“Böyük xilaskarlıq missiyası” mövzusunda konfrans
Elm və təhsil

“Böyük xilaskarlıq missiyası” mövzusunda konfrans

İyunun 12-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Heydər Əliyev  Mərkəzində Ümummilli Lider  Heydər Əliyevin 100 illik yubileyinə və  Milli Qurtuluş Gününə həsr olunmuş “Böyük xilaskarlıq missiyası” adlı konfrans keçirilib. ADPU-dan verilən məlumatda bildirilir.                  

Mərkəzin müdiri Tahir Süleymanovun moderatorluğu ilə baş tutan tədbirin əvvəlində  həm Ulu Öndərin, həm də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün həmvətənlərimizin xatirəsi birdəqiqəlik sükutla  yad edilib, sonra Heydər Əliyevin 1969-2003-cü illərdəki fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru professor  Cəfər Cəfərov qeyd edib ki,  fenomenal şəxsiyyət olan  Heydər Əliyev  öz ölkəsinə iki dəfə, bir-birindən köklü şəkildə fərqlənən iki sosial-iqtisadi və siyasi sistem şəraitində uğurla rəhbərlik edə bilmiş nadir liderlərdəndir.

1990-cı illərin əvvəllərində iqtisadi tənəzzül misli görünməmiş həddə çatanda, rayonlar bir-birinin ardınca işğal olunanda  xalqımız yenidən üzünü məhz Ümummilli Liderə tutdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndərin rəhbərliyə dəvət edilməsi  ölkəni xaos, anarxiya və alovlanmaqda olan vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Heydər Əliyevin müstəsna qətiyyəti, iradəsi və idarəçilik təcrübəsi sayəsində qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, hakimiyyəti zorakı yollarla devirmək praktikasına birdəfəlik son qoyuldu. Görülən məqsədyönlü tədbirlər və həyata keçirilən  islahatlar nəticəsində iqtisadi tənəzzül aradan qaldırıldı, Azərbaycan davamlı inkişaf yoluna qədəm qoydu.

Fəlsəfə elmləri doktoru, professor Əyyub Kərimov və digər natiqlər Ümummilli Liderlə bağlı xatirələrini danışıblar.

“Respublika”.