Beynəlxalq Qırmızı Xaç Komitəsi öz funksiyasını yerinə yetirmir
Digər xəbərlər

Beynəlxalq Qırmızı Xaç Komitəsi öz funksiyasını yerinə yetirmir

Təəssüf ki, beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutmalarının uzun illərdir ki, şahidiyik. İkinci Qarabağ müharibəsinə qədər heç bir məsələyə qarışmayan və ya həll yolu tapmaq üçün addım atmayan təşkilatlar bu gün sülh və ərazi məsələlərində öz mövqelərini tətbiq etməyə çalışır.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) də 30 il ərzində Birinci Qarabağ müharibəsində əsir və itkin düşən 4 min Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirmək məsələsində əfsuslar olsun ki, heç bir addım atmayıb. Həmçinin qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə də, Avropa İttifaqı Şurası tərəfindən keçirilən görüşlərdə tez-tez qaldırılan bu məsələ öz həllini tapmayıb. BQXK-nın öz üzərinə düşən heç bir məsələyə həll tapmaması onun qəzərli mövqeyindən xəbər verir. Təəssüf ki, bu gün də ölkəmiz belə ədalətsiz yanaşma ilə üz-üzədir. Deputat Bəhruz MƏhƏrrƏmov bildirir ki, beynəlxalq hüquqla, Beynəlxalq Qırmızı Xaç Komitəsinə 1949-cu il Cenevrə Konvensiyaları, onun 1977-ci il Protokolları və 2005-ci il Əlavə Protokollarının iştirakçısı olan dövlətlər tərəfindən silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat verilib: "Təsisat Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir və nə 30 illik münaqişə dövründə, nə də postmüharibə reallığında BQXK-nın ciddi və səmərəli fəaliyyətinin şahidi olmamışıq.

Əksinə, istər müharibə və istərsə də postmünaqişə dövründə bu strukturun əməkdaşlarının hərbi əməliyyat bölgələrində kəşfiyyat xarakterli məlumatları Ermənistana ötürməsi ilə bağlı şübhələr var. Habelə Vətən müharibəsi dövründə, erməni yaraqlılarına humanitar missiya adı altında dəstək verilməsinə dair faktlar da mövcuddur. Dövlət Sərhəd Xidmətinin sərhəd-nəzarət tədbirləri çərçivəsində Laçın sərhəd-buraxılış məntəqəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin daha bir qanunsuzluğunu, qaçaqmalçılıq fəaliyyətinin iştirakçısı olması faktını ortaya çıxarması isə təşkilatın Ermənistandan separatçılara silah-sursat daşınması ehtimallarını meydana çıxardı. Yəni BQXK son 30 il ərzində Ermənistanla vahid tərəf kimi çıxış edib və təəssüf ki, hazırda da eyni siyasət rəhbər tutulmaqdadır.

Bildiyiniz kimi, BQXK bəyanat yayaraq Qarabağda humanitar fəlakət anonsu verir və dolayısı yolla "böhrana" səbəb kimi Laçın sərhəd-buraxılış məntəqəsini göstərir. Bu, təşkilatın Azərbaycana münasibətdə açıq təxribat və düşmənçilik fəaliyyətidir. Əgər BQXK-nı humanitar vəziyyət maraqlandırırsa, nəyə görə Xankəndi-Ağdam yolunu qəbul etmir? İkincisi, BQXK erməni sakinlərin Azərbaycanın aidiyyəti strukturları ilə birbaşa təmaslarına niyə maneə olur? Bütün bunlar göstərir ki, əslində qaçaqmalçı BQXK-nın məqsədi vəziyyəti süni surətdə gərginləşdirməkdir. Azərbaycan beynəlxalq hüququ rəhbər tutaraq öz ərazisində sərhəd-buraxılış məntəqəsi yaradıb, BQXK da Azərbaycanla imzaladığı 1996-cı il Sazişinin 9-cu maddəsinin 13-cü bəndi ilə borcludur ki, "Azərbaycan Respublikasının qanun və qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etsin".

Bu gün BQXK-nın qarşısında bir çox vəzifələr durur, yaxşı olar ki, fəaliyyətini həmin istiqamətlərə yönəltsin.

Məsələn, Qırmızı Xaç bizə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı araşdırmalarını təqdim etsin. Hansı ki, onlarda bununla bağlı 90-cı illərdə müəyyən data baza olub. 54 Azərbaycan hərbçisi BQXK vasitəsilə ailələri ilə əlaqə saxlayıb, lakin sonrakı dövrdə onların taleləri məchul qalıb. Onların hamısının işgəncələr nəticəsində məhv edilməsi ehtimalları yüksəkdir. Bu, açıq müharibə cinayətləridir.

BQXK bu gün təxribatçı davranışlara, qaçaqmalçılığa, xırda alverə son qoyaraq beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəliklərə fokuslanmalıdır.

BQXK Qarabağın erməni sakinlərini humanitar məqsədlərlə 330 kilometr uzaqlıqda yerləşən İrəvana getməyə təşviq etməkdənsə, cəmi 70-75 km-lik məsafədəki müasir şəhərlər olan Bərdəyə, Tərtərə, 150 km məsafədəki Gəncəyə istiqamətləndirməlidir. Niyə belə bir təşəbbüs yoxdur, çünki BQXK qarşılıqlı etimadın yaranmasından narahatdır. Bu mənada biz BQXK-nın bölgədə səmərəsindən çox ziyanı olan fəaliyyətini təhlil etməli, lazım gələrsə, təsisatla Azərbaycan arasındakı 1996-cı il Sazişinin 12-ci maddəsinə əsaslanaraq, 1961-ci il Vyana Müqaviləsinin 9-cu bəndi ilə nəzərdə tutulan prosedurlara diqqət yetirməliyik".

Töhfə SƏMƏDOVA,

"Respublika".