BMU-da bayram tədbiri
Digər xəbərlər

BMU-da bayram tədbiri

Bakı Mühəndislik Universitetində (BMU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Fəxr edirəm ki, azərbaycanlıyam!" adlı bayram tədbiri keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov 31 dekabr tarixinin mahiyyətinə diqqət çəkərək, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün xaricdə yaşayan həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, soydaşlarımız arasında birlik və həmrəyliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb. Rektor ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu bayramın dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq azərbaycanlını bir araya gətirmək, onlar arasında qırılmaz əlaqələr yaratmaq, ən əsası Vətənə bağlılıq hisslərini daha da gücləndirmək istiqamətindəki mühüm rolundan ətraflı bəhs edib.

Ali təhsil ocağının rəhbəri çıxışının sonunda universitet kollektivini və tələbələri qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara ən xoş  arzularını çatdırıb.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Universitetin bədii yaradıcılıq bölməsinin təşkilatçılığı ilə tələbələrin, həmçinin əməkdaşların ifasında mahnılar səsləndirilib, müxtəlif səhnəciklər və rəqslər nümayiş olunub.

Müşfiq MİRZƏ,

"Respublika".