏLİLOV,

"Respublika".