Böyük Qayıdış: ömrün köç havası
Sosial həyat

Böyük Qayıdış: ömrün köç havası

İşğaldan azad edilən, uzun illər ağrılar yaşayan, hərbi istila nəticəsində öz sakinlərindən zorla ayrılan, kimsəsiz qalan Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış davam edir. Qalib və güclü Azərbaycanın tarixində yeni bir şanlı səhifə açılır, çox mühüm mərhələyə qədəm qoyulur, arzuları, duyğuları dilə gətirən, şərəfin, qürurun əks olunduğu  hadisənin - yurda dönüşün şahidi oluruq. Ermənistanın işğalı nəticəsində ata-baba yurdlarından didərgin düşən, uzun illər həsrətlə, yurd nisgili ilə yaşayan, fəqət bircə gün də inamını, gümanını itirməyən insanların doğma yerlərə qayıdışı İkinci Qarabağ müharibəsində qazanılan Zəfəri daha  parlaq edir.

İgid əsgər və zabitlərimizin hünəri və misilsiz qəhrəmanlığı sayəsində ordusunun bel sütunu qırılan, hərbi texnikaları məhv edilən və qənimət kimi götürülən, döyüşlər zamanı hərbçiləri fərariyə çevrilən işğalçı Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatın şərtlərinə görə düşmən ölkə üç rayonumuzu qeyd-şərtsiz və bir güllə atılmadan geri qaytardı. Ağır və çıxılmaz duruma düşən Ermənistan Qalib Ali Baş Komandanımız İlham Əliyevdən əfv dilədi, ağ bayraq qaldırdı. Lakin düşmən ölkə öz məkrli xislətinə uyğun olaraq Bəyanatda nəzərdə tutulan sonrakı öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır, müxtəlif bəhanələrlə sülh danışıqlarını uzadır, yalançı və riyakar ritorikaya əl atır, şərti sərhəddə təxribatlar törədir, Xankəndidəki separatçılara və qondarma quruma kömək etməklə Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər edir. Məğlub ölkənin bu ikiüzlü və ləyaqətsiz davranışları, qoltuğuna və kölgəsinə sığındığı "ağa"larının, erməni diasporu və lobbiçilərinin ona qahmar durması, əl altından müxtəlif yardımlar göstərməsi bölgədə yaradılan mövcud və real vəziyyəti dəyişə bilməyəcək. Çünki Azərbaycan işğalçılar tərəfindən pozulmuş beynəlxalq qanunları, öz ərazi bütövlüyünü, tapdalanmış haqq və ədaləti bərpa etdi, öz gücü, Prezident-xalq birliyi ilə, diplomatik məharətlə, Vətən, xalq məhəbbətilə düşmən diz çökdürüldü, ruhu sındırıldı, dünyanı ağuşuna alan saxta erməni mifi məhv edildi. Torpağı, yurdu öz canından artıq sevən cəsur oğulların şücaəti ilə paralanmış Vətən bütövləşdi, şərəfli tarix geri qaytarıldı.

Mənfur düşmən öz xəbis niyyətilə torpaqlarımıza bir milyondan çox ölümsaçan mina basdırsa da, həsrətdən yanıb qovrulan insanların yurda dönüşünə əngəl ola bilmədi, Azərbaycanın qayıdışla bağlı qəti mövqeyi və  iqtisadi gücü sayəsində Qarabağ və Şərqi Zəngəzur sıfırdan qurulur, şəhərlər və kəndlər yenidən salınır. Üç ilə yaxındır ki, işğaldan azad edilən ərazilərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənilməsi davam etdirilir, düşmən tərəfindən vəhşiliklə dağıdılan ərazilərdə infrastruktur layihələrin icrası həyata keçirilir. Ermənistandan fərqli olaraq, bölgədə sülh gündəliyinin təşəbbüskarı olan, işğaldan azad edilmiş ərazilərimizdə irimiqyaslı bərpa-quruculuq işləri görən və nəqliyyat kommunikasiya xətlərinin açılması üçün sürətlə iş aparan Azərbaycan bütün dünyaya bir daha nümayiş etdirir ki, bölgədə gərginliyin yaranmasında hansı ölkə maraqlıdır. Rəsmi Bakı qəti şəkildə bildirir ki, ölkəmizə qarşı olan hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, revanşistlər məhv ediləcək, Xankəndi və ətraf ərazilərdəki Ermənistan ordusunun qalıqları torpaqlarımızdan qeyd-şərtsiz çıxarılacaq. Lakin düşmən ölkə bu xəbərdarlıqlardan nəticə çıxarmaq əvəzinə özünə yeni havadarlar axtarır, BMT-yə, dünyanın müxtəlif qurumlarına şikayət edir, öz xəbis və kirli niyyətindən əl çəkmək istəmir, bölgədə qalan tör-töküntülərini gizli şəkildə silah-sursatla təmin edir, hiyləgərliklə və manipulyasiya ilə məşğul olur.

