Beynəlxalq arenada uğurlu platforma
Siyasət

Beynəlxalq arenada uğurlu platforma

Dünyada müşahidə edilən proseslərə nəzər yetirsək deyə bilərik ki, indiki dövrdə bir çox dövlətlərin uğurlu inkişafı yalnız daxili amillərlə deyil, apardığı xarici siyasətlə də müəyyən olunur. Belə ki, Azərbaycanın çoxvektorlu xarici siyasəti də bu mənada diqqətəlayiqdir. Dünya dövlətləri ölkəmizin uğurlu xarici siyasətini, həmçinin Azərbaycanda gedən demokratik prosesləri maraqla izləyir, bunu yüksək qiymətləndirirlər.

Azərbaycan daim beynəlxalq miqyasda baş verən proseslərə öz müsbət təsirini göstərməyə çalışır, yeni qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüsləri irəli sürür. Son illərdə Azərbaycanın humanitar və mədəniyyətlərarası dialoq forumlarına, beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etməsi artıq bir ənənə halını alıb. Bütün bunlar beynəlxalq səviyyədə respublikamıza olan yüksək inamın və inkişafın təzahürüdür. Bir sözlə, Azərbaycan regionun ən güclü və suveren ölkəsinə çevrilib. Bu gün Azərbaycan regionda işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirir və bundan bütün tərəflər fayda götürür.

Respublikamız xoş məramı və davamlı töhfələri ilə üzv olduğu beynəlxalq təşkilatların funksionallığının artmasında mühüm rol oynayır ki, ölkəmizin tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatında (QH) uğurlu fəaliyyəti də buna yaxşı nümunədir. Azərbaycan 2011-ci ildə QH-ya tamhüquqlu üzv kimi qəbul olundu. Qısa zaman ərzində respublikamızın qurumun üzvlüyündən onun sədrliyinə yüksəlməsi yüksək inam və etimadın göstəricisidir.  2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə qərar qəbul edildi. 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olundu. Ölkəmizin təşkilata sədrliyi 2022-ci ildə bitməli idi. Lakin Azərbaycanın uğurlu və səmərəli fəaliyyətinin yüksək dəyərləndirilməsinin nəticəsi olaraq sədrlik dövrü daha bir il uzadıldı. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşa razılaşması əsasında QH-ya üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı ki, bu da 2022-ci il 25-29 iyul tarixində ölkəmizdə keçirilən toplantıda baş tutdu. Bu təşkilatın yaradılması hərəkata üzv dövlətlərin nümayəndələri tərəfindən müsbət qarşılandı. Həmçinin bunu da qeyd etmək lazımdır ki, məhz Azərbaycanın təklifi əsasında 4 may 2020-ci il tarixində QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü keçirildi. Ölkə başçısı İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü də bütün dünyada əks-səda doğurdu. 150-dən artıq dövlət bu təşəbbüsə öz dəstəyini bildirdi və xüsusi sessiya 3-4 dekabr 2020-ci il tarixlərində keçirildi. Bundan başqa, həmçinin yenə ölkəmizin təşəbbüsü ilə hərəkatın tarixində ilk dəfə olaraq keçirilən QH Modeli Beynəlxalq Simulyasiya Təlimi Azərbaycanın Qoşulmama Hərəkatına yüksək səviyyədə ev sahibliyi etdiyinin göstəricisidir. Danılmaz faktdır ki, həmin dövrə qədər Qoşulmama Hərəkatı indiki qədər nüfuz sahibi deyildi. Məhz Azərbaycanın, ölkə başçımızın liderliyi ilə həyata keçirilən tədbirlər QH-nin nüfuz dairəsini genişləndirdi.

23 mart 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə qəbul edildi. Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Bununla yanaşı, cari il oktyabrın 12-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qətnamə qəbul edilib. Şurada qəbul edilmiş bu qətnamə inkişaf hüququ üzrə özündə hüquqi öhdəlikləri ehtiva edən beynəlxalq sənədin ilk dəfə olaraq BMT Baş Assambleyasına təqdim edilməsinə yol açır.

Ölkəmiz hərəkata sədrliyi dövründə çoxsaylı addımlar atıb, inkişaf etməkdə olan ölkələrin mövqe və maraqlarının beynəlxalq müstəvidə irəlilədilməsi istiqamətində aktiv və nəticəyönümlü fəaliyyət göstərib. Şübhə yoxdur ki, BMT-dən sonrakı ən böyük platforma kimi QH-nin fəaliyyət istiqamətləri Azərbaycanın vasitəçiliyi daha da artacaq, Qoşulmama Hərəkatı müasir çağırışlara adekvat yanaşma sərgiləyən qurum kimi öz fəaliyyətini daha da genişləndirəcəkdir.

Röya RÜSTƏMLİ,

"Respublika".