Bolqarıstanda imzalanan Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr verəcək
Digər xəbərlər

Bolqarıstanda imzalanan Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr verəcək

Bütün sahələrdə əldə etdiyi uğurlar, effektli regional və beynəlxalq təşəbbüslər, həyata keçirilən genişmiqyaslı layihələr ölkəmizin qüdrətini artırır. Dövlətimizin başçısı cənab İlham Əliyevin xarizması, nümunəvi davranışları, dünya ölkələri ilə münasibətlərin qurulmasında və inkişafında sərgilədiyi yanaşma, eləcə də imzasına, hər bir sözünə verdiyi dəyər ölkəmizin beynəlxalq nüfuzunu yüksəldir. Heç kimə sirr deyil ki, dünya dövlətlərinin Azərbaycana olan marağı getdikcə artır. Prezident İlham Əliyev dünyaya elə bir Azərbaycan təqdim edib ki, artıq onun əhəmiyyəti dərindən dərk edilir, əməkdaşlıqdan məmnunluq ifadə olunur. Hazırda dünya ən mürəkkəb tarixini yaşayır, bütün coğrafiyaya təsir gücündə olan müharibələr baş verir. Bu da əsasən enerji sahəsində problemlərə geniş yol açıb. Belə bir məqamda Azərbaycanın rolu göz qabağındadır.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu, prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən enerji siyasətinin nəticələri bu gün Avropa qitəsindən daha aydın görünür. Vaxtilə Cənub Qaz Dəhlizinin reallaşa biləcəyinə şübhə ilə yanaşanlar bu gün onun əhəmiyyətini şərh edirlər. Həmçinin Azərbaycan dünyaya sadiq tərəfdaş anlayışını gətirib ki, bunun da dövlətlər arasında əməkdaşlıqda nə qədər vacib nüans olduğu hamıya bəllidir. Bu məqamda dövlətimizin başçısı cənab İlham Əliyevin aprelin 25-də Bolqarıstana işgüzar səfərinə diqqət çəkmək istərdim. Səfər zamanı dövlət başçılarının iştirakı ilə "Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanma mərasimi oldu. Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli addımdır. Bu, bir daha təsdiq edir ki, Avropa ölkələri düşdükləri böhrandan xilasın real və səmərəli həll variantını təbii qazın Azərbaycandan idxalında görürlər. Avropa ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq digər sahələrdə də əlaqələrimizin möhkəmlənməsinə və genişlənməsinə önəmli töhfələr verir. Bu gün Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycanın münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsindədir.

Bu istiqamətdə görülən bütün işlər ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə, valyuta ehtiyatlarının, büdcə gəlirlərinin artmasına gətirib çıxaracaq.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.