Ölkəmizə qarşı yönələn təhdidləri dəf etməyə hazır müasir, peşəkar donanma
Digər xəbərlər

Ölkəmizə qarşı yönələn təhdidləri dəf etməyə hazır müasir, peşəkar donanma

Ümummilli lider Heydər Əliyevin müvafiq fərmanına əsasən hər il avqustun 5-i Azərbaycan Respublikasında Hərbi Donanma Günü kimi qeyd olunur. Bu günün tarixinə nəzər salsaq görərik ki, 1992-ci il iyunun 26-da "Bakılı" keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılmışdır. 1996-cı ildə isə Ali Hərbi Dənizçilik Məktəbi əsasında Dəniz Akademiyası təşkil olunmuşdur. Hazırda ordumuz sürətlə inkişaf edir. Azərbaycan ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclü ordulardan hesab olunur. Çünki dövlətimiz hərbi gücünü artırmaq üçün hər il milyardlarla dollar vəsait sərf edir. Taktiki və strateji planlaşdırmalar, eləcə də yüksək səviyyəli hərbi təlimlərin keçirilməsi də ordumuzun qüdrətinin artmasına öz müsbət təsirini göstərir.

Xüsusi vurğulamaq lazımdır ki, ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyəti, həmçinin texniki təchizatı, zabit kadrların hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu hər bir müstəqil dövləti dünya birliyində layiq olduğu yerə gətirən faktorlar sırasındadır. Bu amillər həm də geopolitik faktor kimi ölkələrin beynəlxalq aləmdəki qlobal və regional yerini də tənzimləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan ordusu keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Zəngin təbii sərvətlərə, əlverişli və strateji coğrafi mövqeyə sahib olan Azərbaycan tarix boyu güclü dövlətlərin təzyiqlərinə, hərbi təcavüzlərə məruz qalmışdır. Bütün bunlara baxmayaraq, xalqımız öz mövcudluğunu qoruyub saxlamış, düşmənə qarşı mübarizədə hünər, qəhrəmanlıq nümunələri göstərmişdir. 1918-ci il iyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərarın qəbul olunması ilə Azərbaycanda milli ordunun təməli qoyulmuşdur. Bu tarix həm də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının başlanğıc tarixi kimi qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətimizin hərbi dəniz donanması da yaradılmışdır. 1919-cu ilin yayında ingilislər Bakıni tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil vermişlər. Azərbaycan məhz bu gəmilərin əsasında Xəzər hərbi dəniz donanmasını təşkil etmişdir. Həmin ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycanın hərbi missiyası donanma üçün xaricdən 6 toplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi toru, 10 sahil toru, simsiz teleqraf qurğuları və s. almışdı. Beləliklə, "Astrabad", "Qars" və "Ərdahan" hərbi gəmilərin komandirliyi azərbaycanlı kapitanlara tapşırılmışdır. Əfsuslar olsun ki, hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi planları aprel işğalı nəticəsində həyata keçirilə bilmədi. Daha sonra isə bolşeviklərin Azərbaycana gəlişi ilə hərbi donanma ləğv olundu. SSRİ dağıldıqdan sonra isə ölkəmizdə hərbi dəniz donanmasının yenidən təşkilinə əlverişli şərait yarandı.

1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradıldı. Həmin ildə keçmiş SSRİ-nin Hərbi Dəniz Donanmasının Qırmızı Bayraqlı Xəzər Donanması Bakı və Moskva arasında bölünmüş, o vaxtdan etibarən Azərbaycanın milli hərbi dəniz qüvvələrinin yeni tarixi başlamışdır. Xəzər Hərbi Dəniz Donanmasının 25 faizi və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının ixtiyarına verilmişdir. "Azərbaycan Respublikasının Hərbi Dəniz Bayraqları haqqında" 4 noyabr 1997-ci il tarixli qanuna əsasən isə hərbi və köməkçi gəmilərdə qaldırılan bayraqlar haqqında əsasnamə qəbul edildi. 7 avqust 2000-ci ildən etibarən Hərbi Dəniz Qüvvələrinin bayraqları bütün gəmilərdə qaldırıldı. Bundan başqa, Türkiyə və Azərbaycan Hərbi Dəniz Qüvvələri arasındakı hərbi əməkdaşlıq müqaviləsinə əsasən P-223 kiçik artilleriya kateri Azərbaycana hədiyyə olunmuşdur. 22 iyul 2000-ci ildə İzmir şəhərindən səfərə başlamış, (Türkiyə, Ukrayna, Rusiya) ərazisindən 5 dəniz, 3 boğaz, 2 çay və onları birləşdirən 18 hovuzu keçərək 2345 dəniz mili məsafəni qət etmiş, 7 avqust 2000-ci ildə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin zabitləri tərəfindən əsas bazaya gətirilmişdir. Daha bir məqamı da qeyd etmək lazımdır ki, Hərbi Dəniz Qüvvələrinin Xüsusi təyinatlı mərkəzinin şəxsi heyəti Türkiyə və ABŞ Dəniz Piyadaçıları ilə birgə bir sıra təlimlərdə iştirak etmişlər. Zabit kadrların ixtisas hazırlığının yüksəldilməsi məqsədilə xarici ölkələrlə təcrübə mübadilələri aparılmış, zabit heyətinin beynəlxalq tədbirlərdə iştirakı təmin olunmuşdur. Döyüş hazırlığı planına əsasən Xəzər hövzəsinin cavabdehlik zonasında əlverişli əməliyyat rejiminin saxlanılması, sualtı ixrac neft-qaz boru kəmərlərinin və platformalarının mühafizəsinin təmin edilməsi məqsədilə hər il Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin və hərbi gəmilərinin iştirakı ilə Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin birgə təlimləri baş tutur. Hazırda da müxtəlif ölkələrin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə mühüm addımlar atılır. Fərqli dövlətlərin beynəlxalq standartlara cavab verən təcrübələri bu gün ölkəmizdə müvafiq sahə üzrə tətbiq edilir.

Nəzrin ELDARQIZI,

"Respublika".