Beynəlxalq Qırmızı Xaç Komitəsi obyektivliyi qorumur
Digər xəbərlər

Beynəlxalq Qırmızı Xaç Komitəsi obyektivliyi qorumur

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti xanım Mirjana Spoljariç Eqqerə açıq məktub ünvanlayıb. Məktubda Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin BQXK-nın Azərbaycandakı fəaliyyətindən ciddi narahatlıqları ifadə olunub.

Məktubu imzalayan QHT nümayəndələrindən biri də "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimlidir.

Məsələ ilə bağlı açıqlama verən Zaur İbrahimli bildirir ki, Azərbaycan vətəndaş cəmiyyəti Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan siyasi rəhbərliyinin bölgədə sülhə təhlükə yaradan, eləcə də Azərbaycanın Qarabağ bölgəsində separatçıların təxribatçı, təhrikçi əməllərinə loyal yanaşması ilə bağlı narahatlıq ifadə edir: "Təəssüf ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi mandatına, missiyasına zidd olaraq obyektivliyi qorumur, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü ilə bağlı məsələlərdə beynəlxalq hüquq və normaları çərçivəsində deyil, subyektiv yanaşır. Komitənin tərəfsizliyini qorumaması, Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə qarşı Qarabağ bölgəsində separatçı qüvvələrin, həmçinin Ermənistan siyasi rəhbərliyinin təxribatları ilə bağlı sərt mövqe sərgiləməməsi Azərbaycan ictimaiyyətini çox narahat edir. Azərbaycanın suverenliyi ilə bağlı məsələlərdə, ikili yanaşması separatçı, əməllər üçün motivasiya yaradır. Hesab edirik ki, komitə Azərbaycana münasibətdə öz mövqeyini yenidən nəzərdən keçirməlidir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin mandatı, onun xüsusi statusu təşkilata olan inam və etibardan qaynaqlanır. Komitə bu cür fəaliyyəti ilə öz cavabdehliyini arxa plana keçirir və ümumilikdə, humanitar missiyasına kölgə salır. Qurumun rəhbərliyi öz məsuliyyətini, cavabdehliyini və məsuliyyətsiz davranışını, tərəf tutmağın yaratdığı riskləri düzgün dəyərləndirməlidir. Azərbaycan vətəndaş cəmiyyəti məhz bu məsələləri vurğulayaraq komitənin səhvlərini aradan qaldırması və təkrarlamamasına nail olmaq üçün davamlı çağırışlar edir.

Məktubda, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşən 4 min nəfərə yaxın azərbaycanlının taleyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparmağın vacibliyi də diqqətə çatdırılır. Komitə erməni işğalına, onun nəticələrinə göz yuma bilməz".

Musa BAĞIRLI,

"Respublika".