Baş Prokurorluğun əməkdaşları “İnformasiyaya və rəsmi sənədlərə çıxış
Digər xəbərlər

Baş Prokurorluğun əməkdaşları “İnformasiyaya və rəsmi sənədlərə çıxış" mövzusunda təlimdə iştirak ediblər

Avropa Şurasının Bakı Ofisinin və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə prokurorluq orqanlarının əməkdaşları və vəkillər üçün "Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi" layihəsi çərçivəsində "İnformasiyaya və rəsmi sənədlərə çıxış" mövzusunda keçirilmiş təlimdə Baş Prokurorluğun əməkdaşları iştirak ediblər.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə Bakıda yerləşən "JW Marriott Absheron" mehmanxanasında əyani formatda sinxron tərcümə təmin olunmaqla Azərbaycan və ingilis dillərində keçirilib. Tədbir iki hissədən ibarət olmaqla hər bir mövzunun ardınca sual-cavab sessiyaları, eləcə də təlim iştirakçılarını ssenarilərə və praktiki işlərin araşdırılmasına cəlb etməklə keçirilib.

Avropa Şurasının Bakı Ofisinin rəhbəri səfir Zoltan Hernyes, Azərbaycan Respublikası Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov və təlimçi Nevena Ruziç "İnformasiyaya çıxış - beynəlxalq resurslar", "İnformasiyaya çıxış - insan hüququ olaraq" və "İnformasiyaya çıxış və fərdi məlumatlar arasında balansın müəyyən edilməsi" mövzularında mühazirələrlə çıxış ediblər.

Təlim çərçivəsində təqdim olunmuş kazuslara əsasən, iştirakçılar problemlərin həlli yollarını müəyyənləşdirməklə öz fikirlərini səsləndirərək təlimdə fəal iştirak ediblər. Tədbirdə əldə edilmiş biliklərdən prokurorluq orqanlarında peşə hazırlığının keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən tədbirlər zamanı istifadə edilməsi qərara alınıb.

AZƏRTAC