“Biznes hüququ” mövzusunda VII beynəlxalq yay məktəbi fəaliyyətə başlayıb
Elm və təhsil

“Biznes hüququ” mövzusunda VII beynəlxalq yay məktəbi fəaliyyətə başlayıb

Dünyanın ən böyük hüquqşünas tələbə təşkilatı olan ELSA Azərbaycanın (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı İctimai Birliyi) təşkilatçılığı, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Vəkillər Kollegiyasının dəstəyilə Bakı şəhərində “Biznes hüququ” mövzusunda VII beynəlxalq yay hüquq məktəbi fəaliyyətə başlayıb.

“Respublika” xəbər verir ki, ELSA Azərbaycan təşkilatından verilən məlumata görə iyulun 16-dək davam edəcək silsilə təlimlərdə avropalı hüquq tələbələri biznes hüququna dair baza bilikləri əldə etməklə yanaşı, mədəni və sosial proqramlar vasitəsilə Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaqlar. Yay məktəbində İsveçrə, Fransa, Norveç, İngiltərə, Almaniya, Avstriya, İtaliya, Çexiya, İspaniya, Finlandiya, Xorvatiya, Polşa, Macarıstan, Sloveniya, Estoniya, Serbiya və Türkiyədən ümumilikdə 70 tələbə iştirak edir.

Tədbir Milli Məclisin deputatı, ELSA Azərbaycanın həmtəsisçisi Kamal Cəfərovun çıxışı ilə açıq elan olunub. Daha sonra Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Vüqar Babayev tələbələrlə fikirlərini bölüşüb və ELSA Azərbaycan ilə əməkdaşlıqdan danışıb.

ELSA Azərbaycan təşkilatının prezidenti Rəhim Abasov bir neçə illik fasilədən sonra belə genişmiqyaslı tədbirin keçirilməsinin ölkəmizin hüquqşünas təşkilatı üçün əhəmiyyətini vurğulayıb və dəstək göstərən qurumlara təşəkkür edib.

Qeyd edək ki, tədbirin nəzərdə tutulan təşkilati səfərləri Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmaqla xarici iştirakçılara Ulu Öndərin çoxsaylı islahatlarını tanıtmaq məqsədi daşıyır.

Xatırladaq ki, VII beynəlxalq yay hüquq məktəbi iyulun 9-dan fəaliyyətə başlayıb.