NÖVBƏTİ QÜRURVERİCİ QƏLƏBƏ
Siyasət

NÖVBƏTİ QÜRURVERİCİ QƏLƏBƏ

Xalqımıza 30 il intizarında olduğu günləri görmək qismət oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsarətli Azərbaycan oğulları bəşər tarixində misli-bərabəri olmayan döyüş nümunələri göstərərək düşmən üzərində tarixi qələbəyə imza atdılar. 44 günlük Vətən müharibəsində düşməni müqəddəs torpaqlarımızdan qovaraq bütün dünyaya ordumuzun nəyə qadir olduğunu nümayiş etdirdilər.

2023-cü il sentyabrın ayının 19-20-də isə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin olundu. Cəmi bir sutkadan da az müddətdə qazanılan növbəti qələbə kimliyindən, vəzifəsindən və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının sonsuz sevincinə səbəb oldu. 30 il ərzində hər zaman Tərtər rayonu düşmən təxribatına daha çox məruz qalmışdır. Mənfurlar atəşkəs rejimində də mülki vətəndaşları hədəf seçərək qətlə yetirirdilər.

İkinci Qarabağ müharibəsi zamanı Tərtərə ölçüyəgəlməz dərəcədə maddi və mənəvi ziyan dəydi. Bu gün tərtərlilərə sanki yeni həyat bəxş olunmuşdur. Rayonun işğal altında olan yaşayış məskənləri tamamilə azad edilmişdir. Heç şübhəsiz, Talış, Suqovuşan kəndləri kimi, digər azad olunan yerlər də iqtisadi cəhətdən güclü dövlətimiz tərəfindən qısa zaman ərzində əsl cənnətə çevriləcəkdir.

Bu günlərdə Tərtər sakinlərinin bir neçəsi ilə görüşdük. İkinci Qarabağ müharibəsi şəhidi, "Vətən Müharibəsi Qəhrəmanı" medalına layiq görülmüş şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev bizimlə həmsöhbət oldu.

Şəhid atası bildirdi ki, ermənilər öz havadarlarının köməkliyi ilə torpaqlarımızı, doğma Qarabağımızı işğal etmiş, 30 il ərzində onlar öz ordusunun yenilməzliyi, gücü haqqında miflər yaratmışdılar. Hər bir Azərbaycan vətəndaşı səbirsizliklə müqəddəs torpaqlarımızın azad olunacağı günü gözləyirdi.

Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci ilin 27 sentyabr tarixində əks-hücum əməliyyatına başlanıldı. İgid Azərbaycan əsgərləri dəmir yumruq əməliyyatı keçirərək mənfur düşmənə sarsıdıcı zərbələr endirdilər. Ordumuzun döyüş meydanında göstərdiyi analoqu olmayan döyüş nümunələri bütün dünyanı heyrətə gətirdi. Qalibiyyət, şəhidlik zirvəsinə ucalan oğullarımızın canı-qanı bahasına başa gəldi.

Bir şəhid atası kimi təsəllim odur ki, şəhidlərin qanı yerdə qalmadı. Qürurverici haldır ki, sentyabr ayının 19-20-də lokal antiterror tədbirləri nəticəsində düşmən ağ bayraq qaldıraraq təslim oldu. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına çox sevinirəm. Ən başlıcası Xankəndidə oturaraq Azərbaycana tabe olmayan, azərbaycanlıların qanına susayan, igid oğullarımızın ölümünə bais olan faşist xislətli Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Ruben Vardanyanın tutulub Bakıya gətirilməsi xalqımızın çoxdan gözlədiyi məqam idi. Qatillər layiqli cəzalarını alacaqlar.

Rayon ziyalısı Svetlana Bağırova: Üç il əvvəl olduğu kimi, bu ilin sentyabr ayı da tariximizə qızıl hərflərlə yazıldı. Heç zaman unudulmayacaq şanlı tariximizə!

Möhtərəm Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ildırım sürəti və zərgər dəqiqliyi ilə həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində erməni separatçılarının 30 il ərzində Qarabağda qurduqları və oradan daim Tərtəri və digər rayonlarımızı atəşə tutduqları istehkamlar darmadağın edildi. Dayanmadan torpaqlarımıza daşıyıb yığdıqları ölümsaçan silah və sursatlar müsadirə olundu.

Dövlətimiz bir daha humanizm göstərərək, Azərbaycan vətəndaşlığını qəbul edən Qarabağın erməni sakinlərinə ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşamağı təklif etdi. Ağdam-Xankəndi yolu ilə onlara humanitar yardımlar göndərildi. Lakin əlləri minlərlə azərbaycanlının qanına batmış cinayətkarları layiq olduqları cəza gözləyir.

