“Brent” markalı neftimiz dünya bazarında
İqtisadiyyat

“Brent” markalı neftimiz dünya bazarında

Son 10 gündə neftin dünya bazarında qiymətində 6 faiz azalma qeydə alınıb. Ötən ayın 28-də 81 dollara təklif edilən “Brent” markalı neftin bir barrelinin qiyməti indi 77,9 dollar təşkil edir. Qeyd edək ki, 2022-ci ildə neftin orta qiyməti 100, ötən il isə 82 dollar idi. Göründüyü kimi, qiymət tarazlığında ciddi dəyişiklik müşahidə edilir. Bu vəziyyət neftə tələbin azalması və bir sıra siyasi faktorlarla əlaqəlidir.

Azərbaycana daxil olan vəsaitlərin əhəmiyyətli hissəsi, təxminən 80 faizi neft ixracatı hesabına formalaşır. Bu baxımdan, ölkəyə daxil olan valyuta həcmində neftin qiyməti əsas faktorlardan biridir. Hazırda dünyada hökm sürən vəziyyətə baxmayaraq, neftin qiyməti büdcədə nəzərdə tutulandan daha yüksəkdir. Belə ki, dövlət büdcəsində 2024-cü il üçün neftin qiyməti 60 dollar nəzərdə tutulub. Bu, ondan xəbər verir ki, mövcud qiymətlər fiskal gəlirlərimizə uyğundur və cari ildə nəzərdə tutulan hədəflərə nail olmaq mümkündür. Eyni zamanda, qeyd etmək lazımdır ki, ölkəmiz neft ixrac etdiyi üçün qiymətlərin yüksək olması arzuolunandır.

Neftin dünya bazarında qiyməti valyuta bazarındakı tələbə təsir göstərən əsas faktorlardan biridir. Yəni manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılıdır. Amma bu, o demək deyil ki, manat üzərində yeni risklər formalaşacaq. Çünki Mərkəzi Bankın pul-kredit siyasətində qeyd olunduğu kimi intervensiya imkanları qorunub saxlanılır. Hətta neftin qiyməti aşağı düşdüyü halda belə Mərkəzi Bankın valyuta bazarına intervensiya, yəni müdaxilə imkanları var. Bu il manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.

Vüqar BAYRAMOV,

Milli Məclisinin deputatı.