BMT missiyası 30 il sonra növbəti dəfə Qarabağda
Siyasət

BMT missiyası 30 il sonra növbəti dəfə Qarabağda

Azərbaycan Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etdi. Separatçı xunta rejiminin ərazilərimizdən əl-qolunu kəsən dövlətimiz regionda mütləq sabitliyin və inkişafın hökm sürməsi üçün əlindən gələni edir. 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqlara məhəl qoymayaraq Azərbaycanla hədə-qorxu dili ilə danışanlar nəhayət, öz layiqli cavablarını aldılar. Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrimiz heç bir mülki obyekti hədəfə almadı, dinc sakinlərə atəş açmadı. Tapşırıq yüksək səviyyədə yerinə yetirilərək yalnız hərbi infrastruktur sıradan çıxarıldı.

30 ilə yaxın bir dövr ərzində təcavüzkara qarşı hər hansı təzyiq olmayıb, soydaşlarımızın öz yurdlarından didərgin düşmələrinə, müxtəlif bəşəri cinayətlərə görə Ermənistan tərəfi məsuliyyətə cəlb edilməyib.

Daim sülhün və əmin-amanlığın tərəfdarı olan Azərbaycan keçən müddət ərzində müxtəlif beynəlxalq tribunalardan məsələnin dinc yolla həlli istiqamətində çağırışlar etmişdir. Lakin ölkəmiz bunun qarşılığında siyasi və hərbi möhtəkirlik ilə qarşılaşmış, heç bir çərçivəyə sığmayan bəşəri cinayətlərin layiqli cəzasını, tapdalanmış ədaləti özü bərpa etməyə məcbur olmuşdur. Belə ki, "yeni ərazilər uğrunda yeni müharibələr" şüarları ilə Tovuz istiqamətində hərbi təcavüzə cəhd edən qarşı tərəf əks-hücum əməliyyatları ilə yerinə otuzdurulmuş, "Dəmir Yumruq"un nəyə qadir olduğunu görmüşdür.

Sadalanan faktlarla birgə separatçıların Xankəndi və ətraf ərazilərindən təmizlənməsi prosesinin başladılması anti-Azərbaycan dairələrini ciddi şəkildə narahat etsə də, ölkəmiz öz haqq işini sonacan yerinə yetirdi. Cəmi 23 saat ərzində ağ bayraq qaldıraraq təslim olanların "hökmü" artıq bu ərazilərdən silinmişdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciəti zamanı Ordumuzun peşəkarlığı, döyüş ruhu, üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı fikirlər səsləndirdi. Bu, hər birimizdə böyük qürur hissi doğurur. Heç bir təzyiqə boyun əyməyən qüdrətli dövlətimiz davamlı və möhkəm sülhün təmin edilməsi istiqamətində əlindən gələni edir. Digər tərəfdən, qeyd etmək lazımdır ki, Ermənistan 3 ilə yaxın müddətdə üçtərəfli Bəyanatın bir sıra müddəalarını yerinə yetirməyib. Bəyanatın 4-cü bəndinə əsasən, Ermənistan silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalı idi. Lakin indiyə qədər bu bənd yerinə yetirilməmişdi və bu qüvvələr davamlı olaraq hərbi təxribatlar törədirdi. Ona görə də ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı təhdid yaranırdı. Nəhayət, keçirilən lokal antiterror tədbirlər nəticəsində Bəyanatın 4-cü bəndi yerinə yetirildi. Bu, dövlətimizin BMT-nin Nizamnaməsinə əsaslanan müstəsna hüququdur. Ümumiyyətlə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti qarşıya qoyduğu hədəfləri reallığa çevirir. Təbii ki, bu uğurlara əsas verən ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətidir.

Ölkəmizin BMT-yə üzv olması kifayət qədər "qaynar nöqtə" hesab edilən Cənubi Qafqaz regionu üçün də olduqca önəmlidir. Baş verən hadisələrin fonunda BMT missiyasının Qarabağa gəlişi onu deməyə əsas verir ki, bütün aspektlərdə olduğu kimi, bu məqamda da Azərbaycan şəffaflığa böyük önəm verir. Qeyd edək ki, missiyanın üzvləri oktyabrın 1-i Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət etmişdir. Qarabağa səfər Azərbaycan hökumətinin dəvəti ilə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında baş tutmuşdur. Missiyaya BMT Humanitar Məsələlər üzrə Koordinasiya ofisinin yüksək vəzifəli əməkdaşı Rameç Rajasinqam və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva rəhbərlik edir. Missiyanın məqsədi vəziyyətlə yerində tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

Maraqlı bir faktı qeyd etmək yerinə düşər ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub. Belə ki, Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. 1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etmək məcburiyyətində qoydu. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. Və budur, 30 ildən sonra BMT missiyası azad və bayrağımızın dalğalandığı Qarabağa yenidən gəldi. Qeyd etmək yerinə düşər ki, məhz Azərbaycanın dəvəti ilə səfərin baş tutması, aparılan uğurlu lokal antiterror tədbirlərindən dərhal sonra bunun baş verməsi Azərbaycanın prosesləri şəffaf və beynəlxalq hüquq çərçivəsində yürütdüyünü bildirən əyani göstəricidir. Digər tərəfdən, səfər BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə (2021-2025) uyğun olaraq həyata keçirilir.

Ölkəmiz daim reinteqrasiya çağırışı edir, Xankəndi və ətrafdakı erməni azlığına ölkəmizdə yaşamağı təklif edir. İlk növbədə, Azərbaycan multikultural ölkədir. Bu bizim sərvətimizdir. Bu, çərçivədə digər etnik azlıqlar kimi ermənilərin də hüquq və azadlıqları dövlətimizin təminatı altındadır. Təbii ki, sadalananlar Azərbaycan qanunvericiliyini qəbul edərək öz yurd yerində yaşamağa davam edənlərə aiddir. Bunun əksini düşünənlər varsa tərəfi onların təhlükəsiz şəkildə ərazini tərk etməsinə şərait yaradılır. Çəkilən videokadrlardan da göründüyü kimi, tam sərbəst və sivil qaydada bu proses reallaşır.

Nurlan ABDALOV,

"Respublika".