Böyük Qayıdış yurda yeni nəfəs verir
Digər xəbərlər

Böyük Qayıdış yurda yeni nəfəs verir

"Laçın şəhəri günü"nün birinci ilində görülən işlər də bunu təsdiqləyir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyul ayının 31-də işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalayıb. Laçın da bu sərəncamdan öz payını alıb. Belə ki, hər il avqust ayının 26-da "Laçın şəhəri günü" qeyd ediləcək. Bu gün bütün laçınlıların həyatında əvəzsiz iz buraxacaq. Onların ürəyində bir dağ boyda yara qoyan 18 rəqəmi tarixdə bir epizodu kimi qalacaq, 26 rəqəmi isə anadan olduqları günlə eyni səviyyədə qeyd olunacaq. Axı, məhz həmin gün Laçın yenidən "doğulub..."

Bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olan Laçında 1930-cu ildə müstəqil inzibati rayon yaradılıb. Rayon ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir. SSRİ dövründə burada çoxlu sanatoriyalar, istirahət ocaqları yerləşirdi. Həmçinin Laçında toxuculuq sənəti də özünəməxsus tərzdə inkişaf edirdi. "Qasımuşağı" adı ilə tanınan xalça nümunəsi dünyada tanınırdı.

Şəhər daima mənfur qonşularımızın "diqqətində" olub. Bu səfalı torpaqlarda gözü qalan ermənilər Laçını həm də Qarabağın işğal edilməsində bir maneə kimi görürdülər. 1992-ci il mayın 18-də ermənilər tərəfindən bu cənnətməkan  işğal olundu. Növbəti dəfə AXC öz səriştəsizliyini göstərdi və Laçının işğalını beynəlxalq aləmdə tanıda bilmədi. Bu gözəl obada işğaldan sonra ermənilər tərəfindən nəinki quruculuq işləri görülmədi, hətta digər işğal olunan ərazilərimiz kimi, bura da  talanlara məruz qaldı. Şəhərin gözəçarpan infrastrukturu dağıdıldı, tarixi abidələrimiz məhv edildi və erməniləşdirmə siyasəti aparıldı. İşğaldan əvvəlki dövrdə cənnət diyar olan Laçın indi əsl cənnətə çevrilir.

Bir neçə gün əvvəl erməni jurnalist Bella Lalayan sosial seqmentdə Qarabağda gedən quruculuq işləri ilə bağlı yazı yazıb. O, qeyd edib ki, "Azərbaycanın gördüyü işləri görəndə adam dəli olur". Necə dəli olmasın. Ermənilərin xisləti, paxıllıqları hər dəfə özünü açıq şəkildə büruzə verir. Paşinyan 11 avqustda qeyd olunan "İnşaatçılar" günündə hayların  tikinti mədəniyyətinin olmamasından danışıb. Yəni haylara torpaq ver, söksünlər, dağıtsınlar, məhv etsinlər.

2020-ci il  mayın 28-də məcburi köçkünlər üçün salınan "Qobu park-3" yaşayış kompleksinin  açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gələcək zəfərin kiçik mesajını vermişdi: "Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yerdir". Laçınlıların timsalında bütün məcburi köçkünlər bu gələcək qayıdış müjdəsindən daha da ruhlanmışdılar.

 10 noyabr Bəyanatı ilə dekabrın 1-də tamamilə haylardan təmizlənərək öz yurisdiksiyasına qayıdan Laçında, 2021-ci il avqustun 26-da ilk quruculuq işlərinin təməli atıldı. Şəhər yenidən doğuldu. Laçın artıq hay üzü görməyəcək. Artıq buranı tikməyə, yenidən qurmağa, gözəlləşdirməyə və yaşamağa gələn əsl laçınlıları görəcək Laçın.

"Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Həmçinin Prezident İlham Əliyev tərəfindən Laçın rayonunun Güləbird və Qorçu kəndlərinin Baş planı da təsdiqlənib. Prezident bildirib ki, birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. 2025-ci ildə yekunlaşdırılması planlaşdırılan hava limanının da tikintisi sürətlə davam edir.

 Laçın rayonu artıq öz sakinlərini qəbul edib. Bu il  may ayının 27-də vətən həsrətinə son qoyan laçınlılar 30 ildən sonra ilk dəfə öz yurd-yuvalarına qayıdıblar. Daha sonra mütəmadi baş tutan bu köçlərə daha bir  yenisi əlavə olundu. Avqustun 25-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Laçının Zabux kəndinə yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr qoşulub. İlk mərhələdə kəndə 20 ailə - 88 nəfər köçürülür. Onların arasında Birinci Qarabağ müharibəsi şəhidinin ailəsi də var. Bununla da indiyədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.

Laçının bu cür inkişafı və onun doğma sakinlərinə qucaq açması təsis edilmiş "Laçın şəhəri günü"ndə öz təsirini daha qabarıq büruzə verir. Bir güllə belə atılmadan hərbi-siyasi uğur nəticəsində işğaldan azad edilən Laçının indi hər tərəfində quruculuq işləri aparılır. Şəhərin yeni infrastrukturu göz oxşayır. "Laçın şəhəri  günü"nün birinci ilində şəhərin bu qəbildən sürətlə inkişafı və əsaslı quruculuq işləri bura köçən sakinləri də həyəcanlandırır. Onlar yaddaşlarındakı Laçının müasir simasına heyran qalıblar. Laçın gün keçdikcə daha da gözəlləşir, abadlaşır. "Laçın şəhəri günü" uğurlu olsun!

Tacir SADIQOV,

"Respublika".