Bəzənibdir şəhərləri, kəndləri...
İqtisadiyyat

Bəzənibdir şəhərləri, kəndləri...

Paytaxtla regionlar arasında fərq aradan qaldırılır

Yaşı bilinməyən, başı bəlalar çəkmiş doğma məmləkətimizin uzaq yox, yaxın 30 illik tarixinin acı səhifələrini vərəqlədikcə, baş verənləri göz önünə gətirdikcə yaşadığı faciələrin böyüklüyü içimizi göynədir. Torpaqları yağmalanıb, düşmən tapdağı altında inləyib, insanlarına divan tutulub. Əsir götürülən şəhərləri, kəndləri dağıdılıb.

Amma bu 30 ildə qazandıqlarımız daha çox olub. Müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə taleyüklü məsələlərin həllinə zəmin yaradıb. Bütün sferalarda çevik islahatlar aparılıb, Dövlət proqramları qəbul olunub, düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, neft strategiyası davam etdirilib. Ölkəmizin iqtisadi inkişafı tarixi zəfərimizin əldə olunmasında əsas rol oynayıb. Ən başlıcası isə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyinin tam və şərtsiz bərpası təmin olunub.

Dünya Bankının qiymətləndirmələrinə görə, 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil edilən Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-in real həcmi 4 dəfə artıb. Strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 58,5 milyard ABŞ dollarına yüksəlib, 2002-ci illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 46,7 faizdən 5,5 faizə enib. Transmilli enerji və nəqliyyat-kommunikasiya dəhlizləri uğurlu siyasi sosial-iqtisadi inkişaf göstəricilərinin yüksəlməsinə zəmin yaradıb. Qlobal enerji keçidi çağırışlarına uyğun olaraq, xarici investorlarla əməkdaşlıq çərçivəsində bərpaolunan enerji mənbələrinin səmərəli istehsalı təşkil olunub. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətləri ilə külək və günəş enerjisinin istehsalı layihələri uğurla icra edilir. Həmçinin BP şirkəti ilə birlikdə 240 meqavatlıq günəş elektrik stansiyasının tikintisi planlaşdırılır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin təşəbbüskarıdır. Ələt Azad İqtisadi Zonası Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz isə Orta Dəhliz marşrutunun şaxələnməsini təmin edəcək.

İqtisadiyyata yönəldilən investisiyaların həcmi, ticarət tərəfdaşlarının sayı artıb və 2002-2022-ci illərdə paytaxtla regionlar arasında inkişaf fərqinin aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrdə infrastrukturun yenilənməsi, rayonların simasının əhəmiyyətli dərəcədə müasirləşməsində mühüm rol oynayıb. İstehsal müəssisələrinin işə salınması, yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsullarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması Dövlət proqramlarının reallaşdırılmasında əsas nailiyyətlər sırasındadır.

Bu günədək 4 Dövlət Proqramı üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. Regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2022-ci ildə 2003-cü ilə nisbətən 13,5 dəfə, əhalinin nominal gəlirləri isə 10,5 dəfə artıb. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq müəssisə yaradılıb. Ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi məhz bölgələrdə istehsal edilir. Qeyd etdiyimiz dövrdə Azərbaycan elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Regionlarda qazlaşdırmanın səviyyəsi 94 faizi ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9 faizdən 73 faizə çatıb. Bu illərdə 9 hava limanı tikilib və yenidən qurulub. Laçın Beynəlxalq Hava Limanının tikintisi isə davam edir. Ölkədə tikilib və ya təmir olunan 3600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsinin əsas hissəsi də bölgələrin payına düşür. 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib, çoxlu sayda körpü və tunellər, yollar istifadəyə verilib. Burada da bölgələrin ehtiyacı daha çox nəzərə alınıb. Ümumilikdə tikilib işə salınan istehsal və sənaye müəssisələrinin çoxu da bölgələrdə yerləşir. Onu da qeyd edək ki, Naxçıvanın sosial-iqtisadi inkişafına dair proqram və strateji layihələrin icrasına başlanıb ki, bu da regionda rifahın yüksəldilməsinə müsbət təsir göstərəcək.

Hazırda işğaldan azad edilmiş ərazilərdə Vətən müharibəsindən dərhal sonra başlanan bərpa-yenidənqurma işləri də sürətlə davam etdirilir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın uğurla icrası da bu baxımdan böyük əhəmiyyətə malikdir. Bölgədə reinteqrasiya kompleks xarakter daşıyır, ərazilərin iqtisadi dirçəlişi ilə yanaşı, sosial inkişaf da diqqət mərkəzindədir. Bir sözlə, ölkədə böyük quruculuq işləri aparılır ki, bu da şəhərlə kənd, paytaxtla regionlar arasında fərqin aradan qaldırılmasını təmin edir. Salınan "ağıllı kəndlər", "ağıllı şəhərlər" hər kəsi heyran qoyur. Yurdumuzun başdan-başa bəzənən hər eli, obası bu günlərdə daha sevinclidir, çünki bütöv Azərbaycanın xoşbəxt gələcəyinə səs verməyə hazırlaşır. 7 fevralda səsimizi bütün dünya duyacaq!..

Zümrüd QURBANQIZI,

"Respublika".