Bakı Forumunda qlobal çağırışlara qarşı davamlılığı artırmaq məsələləri müzakirə edilib
Siyasət

Bakı Forumunda qlobal çağırışlara qarşı davamlılığı artırmaq məsələləri müzakirə edilib

XI Qlobal Bakı Forumu çərçivəsində martın 16-da “Qlobal çağırışlara qarşı davamlılığı artırmaq: Qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə baxış” mövzusunda panel iclası keçirilib.

"Respublika" xəbər verir ki, İrqçiliyə qarşı Avropa Şəhərlər Koalisiyasının prezidenti Benedetto Zakkirolinin moderatorluğu ilə keçirilən iclasda çıxış edən Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibinin müavini Tomas Lamanauskas səhiyyə və sənaye sektorlarının vacibliyini qeyd edib. Bildirib ki, müharibə dağıntılarının fəsadlarını qarşısını almaq üçün çalışmaq lazımdır.

Problemlərlə mübarizədə müqavimətin dayanıqlı olmasının əhəmiyyətindən bəhs edən Tomas Lamanauskas deyib: “COVID zamanı keçirdiyimiz şoklardan nəticələr çıxarmalıyıq. Bunların yenidən təkrarlanmaması üçün tədbirlərimizi əsirgəməməliyik”.

Çex Respublikasının sabiq Baş naziri Yan Fişer Qlobal Bakı Forumunda iştirakına görə məmnunluğunu ifadə edib. Dünyanın üzləşdiyi yeni çağırışların günbəgün artdığını söyləyən Yan Fişer diqqətə çatdırıb: “Yaşadığımız dünya bir çox mürəkkəblikləri özündə ehtiva edir. Bu baxımdan biz çox əziyyət çəkirik. Dünya özü paradoksdan ibarətdir”.

İqlim dəyişikliklərinin tektonik şəkildə cərəyan etdiyini deyən Yan Fişer bildirib: “Biz postqloballaşan dünyada yaşamaq məcburiyyətindəyik. Özümüzü sanki pandemiyadan çıxmamışıq kimi hiss edirik. Parçalanmaya məruz qalan dünyada problemlərin həllini tapmaq üçün buna uyğun davranmalıyıq. Avropa ölkələri artıq ən yaxşı təcrübələrini sərgiləmirlər. Avropada qarşılaşdığımız təhdidlər çox nəhəngdir”.

Birləşmiş Millətlər Təşkilatının Somali üzrə sabiq xüsusi elçisi, Mavritaniyanın keçmiş xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmedou Ould-Abdallah miqrasiyanın narahatlıq doğuran əsas məsələlərdən biri olduğunu deyib. Bildirib ki, Cənubda əhali Şimalla müqayisədə daha acizdir. Burada dərin miqrasiyaya səbəb olan amillər var. Həmin amillərin ən başlıcası silahlı münaqişələr, müharibələrdir.

“Kənar müdaxilələr problemi daha da alovlandırır ki, bu da miqrasiyaya səbəb olur. İnsanlar daha yaxşı məkanlara köçmək məcburiyyətində qalırlar. Hazırda 100 milyon miqrant və köçkün var. Bu da yerli hökumətlər tərəfindən idarə olunmalıdır ki, onların təhlükəsizliyi təmin edilsin. Onlar köçkün olaraq daha ağır həyata məruz qalırlar. Miqrantlar işsiz qaldıqlarına görə mütəşəkkil cinayətkarların hədəfi olurlar”, - deyə o vurğulayıb.

Panel iclasda çıxış edən 2014-cü il üzrə Nobel Sülh mükafatı laureatı Kaylaş Satyartinin sözləri qeyd edib ki, biz çox füsunkar dünyada yaşayırıq. Lakin çox vaxt istədiklərimizi reallaşdıra bilmədiyimiz məlumdur. “Əlli milyona yaxın qadın, kişi, uşaq insan alverinin qurbanına çevrilib. Bunlar, sadəcə, rəqəmlər deyil. Hər birinin arxasında simalar, insan taleyi durur. Müharibələri dayandırmasaq insanların həyatı məhv olunmağa davam edəcək” , - deyə o vurğulayıb.

Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məşvərət Qrupunun icraçı direktoru, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sabiq baş elmi işçisi İsmihan Elouafi müharibələrin ayrı-seçkilik gətirdiyini söyləyib. “Biz müharibələrlə bağlı etirazımızı bildirməsək, tarix bizi bağışlamaz. Mən özümü ana olaraq xoşbəxt hiss etmirəm. Çünki analar var ki, uşaqlarına yemək tapa bilmir. Qida, su insan hüquqlarının başlanğıcıdır. Milyonlarla insan bu hüquqlardan məhrum olub. Buna səbəb olan müharibələr dayandırılmalıdır. İnsanlar sağ qalmaq üçün mübarizə aparırlar. Biz artıq onları heç bir müsbət əhvali-ruhiyyəyə kökləyə bilmirik”, - deyə İsmihan Elouafi qeyd edib.

Beynəlxalq Elm Şurasının baş icraçı direktoru Salvatore Ariko pandemiyanın yaratdığı yeni mühitin süni intellektin genişlənməsinə yol açdığını vurğulayıb. Deyib ki, bu da iş yerlərinin dayanıqlılığına təsir göstərdi.

Bu vacib Forumun təşkilinə görə təşəkkürünü ifadə edən Salvatore Ariko, həmçinin bildirib: “Qlobal Bakı Forumunda müzakirələr zamanı biz siyasi müstəvidə fikir mübadiləsi apardıqda elmə də yer verməliyik. Mövcud problemlər hər bir ölkənin qarşısında dayanır. Biz həmin məsələlərin həlli baxımından elmə daha çox söykənməliyik. Bu da özlüyündə bir diplomatiyadır və lazımi dəyişikliklərə təkan verir”.

İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin sabiq baş direktoru Valter Fust bildirib ki, 2030 gündəliyində yer alan üç əsas məsələ iqtisadiyyatın, cəmiyyətin və ətraf mühitin inkişafıdır. Burada dördüncü məsələ isə iqlim dəyişikliyidir.

Bərabərsizliyin aradan qaldırılması üçün birgə yaşamağı təmin etməyin vacibliyini vurğulayan V.Fust inkişafsız təhlükəsizliyin olmadığını, inkişafın isə təhlükəsizliyin olmadığı yerdə mövcud olmadığını diqqətə çatdırıb.

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Qloballaşma və İnkişaf Strategiyaları Şöbəsinin direktoru Riçard Kozul-Rayt panel iclasında çıxış edərək bərabərsizliyin azaldılması ilə bağlı tədbirlərin görülməsinin vacibliyi məsələsindən bəhs edib. “Əsas məqsəd yoxsulluqdan xilas edilmə olmalıdır. Bizim qarşımızda bir sıra çətinliklər dayanır. Qərəzlilik son 30 ildə daha da dərinləşib. Əvvəlcə bərabərsizliyin səbəblərini araşdırmalıyıq. Bu problemi azaltmaq üçün texnologiya köməyimizə gələ bilər. Təəssüf ki, hər kəs qabaqcıl kommunikasiyalardan bəhrələnə bilmir. Mənəviyyata söykənən dünyadan kənarlaşdıqca bərabərsizlik daha da artacaq”, - deyə o bildirib.

Panel iclası işini müzakirələrlə davam etdirib.