Baş Prokurorluq: Rusiyadan 3 nəfərin ölkəmizə ekstradisiyası təmin edilib
Digər xəbərlər

Baş Prokurorluq: Rusiyadan 3 nəfərin ölkəmizə ekstradisiyası təmin edilib

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Abbasov Vüqar Tiflis oğlu, Bədəlov Əzizağa Şabi oğlu və Səlimov Həbib Pərviz oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Vüqar Abbasovun xeyli miqdarda ziyan vurmaqla oğurluq, Əzizağa Bədəlovun xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq və Həbib Səlimovun isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiyanın ərazisində saxlanılaraq bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.