İdxaldan asılılıq azaldılmalıdır
İqtisadiyyat

İdxaldan asılılıq azaldılmalıdır

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında" 2016-cı il 21 aprel tarixli Sərəncamına müvafiq olaraq aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir.

Bu günün təsis olunması dövlətimizin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin edilməsində sahibkarların fəaliyyətinə verilən yüksək dəyərlə yanaşı, qeyri-neft sektorunun inkişafına Prezident tərəfindən göstərilən diqqət və qayğının təcəssümüdür. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası ölkəmizin milli iqtisadi inkişaf modelinin formalaşmasına, iqtisadi islahatların uğurla reallaşdırılmasına əlverişli şərait yaradıb. "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur", - deyən ulu öndər Heydər Əliyev digər sektorlar kimi, sahibkarlığın da formalaşması ilə bağlı mühüm qərarlar qəbul edib. Böyük liderin müvafiq göstərişlərinə əsasən sahibkarlığı tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində əsaslı işlər görülüb. Ulu öndərin müəllifi olduğu strategiyanın Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə davam etdirilməsi  ölkəmizin hazırda Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayıb. Son illərdə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə, dövlət dəstəyi mexanizmlərinin yaradılması, sahibkarların hüquqlarının, qanuni mənafelərinin etibarlı müdafiəsi və digər tədbirlər nəticəsində bu gün sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsi hesab olunur. Dövlətimizin başçısı vaxtaşırı olaraq sahibkarlarla keçirdiyi görüşlərdə bu sahənin inkişafının ölkə üçün prioritet olduğunu diqqətə çatdırır. Bu gün Azərbaycanda sahibkarlığın inkişafına dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək verilir. Bütün bunların həyata keçirilməsində İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun təsis edilməsinin mühüm rolu var. Sözügedən fondun yaradılması sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, İpoteka və Kredit Zəmanəti Fondu ölkə bankları tərəfindən kreditləşdirilən böyük məbləğdə ipoteka kreditlərini yenidən maliyyələşdirir, onunla bağlı zəmanət dəstəyi göstərir.

Son dövrlərdə sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi istiqamətində əsaslı addımlar atılıb.  Prezident İlham Əliyev Azərbaycan sahibkarlarına xarici ölkələrə ixrac missiyalarını genişləndirmək sahəsində də ciddi dəstək göstərir. Məsələn, hazırda Belarus, Çin, Ukrayna, Latviya, Polşa və Birləşmiş Ərəb Əmirliklərində (Dubay) Azərbaycan ticarət evləri fəaliyyət göstərir. Eyni zamanda Rusiyanın Yekaterinburq şəhərində "Azərbaycan Şərab Evi" açılıb. Moskvada ticarət evi "Azərbaycan nemətləri" mağazası fəaliyyətə başlayıb. 

Ölkəmizdə sənaye potensialının inkişafı ilə bağlı da əhəmiyyətli işlər görülür. Bu sahədə göstəricilərin yüksək dinamikasına nail olunması, investisiya təşviqi proqramının həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu çərçivədə "Azexport" portalı yaradılıb, "Made in Azerbaijan" brendinin dövlət xətti ilə təbliği istiqamətində işlər görülür. Prezident tərəfindən Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması üçün müvafiq qurumlara tapşırıqlar verilib. Sahibkarlardan isə xammaldan səmərəli istifadə etmək, yeni fabriklər, zavodlar qurmaq, istehsalı genişləndirərək idxaldan asılılığı azaltmaq tələb olunur.

Yeri gəlmişkən, ölkəmizdə sahibkarlıq fəaliyyəti böyük inkişaf yolu keçib. XIX əsrin sonu, XX əsrin əvvəlləri bu fəaliyyət növünün sürətli və böyük tərəqqi dövrü olub. Azərbaycanın zəngin təbii sərvətləri həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına mühüm töhfə verir. Respublikamızın neft ölkəsi olduğu hər kəsə məlumdur. Hələ XIX əsrdə Azərbaycanda neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarlar yetişib ki, onların ölkəmizin neft hasilatı və emalı sənayesinin inkişafında böyük xidmətləri olub. Onlar ölkəmizdə binalar, məktəblər, teatrlar, xəstəxanalar tikdirib, əhalinin böyük hissəsini işlə təmin ediblər. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayev və digərləri sahibkarlara əsl nümunədir.

Nəzrin ELDARQIZI,

"Respublika".