Bəhreyn Dialoq Forumunun açılış mərasimi olub
Digər xəbərlər

Bəhreyn Dialoq Forumunun açılış mərasimi olub

Bəhreynin paytaxtı Manamada Müsəlman Ağsaqqallar Şurası, Kral Həməd Beynəlxalq Mərkəzi və Bəhreyn Ali İslam Şurasının təşkilatçılığı ilə müxtəlif ölkələrdən 200-dən çox dini lider, o cümlədən Əl-Əzhər Böyük imamı Əhməd ət-Tayyib, Roma Papası Fransisk, habelə ilahiyyatçı alimlərin iştirak etdiyi "İnsanların birgəyaşayışı naminə Şərq-Qərb dialoqu" mövzusunda Bəhreyn Dialoq Forumunun açılış mərasimi olub. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iştirak edir.

AZƏRTAC xəbər verir ki, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin himayəsi ilə keçirilən Forumun açılış mərasimində çıxış edən Bəhreyn Ali İslam Şurasının sədri Şeyx Əbdülrəhman bin Məhəmməd Əl Xəlifə bu tədbirdə Bəhreyn Kralı tərəfindən təsis olunmuş Kral Həməd Dialoq və Sülh Birgəyaşayışı Mükafatının təqdimatının olunacağını bildirib.

Mərasimdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, BƏƏ-nin tolerantlıq və birgəyaşayış məsələləri naziri Şeyx Nahyan bin Mübarək Al Nahyan, İstanbul Fənər Patriarxı Bartolomey, BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Mİqel Angel Moratinos müxtəlif dinlərə və məzhəblərə mənsub olan insanların sülh və əmin-amanlıq şəraitində birgəyaşayışı məsələlərindən danışıblar.

Noyabrın 4-də Forum çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin də iştirakı ilə Əl-Əzhər Baş İmamı Şeyx Əhməd Ət-Tayyibin sədrliyi ilə Müsəlmanlar Ağsaqqallar Şurasının 16-cı iclası keçiriləcək.

İclasda müsəlman dünyası ilə bağlı bir sıra aktual məsələlər, o cümlədən Qərbdəki müsəlman icmalarına dəstək, davam edən qlobal humanitar böhranlar, eləcə də iqlim problemləri və dini liderlərin onun mənfi təsirlərinin qarşısının alınmasında rolu, İslam məzhəbləri arasında dialoqun təşviqi, müsəlman-xristian münasibətləri və qlobal dini təşəbbüslərə dəstək mövzuları müzakirə olunacaq. Şuranın üzvləri, həmçinin islamofobiya ilə mübarizə, gənclər arasında ailə dəyərlərinin mühafizə olunması məsələləri ətrafında da fikir mübadiləsi aparacaqlar.

AZƏRTAC