BMT-nin transformasiyası zərurətə çevrilib
Siyasət

BMT-nin transformasiyası zərurətə çevrilib

Avqustun 23-də Ermənistanın BMT yanında daimi nümayəndəliyi dezinformasiya yaymaq və Laçın yolu ətrafında vəziyyəti təhrif etmək məqsədilə BMT-nin mənzil-qərargahında növbəti təxribat xarakterli aksiya təşkil edib. Ermənistan daimi nümayəndəliyi BMT-nin ənənəsini kobud surətdə pozaraq, təşkilatın üzvlərinin böyük əksəriyyətindən gizli şəkildə, yalnız məhdud ölkələri və ekspertləri dəvət edərək, digər üzvlərinin üzünə qapını bağlayaraq, qapalı iclas keçirib. Hətta qapıya da mühafizə qoyub ki, ədalətli diskussiyadan qaçsın və özünü qaçılmaz ifşadan qorusun.

Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi erməni diplomatların bu davranışını pisləyərək onları dünya təşkilatının platformasından sui-istifadə etməkdə günahlandırıb. Nümayəndəliyin 24 avqust 2023-cü il tarixli press-relizində bildirilib: "Məlum olduğu kimi, BMT-nin divarları daxilində ictimai müzakirələr, həqiqətən də, qərəzsiz və vicdanlı fikir mübadiləsinə yönəldiyi hallarda, açıq formatda, üzv dövlətləri tədbirin vaxtı və yeri barədə öncədən bilgiləndirməklə və qatılmağa dəvət etməklə keçirilir. Beləliklə, erməni diplomatların seçdiyi format bu platformadan mütəmadi olaraq yalan xəbərlər yaymaq üçün sui-istifadə edən Ermənistanın halında olduğu kimi, getdikcə adətə çevrilməsəydi, BMT üçün misilsiz adlandırıla bilərdi. Bu kontekstdə Ermənistanın daimi nümayəndəliyinin bütün BMT üzvlərinin müzakirəyə qatılmaq üçün elementar hüququndan nəinki imtina etdiyi, hətta onları polislə hədələdiyi bir neçə ölkənin diplomatlarının çaşqınlığını və hiddətini başa düşmək asandır. Xarakterikdir ki, bir neçə gün öncə BMT Təhlükəsizlik Şurasının iclasında olduğu kimi, Ermənistan həqiqətən də açıq və substantiv müzakirələr zamanı layiqli və faktiki dəqiq cavab aldıqdan sonra bu cür meyillər daha da güclənir".

Əslində hayların bu cəhdlərinin səbəbini anlamaq elə də çətin deyil. Belə ki, açıq debatlarda Azərbaycana növbəti dəfə böhtan atmaq niyyətlərinin  nəticə verməyəcəyini təcrübə edən Ermənistanın daimi nümayəndəliyinin bunu bağlı qapılar arxasında etməkdən başqa çarəsi yoxdur. Üstəlik, onu bu məsələdə dəstəkləyənlərin olması İrəvanı cəsarətləndirir. Məsələn, Fransa növbəti dəfə 30 ildən çoxdur ki, Azərbaycan torpaqlarının bir  hissəsini hələ də faktiki işğal altında saxlayan Ermənistanın mövqeyini müdafiə edən addım atmağa  hazırlaşır. Erməni mediasının Fransanın "Le Figaro" jurnalına istinadla təmtəraqla yaydığı məlumata görə, rəsmi Paris guya Azərbaycanın Laçın dəhlizini qeyri-qanuni blokadaya alması nəticəsində aclıqdan ölmək ərəfəsində olan 120 min sakinə yardım göstərilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim etməyə hazırlaşır. Amma bu qətnamənin də aqibətinin necə olacağı bəllidir. Fransa daha əvvəl olduğu kimi, BMT Təhlükəsizlik Şurasında qaldırdığı Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı Qətnamə qəbulu prosesini dayandırdığını elan edəcək. Çünki beynəlxalq dairələrdə Azərbaycan diplomatiyasına dərin etimad var. Bunun nəticəsində də ölkəmiz dəfələrlə Fransa-Ermənistan tandemini iflasa uğradıb.

