Avropaya
Siyasət

Avropaya "yaşıl körpü"

Azərbaycan-ABŞ əlaqələrində müsbət impulslar

Azərbaycan və Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı sənədinin icrası barədə Yol Xəritəsinin yenilənməsi məsələsi  razılaşdırılıb. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşündə açıqlama verib.

Toplantıda, həmçinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi, "Həmrəylik Halqası" təşəbbüsünün reallaşdırılması və "Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizinin həyata keçirilməsinə dair məsələlər müzakirə edilib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji dəhlizi layihəsinin icrası istiqamətində atılan addımlar nəzərdən keçirilib. Bildirilib ki, layihənin həyata keçirilməsinə məsul Birgə Müəssisənin tezliklə yaradılması, gələn ilin sonuna kimi texniki-iqtisadi əsaslandırma (TİƏ) prosesinin yekunlaşdırılması planlaşdırılır. Həmçinin bu dəhlizlə Mərkəzi Asiyadan elektrik enerjisinin ötürülməsi üzrə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında əməkdaşlıq barədə də məlumat verilib. Yaşıl enerji dəhlizinin genişləndirilməsi və bərpaolunan enerjinin bu nəhəng infrastrukturla nəqlinin Avropanın enerji təchizatının diversifikasiyasını təmin etməklə enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub.

Azərbaycanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması ölkə, hətta region sərhədlərindən kənarda da etiraf olunur. Dünyanın ən qüdrətli dövlətləri bu sahədə Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməklə yanaşı, bundan sözün əsl mənasında qürur hissi keçirdiklərini də açıqlayırlar. Çünki Rusiya-Ukrayna müharibəsinə görə rəsmi Moskvaya tətbiq edilən sanksiyalardan sonra Avropanın enerji təminatında əsas ümidi Azərbaycana qalıb. Bu il iyulun 18-də ölkəmiz ilə Avropa İttifaqı arasında "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması da bir daha təsdiqləyib ki, Avropanın Azərbaycan qazına böyük ehtiyacı var. Ötən il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması isə ölkəmizin Avropaya "yaşıl enerji" körpüsünü salmağa başladığına işarə edir.

Onu da vurğulayaq ki, ölkəmizdə "yaşıl enerji" istehsalının genişləndirilməsi məsələsi İlham Əliyevin müəllifi olduğu "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də də yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır. Artıq bu istiqamətdə inamlı addımlar atılır. İlham Əliyev işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini "yaşıl enerji" zonası elan edib. Burada artıq bir neçə su-elektrik stansiyası inşa edilib və fəaliyyətə başlayıb. Günəş və külək-elektrik stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar var. Bir sözlə, həmin bölgələrin potensial imkanı böyükdür. Buna görə də regiona qlobal miqyaslı böyük şirkətlər də maraq göstərirlər. Bütün bu uğurlar ölkəmizin müstəqil siyasətinin, beynəlxalq miqyasda nüfuzunun və qüdrətinin göstəricisidir.

Bununla yanaşı, Azərbaycanın qoca qitənin enerji bazarına yeni statusla daxil olması Avropa İttifaqı ilə daim inkişaf edən strateji tərəfdaşlığımızın da əsasını təşkil edir. Qərbin bu sahədə rəsmi Bakıdan asılı olması onun Cənubi Qafqaz siyasətinə birbaşa təsir edir. Buradan anlaşılan odur ki, qoca qitə enerji sahəsində ölkəmizə ehtiyac duyduğu müddətcə Avropa İttifaqının Ermənistana tam dəstək verməsi və dövlətimizə açıq demarş etməsi mümkün deyil. Avropalı rəsmilərin bəzən hayları müdafiə edən bəyanatlar verməsi isə regiondakı digər dövlətlərə, xüsusilə Rusiya və İrana yönəlib. Odur ki, Paşinyan hökuməti bu reallıqları dərk etməli, Qərbin Azərbaycanı gözdən çıxararaq Ermənistanın yanında durmayacağını anlamalıdır.

J.VAQİFQIZI,

"Respublika".