Bəli, Azərbaycan öz ərazisində suverenliyini tam bərpa etdi. Xalqımız bu çətin və şərəfli yolda yenə də şəhid verdi, igidlərimiz yaralandı. Qəhrəman tərtərlilər böyük ehtiramla öz şəhidlərini son mənzilə yola saldılar. Vətən müharibəsi şəhidləri kimi, lokal antiterror tədbirləri nəticəsində ən uca məqama - şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz Səhlabad kəndindən Lalayev Ruslan Akif oğlunun, Qaradağlıdan İbrahimov Elnur Səxavət oğlunun, Seydimlidən Səfərov Cavid Rövşən oğlunun, Kəngərlidən Abbaszadə Emin Faiq oğlunun, Çardaxlıdan Ağayev Kənan Vahid oğlunun, Evoğludan Vəlizadə Rəşad Elşən oğlunun əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaqdır.

Məhz bu igidlərin qəhrəmanlığı, vətənpərvərliyi sayəsində illərlə həsrətini çəkdiyimiz gün yetişdi - Tərtər-Kəlbəcər yolu açıldı. Tərtərdən dağlara doğru gedən yolların açılması ilə rayonumuzun iqtisadiyyatı daha da inkişaf edəcək. Sərsəng Su Anbarının Azərbaycanın nəzarətinə götürülməsi ilə torpaqlarımıza dirilik suyu gələcək.

Cari ilin sentyabrı həyatımızda çox şeyi dəyişdi və dəyişəcək. Tərtərin ağ günləri bundan sonra başlayacaq. Bütün tərtərlilər adından Prezident İlham Əliyevə sonsuz təşəkkürlərimizi bildiririk. O, xalqımıza nəyi nə zaman, necə edəcəyini yaxşı bildiyini söyləmişdi, həmişə olduğu kimi, bu dəfə də vədinə şərəflə əməl etdi. İllərlə bizi atəş altında saxlayan düşməni birdəfəlik susdurdu.

Tərtər şəhər sakini, məktəb direktoru Arzu Babayeva: 1974-cü ildə tikilmiş 5 nömrəli tam orta məktəb 44 günlük Vətən müharibəsi zamanı erməni təxribatçılarının yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində bərbad vəziyyətə düşmüşdü. Hücum nəticəsində sinif otaqları, pəncərələr və onlayn dərs vermək üçün müəllimlərin istifadə etdiyi kompüterlər darmadağın edilmiş, elektrik naqilləri kəsilmişdi. Təhsil ocağı demək olar ki, yararsız halda idi.

27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbir kasasını daşırdı. İldırımsürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.

Qələbə xəbərini Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciətində çatdırdı. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının qələbəsi ilə bitdi. Bəli, bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən savaşında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı. Azərbaycan xalqı müharibənin qalibidir.

44 günlük Vətən savaşının hər bir günü bəlkə də 1 il qədər gərgin və həyəcanlı keçdi. Çünki Azərbaycan xalqının adına yazılmış ləkəni Azərbaycan oğulları döyüş meydanında qanı, canı bahasına təmizləyirdi. Bu ləkə adımızdan da, alnımızdan da, şərəfimizdən də yuyulub getdi. Bunu bizə bəxş edən Rəşadətli Ordumuza və Müzəffər Ali Baş Komandana eşq olsun, - deyirik!

Cənab Prezidentə xüsusi ilə təşəkkürümüzü bildiririk. 30 illik həsrətində olduğumuz torpaqlarımıza məhz onun siyasəti və iradəsi nəticəsində yenidən qovuşduq. Həmçinin müharibə zamanı terrorçuların atəşinə məruz qalan məktəbimiz yenidən və ən yüksək səviyyədə tikilərək biz müəllim və şagirdlərin istifadəsinə verildi. Bu, Prezident İlham Əliyevin təhsilə və xalqına verdiyi dəyərin bariz nümunəsidir.

2020-ci ildə Suqovuşanın, cari ildə isə Sərsəngin işğaldan azad olunması rayonumuzun iqtisadiyyatının güclənməsinə, sakinlərimizin maddi rifah halının yaxşılaşmasına çox böyük təsir edəcəkdir. Çünki Tərtərin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. 30 il ərzində tərtərlilərin, eləcə də bölgə əhalisinin hər an suvarma suyu ilə bağlı üzləşdiyi problemə nəhayət son qoyuldu.

Vəli VƏLİYEV,

"Respublika".