Qalib Azərbaycanın siyasi, iqtisadi və hərbi imkanları gündən-günə daha da genişlənir, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənir və bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Təbii ki, Qarabağ və Şərqi Zəngəzuru isə xoşbəxt gələcək gözləyir. Dövlətimizin başçısı İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla və sürətlə icra olunur. "Böyük Qayıdış" Proqramı erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, yurd yerlərinə əhalinin geri qayıdışının təmin edilməsi, insanların rifah səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və son nəticədə bölgənin dayanıqlı inkişafına nail olunmasını əhatə edir. Həmin Proqramda  nəzərdə tutulub ki, 2026-cı ilədək azad edilən ərazilərdə 34 500 mənzil və fərdi yaşayış evi inşa ediləcək. Bundan başqa, Dövlət Proqramında nəzərdə tutulan tədbirlər planına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda torpaq islahatı aparılacaq. Tədbirlər planına əsasən, İqtisadiyyat Nazirliyinə 2022-2025-ci illərdə torpaq istifadəçiliyi ilə bağlı məlumatların toplanması və vəziyyətin monitorinqini həyata keçirmək tapşırılıb. Aqrar islahatlar nəticəsində bölgədə kiçik və orta sahibkarlığın inkişafı təmin ediləcək, yeni torpaq sahələri kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq. Əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının bərpası, müasir suvarma infrastrukturunun yaradılması, məhsuldar ərzaq istehsalı, dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi nəticəsində Qarabağda və Şərqi Zəngəzurda kənd təsərrüfatı məhsullarının istehsalı artırılacaq, geri qayıdan əhalinin məşğulluğu təmin ediləcək.

İkinci Qarabağ müharibəsinin qələbə ilə başa çatmasından ötən iki il yeddi ay ərzində Qarabağa və Şərqi Zəngəzura köçürülən 2000-ə yaxın keçmiş məcburi köçkün artıq öz yeni və müasir  evlərində yaşayır. Əslində, onlara ev demək düzgün deyil, həmin tikililər sözün həqiqi mənasında villalardır. Talış, Ağalı, Laçın yaşayış məntəqələrinə başlanmış köçün növbəti ünvanı Füzuli şəhəri oldu. Düşmən tərəfindən məqsədli şəkildə, etnik nifrət zəminində dağıdılmış, viran edilmiş Füzuli şəhərindəki ilk yaşayış məhəlləsi doğma sakinlərinə qucaq açıb. Sevinclə, qürurla, inamla, gələcək arzularla Füzuli şəhərinə ilk köç karvanı çatıb. Qarabağın ən iri və qədim yaşayış məskəni sayılan bu şəhər yenidənqurmadan sonra ilk məskunlaşdırılmış çoxmərtəbəli yaşayış binaları ilə tarixə düşür. Köçürülən ailələr Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Füzuli şəhərində salınan yaşayış məhəlləsindəki çoxmərtəbəli binalarda məskunlaşıblar. Baş plana uyğun olaraq yenidən qurulan Füzuli şəhərinin mərkəzi hissəsində əsasən 5-6, bəzi ərazilərdə isə 4-5 mərtəbədən ibarət çoxmənzilli binalar tikilir. Proqnozlara görə, Füzuli şəhərində inşa ediləcək yaşayış binalarına təqribən 23-24 min nəfər keçmiş məcburi köçkün köçürüləcək. Ümumilikdə, Füzuli şəhərində inşa edilməsi nəzərdə tutulan mənzil fondu isə adambaşına 25 kvadratmetr hesablanıb. Bu, o deməkdir ki, 50 min nəfər əhali üçün 1,5 milyon kvadratmetr mənzil fondu olacaq. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşma aparılan  yaşayış məntəqələrinin sayı 4-ə çatır. Bunlardan 2-si (Laçın və Füzuli şəhərləri) rayon mərkəzi, 2-si isə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış kəndləri) kənd tipli yaşayış məntəqəsidir.

