Bakıda
Sosial həyat

Bakıda "Vəkil Günü" peşə bayramı ilə bağlı təntənəli mərasim keçirilib

Dekabrın 27-də Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Vəkillər Kollegiyasının (VK) təntənəli mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Sonra Vəkillər Kollegiyasının 2023-cü il üzrə hesabat videosu nümayiş etdirilib.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin ölkəmizdə "Vəkil Günü" peşə bayramı kimi qeyd edilməsi qərara alınıb. Xüsusilə qürurverici haldır ki, "Vəkil Günü" xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən və müstəqil vəkillik institutunun əsasını qoyan 1999-cu il 28 dekabr tarixli "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunla bağlıdır. Əziz xatirəsi daim yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad edilən Ulu Öndər Heydər Əliyevin cari ildə 100 illik yubileyinin qeyd olunması bu peşə bayramını vəkil korpusu üçün hər zamankından daha əlamətdar edir.

Tədbirdə Vəkillər Kollegiyasının rəhbərliyi ilə yanaşı, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Baş prokurorun müavini Heydər Məmmədov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Polis Akademiyasının rəisi Canpolad Daanov, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov da daxil olmaqla, bir sıra təhsil müəssisəsinin nümayəndələri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və KİV nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın ötən altı il ərzindəki fəaliyyətindən, son dövrlər görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, 2018-ci ildən VK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak etmiş 4594 namizəddən 1401 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 44 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunub. Beləliklə, vəkillərin sayı 2431 nəfərə çatıb.

Anar Bağırov qeyd edib ki, hazırda and içənlər sırasında Vətən müharibəsi iştirakçısı, qazi Elman Məcidov da var. Nəzərə çatdırılıb ki, Elman Məcidov 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük müharibədə könüllü iştirak edib. Qazimiz Şuşa şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. O, müharibədən sonra Prezident tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, "Xocavəndin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.

VK-nin "Heydər Əliyev İli" ilə bağlı görülən işlərindən danışan sədr Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu il dekabrın 28-də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun imzalandığını, Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşdığını və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrildiyini vurğulayıb.

Azərbaycanın postsovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biri olduğunu bildirən Anar Bağırov ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktların, çoxsaylı sərəncamlar və digər sənədlərin qəbul edildiyini, heç bir dövlət qurumunun vəkillik fəaliyyətinin işinə müdaxilə edə bilmədiyini, qanunla da bu məsələnin həllini tapdığını, o cümlədən hazırda vəkillik fəaliyyəti yeni dövrünü yaşayaraq inkişaf etdiyini dilə gətirib. Bu da Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır.

Daha sonra, tədbirdə vəkilliyin inkişafına verdiyi töhfəyə və səmərəli əməkdaşlığa görə, məhkəmə hakimiyyətindən Konstitusiya Məhkəməsi, qanunvericilik hakimiyyətindən Milli Məclis, icra hakimiyyətindən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, hüquq-mühafizə orqanlarından Baş Prokurorluq, ali təhsil müəssisələrindən ADA Universiteti və hüquq müdafiəçilərindən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu 2023-cü ilin "Vəkilliyin dostu" mükafatı ilə təltif edilib.

Həmçinin mərasimdə Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə "Səmərəli əməkdaşlığa görə", o cümlədən II "Yüksəliş" müsabiqəsinin qalibi Ramil Abulov "Yüksəliş" müsabiqəsinin idarəçi rəhbəri Anar Bağırov ilə birillik fərdi inkişaf - mentorluq proqramını müvəffəqiyyətlə bitirdiyinə görə təltif olunublar.

Tədbirdə VK-nin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" hüquq sahəsində intellektual müsabiqənin qalibi olmuş Polis Akademiyasının komandası və ELSA Azərbaycan tərəfindən Kollegiyanın tam dəstəyi ilə həyata keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının IX buraxılışının qalibi adını qazanmış "Libertas" komandası təltif ediliblər.

Sonra mərasimdə Vəkil Marşı səsləndirilib. Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi olub, vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr, reyestrdən çıxarışlar və döş nişanları təqdim edilib.

Daha sonra, vəkilliyə namizəd olan qazi Elman Məcidov çıxış edib, vəkil peşəsinə yiyələndiyi üçün qürur duyduğunu, vəkilliyə qəbulun daimi əsaslarla keçirilməsi ilə bağlı VK Rəyasət Heyətinə minnətdar olduğunu vurğulayıb.

2023-cü il ərzində ən çox ödənişsiz hüquqi yardım aksiyasında iştirak etdiyinə görə Gəncə şəhər 1 saylı Vəkil Bürosu ilə Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası "İlin vəkil qurumu", il ərzində VK-nin ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Biznes Hüququ Komitəsi "İlin vəkil komitəsi", il ərzində dövlət hesabına hüquqi yardım göstərən vəkillər sırasında ən çox uğurlu nəticə əldə etdiyinə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad İsayev "İlin vəkili", il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə "Kredo" Vəkil Bürosunun vəkili Vüsalə Muradxanlı "İlin təlimçi vəkili" elan olunub.

Eyni zamanda, mərasimdə VK-nin bu ildən beynəlxalq qeydiyyatlara alınan və yeni formatda buraxılan "Azərbaycan vəkili" jurnalının təqdimatı keçirilib. Vəkillər Kollegiyası Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev çıxışında elmi-praktik jurnalın əhəmiyyətindən danışıb.

Sonda, fəaliyyətləri dövrlərində fərqlənən və habelə yubileylərini qeyd edən Kollegiyanın bir qrup üzvləri təltif edilib.