Beynəlxalq səviyyədə etimadın göstəricisi
Siyasət

Beynəlxalq səviyyədə etimadın göstəricisi

Ötən il dekabrın 15-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə baş tutdu. Müşavirə çərçivəsində ölkə başçımızın söylədiyi fikirlər beynəlxalq aləmdə Azərbaycana olan inamı bir daha təsdiqlədi.

Dövlətimizin başçısı qeyd etdi ki, bu, ölkəmizin növbəti böyük uğurudur: "Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı".

Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu durmadan artır. Azərbaycanın müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa bağlılığı, eyni zamanda ərazi bütövlüyü və suverenliyini bərpa etməsi ölkəmizə olan hörməti daha da artırıb. Təsadüfi deyil ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar məhz dövlətimizin sentyabr ayında həyata keçirdiyi antiterror tədbirlərindən iki ay yarım sonra qəbul olunub. Bu mötəbər tədbirin Bakıda keçirilməsi barədə qərarda beynəlxalq aləmin fikirləri rol oynayıb.

1995-ci ildən bəri keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməyə xidmət edir. Hələ 1990-cı illərin ortalarından etibarən sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri özündə əks etdirən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda isə iqlim dəyişikliyi ilə mübarizədə mühüm əhəmiyyət kəsb edən Paris Sazişi barədə fikir mübadiləsi aparılıb və 2015-ci ildə sənəd qəbul olunub. Bu günədək ümumilikdə 195 ölkə, o cümlədən Azərbaycan da bu razılaşmaya qoşulub. Sonuncu COP28 ötən il Dubayda keçirilib və 100 minə yaxın nümayəndə bir araya gəlib. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəfdaş ölkə kimi qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə aktiv fəaliyyət göstərir, sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmadığını təsdiqləyir. Dövlətimiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərin dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, "ağıllı" şəhər və kəndlər kimi innovativ yanaşmalara əsaslanmaqla 2050-ci ilədək "netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulub. Hazırda "yaşıl enerji" növlərinin yaradılması və onun dünya bazarlarına nəqli ölkəmizin enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyənləşib. COP29-un Bakıda keçirilməsi qərarının verilməsi də məhz dövlətimizin başçısının bu sahədə yürütdüyü siyasətindən qaynaqlanır.

Məlum olduğu kimi, dövlətimizin həyata keçirdiyi antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələri Azərbaycana qarşı əsassız və həqiqəti əks etdirməyən ittihamlarla gündəmə gəldi. Çünki Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri öz suveren ərazisində separatçı rejimə son qoymaq məqsədi daşıyırdı. Qərb, xüsusilə Fransa Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığı qəbul etmək istəmir. Halbuki artıq Ermənistanın özü də mövcud reallıqla barışıb. Fransadakı bəzi siyasi liderlər isə ermənilərdən daha çox erməni olmağa çalışmaqla mövcud vəziyyəti dəyişmək istəyirlər. Ancaq Fransa, eləcə də Qərb dərk etməlidir ki, heç nə Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirə bilməz. Bu ölkələr COP29-un ölkəmizdə keçirilməsinə qarşı çıxsalar da, bütün dünya dövlətimizin uğurla evsahibliyi etdiyi beynəlxalq tədbirlərdən xəbərdardır.

Nəzrin ELDARQIZI,

"Respublika".