Xatırladaq ki, "Böyük Qayıdış" Proqramına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə ilk köç ötən ilin iyul ayında Zəngilan rayonunun Ağalı kəndindən başlayıb. "Ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulan bu yaşayış məntəqəsinə indiyədək 9 dəfə köç karvanı yola salınıb. Avqustun 12-nə təsadüf edən sonuncu köç zamanı ümumi sayı 106 nəfər olmaqla 22 ailə 30 ildən sonra doğma yurdunda daimi yaşamaq imkanı qazanıb. Bütövlükdə isə yenidən qurulmuş bu yaşayış məntəqəsində daimi məskunlaşdırılan ailələrin sayı 108-ə (526 nəfərə) çatıb. Qarşıdakı aylarda Ağalı kəndinə köçürülmə davam etdiriləcək. Çox böyük məhəbbətlə, həvəslə və modern üslubda tikilən, tarixiliyi qorunub saxlanan Laçın şəhərində 697 nəfər olmaqla 178 ailənin daimi məskunlaşdırılması başa çatdırılıb. Zabux və Sus kəndlərində isə bərpa və yenidənqurma işləri sürətlə aparılır, keçmiş məcburi köçkünlərin  doğma yurduna köçürülməsi istiqamətində ardıcıl tədbirlər görülür. Ötən ilin mart ayında ilk köçlə daimi məskunlaşdırılmış Tərtər rayonunun Talış kəndində isə hazırda 20 ailə (90 nəfər) yaşayır. Qeyd edək ki, işğaldan azad olunmuş digər ərazilərdə də bərpa və yenidənqurma  işləri sürətlə davam edir. Məhz bunun nəticədir ki, "Böyük Qayıdış" Proqramı çərçivəsində indiyədək Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına ümumilikdə 400-ə yaxın keçmiş məcburi köçkün ailəsi köçürülüb. Bu ilin sonunadək doğma yurda köçürüləcək əhalinin sayı 10 min nəfərə çatdırılacaq. Qarşıdakı üç il ərzində Şərqi Zəngəzur iqtisadi rayonuna 42 min sakinin köçürülməsi nəzərdə tutulur.

Azərbaycanın Qalib Prezidenti İlham Əliyevin qəti mövqeyini əks etdirən sözləri gücü və qüdrəti bir daha nümayiş etdirir: - Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgələri cənnətə çevirəcəyik.

Əzəli və doğma yurd yerlərinə qayıdan keçmiş məcburi köçkünlərin hamısının fikirləri yekdildir, alqış və duaları səmimidir, ürəklərdən süzülüb gəlir. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edirlər. Uca yaradandan şəhidlərimizə rəhmət diləyir, qazilərə cansağlığı arzulayırlar. 1992-1993-cü illərdə hərbi təcavüz nəticəsində ev-eşiyindən, yurd-yuvasından didərgin düşən insanların qəm, kədər yüklü köç karvanı 28 ildən sonra sevinclə, toy-bayramla, fərəhlə, qürurla, könül nəğmələri ilə geri qayıdır. Qayıdışınız mübarək, talelərin köç havası yurd yerlərinə sığal çəkir.

Salman ALIOĞLU,

"Respublika".