Bununla belə, çirkli oyunların içində BMT-nin adının çəkilməsi qurumun nüfuzuna zərbə vurur. Haylar və onların havadarlarının planları BMT Nizamnaməsinə tamamilə ziddir və təşkilatın məqsədləri ilə qətiyyən üst-üstə düşmür. Əslində bunu beynəlxalq qurumun özü də bilir. BMT Katibliyinin bu tədbirin sponsor ölkəsinin yalnız Ermənistan olduğunu qeyd etməsi BMT-nin çoxtərəfli prosesin tərkib hissəsi olmadığını göstərir. Bununla belə, Birləşmiş Millətlər Təşkilatının da tam obyektiv olmadığı məlumdur. Çünki qurum artıq ikili standartların yuvasına çevrilib. Əslində, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası beynəlxalq münasibətləri tənzimləmək, dövlətlər arasında hərbi toqquşmaya yol verməmək və beynəlxalq sülhü təmin etmək üçün böyük səlahiyyətlərə malikdir. Qısaca desək, BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır.  5-i daimi olmaqla, (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) 15 üzvü var. Digər 10 qeyri-daimi üzvü 2 il müddətinə seçilir. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedur məsələlərinə dair qərarlar 9 üzv səs verdikdə qəbul olunmuş sayılır. 5 daimi üzvün hamısı veto hüququna malikdir ki, bu da Şuranın hər hansı bir məsələdə həlledici qərarın qəbul edilməsinin qarşısını alır. Adətən ABŞ, Fransa və Böyük Britaniyanın maraqları üst-üstə düşür. Çinlə Rusiya isə bu və ya digər şəkildə bir çox məsələyə veto qoya bilirlər. Bu da onu göstərir ki, BMT Təhlükəsizlik Şurası həm də monopoliyadadır. Azərbaycan da bu selektiv yanaşmadan və ikili standartlar siyasətindən son 30 ildə ən çox əziyyət çəkən ölkələrdən biridir. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Yuqoslaviyada, Liviyada və digər bölgələrdə aksiyalar, böhranlar baş verən zaman BMT-nin qəbul etdiyi qətnamələrin hansı çevikliklə icra olunduğu bütün dünyaya bəllidir. Lakin Azərbaycana gəldikdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmadı. BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalından sonra 30 aprel 1993-cü il tarixində 822 saylı qətnamə qəbul etdi, Ermənistan qoşunlarının Kəlbəcərdən qeyd-şərtsiz geri çəkilməsini tələb etdi. 29 iyul 1993-cü ildə qəbul edilən 853 saylı qətnamə də bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. 14 oktyabr 1993-cü ildə qəbul edilən 874 saylı qətnamə isə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi ərazilərdən geri çəkilməsini diktə edirdi. Keçmiş Qarabağ münaqişəsi ilə bağlı 1993-cü il noyabrın 12-də qəbul edilmiş 884 saylı dördüncü qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılırdı. BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlamasına, etnik təmizləmə siyasətinə, Xocalı soyqırımına, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından qovulmasına, Azərbaycan xalqının mədəni irsinin məqsədli şəkildə dağıdılmasına və talan olunmasına, qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumdu və özünün qəbul etdiyi qətnamələrin icrası istiqamətində heç bir addım atmadı.

 2020-ci ildə isə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə baş verirdi. Elə bu səbəbdən də Prezident İlham Əliyev martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Bu qurum keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Doğrudan da, yeni dünya nizamının formalaşması beynəlxalq təşkilatların, o cümlədən BMT-nin daxilində islahatlar aparılmasını zəruri edir. Çünki hazırda dünyada baş verən böhranları idarə etməkdə bu qurum fəaliyyətsiz qalır, ən yaxşı halda qətnamələr qəbul etsə də, icra mexanizmini tənzimləyə bilmir. Dəyişən dünyanın tələblərinə cavab verməyən beynəlxalq orqanın transformasiyası isə qaçılmazdır.

Jalə QASIMZADƏ,

"Respublika".