Bu gün Türkiyədə Milli Suverenlik və Uşaqlar Günüdür
Türk dünyası

Bu gün Türkiyədə Milli Suverenlik və Uşaqlar Günüdür

1920-ci il aprel ayının 23-ü Türkiyənin bütün bölgələrinin işğalı və millətin yox olma ərəfəsində Türk millətinin intibahının simvolu kimi tarixə yazılıb. Bu gün Türkiyə Böyük Millət Məclisinin açılış günü, daha sonra Milli Suverenlik və Uşaq Bayramı olaraq qeyd olunmağa başlayıb. Türkiyə Böyük Millət Məclisi (TBMM) 1920-ci il aprel ayının 23-də yerli vaxtla saat 13:45-də 115 millət vəkilinin iştirakı ilə açılıb. Həmin il aprel ayının 24-də Mustafa Kamal Atatürk yekdilliklə TBMM-in sədri seçilib.

23 aprel 1920-ci il Türkiyə Böyük Millət Məclisinin qurulması şərəfinə Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün yalnız türk uşaqlarına deyil, bütün dünya uşaqlarına hədiyyə etdiyi milli bayramdır. Artıq 104 ildir 23 aprel günü Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd edilir və həmin  gün ölkədə qeyri-iş günüdür.

1921-ci ildən Türkiyədə 23 aprel "milli bayram" kimi qeyd edilir. Qanuni adı "Uşaqlar Günü" olmasa da, uşaqlar üçün şən bir gün keçirmək və Himaye-i Etfal Cəmiyyətinə gəlir gətirmək məqsədilə 1927-ci ildən etibarən uşaqlar günü kimi qeyd olunur. Bayramın adı 1935-ci ildə Milli Suverenlik Günü, 1981-ci ildən isə "Milli Suverenlik və Uşaqlar Günü" kimi qəbul edilib.

1979-cu il Türkiyə Radio Televiziya Qurumu və UNESCO tərəfindən "Uşaq İli" elan olunmasından sonra TRT Beynəlxalq 23 aprel Uşaq Festivalına başlamış və bu bayram beynəlxalq səviyyəyə çatdırılmışdır. TRT Beynəlxalq 23 aprel Uşaq Festivalı bu günü bütün dünya uşaqlarının qeyd etdiyi bir bayram halına gətirməyi qarşısına məqsəd qoyub. Birinci dəfə yalnız SSRİ, İraq, İtaliya, Rumıniya və Bolqarıstanın iştirak etdiyi şənliyə hazırda təxminən 50-dən çox ölkənin uşaqları qatılır. Bayram şənlikləri 1979-cu ildən 2000-ci ilə qədər Türkiyənin paytaxtı Ankarada təşkil edilib, daha sonra ölkənin başqa şəhərlərində də həyata keçirilib.

1933-cü ildə prezident Mustafa Kamal Atatürkün 23 apreldə uşaqları öz kabinetində qəbul edib onlarla söhbət etməsi ənənəvi hala çevrilib.

"Bu günün balacaları sabahın böyükləridir", - deyən Atatürk bayram ərəfəsində dövlət idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsinin əsasını qoyub. Bu çərçivədə keçirilən 23 aprel tədbirlərində uşaqlar nitq söyləyir, şeirlər oxuyur. Hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, bələdiyyə sədrləri, kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunan uşaqlardan birinə verir. Azyaşlıların bu vəzifədə verdiyi göstərişlərə də riayət olunur.

Hər il olduğu kimi, bu il də 23 aprel Türkiyədə Milli Suverenlik və Uşaqlar Günü təntənəli şəkildə qeyd edilib. Türkiyənin hər tərəfində həmin gün əsl  bayram əhvali-ruhiyyəsi yaşanıb. Bayram Türkiyə Respublikası dövlət adamlarının, Anıtkabir də daxil olmaqla müxtəlif yerlərdə ucaldılan Atatürk abidələri qarşısında rəsmi mərasimlərlə başlayıb, stadionlarda ibtidai sinif şagirdlərinin rəsmi keçidilə davam edib. Rəsmi tədbirlərdən sonra müxtəlif növ yarışlar keçirilib. Qeyri-hökumət təşkilatları və ya qurumlar tərəfindən təşkil edilən tədbirlərə geniş yer verilib.

Bu gün bütün dünyanın uşaqları Türkiyədə toplaşaraq 23 aprel - Uşaq Bayramını təntənə ilə qeyd ediblər. Belə ki, Milli Suverenlik və Uşaqlar Günü münasibətilə türkdilli dövlətlərdən də bir qrup uşaq Türkiyəyə gətirilib. TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın himayəsi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan uşaqlar İstanbul və Ankarada olublar. Səfər çərçivəsində uşaqlar İstanbul və Ankaranın tarixi və mədəni yerlərini gəzib, bələdçilərin köməyi ilə bu yerlərlə yaxından tanış olublar.

Uşaqlar səfərlərinin ilk günü onlar üçün verilən axşam yeməyində İstanbul valisi Davut Gül və Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla görüşüblər. İstanbul Texniki Universitetində baş tutan görüş barədə təəssüratlarını bölüşən Binəli Yıldırım deyib: "Qədim tariximizi, zəngin mədəniyyətimizi gələcək nəsillərə ən yaxşı şəkildə çatdırmaq üçün çalışırıq. "Türk dünyası 23 aprel görüşməsi" layihəsi çərçivəsində Türkiyəni ziyarət edən övladlarımızla görüşməkdən xoşbəxtəm. Bu gözəl layihədə əməyi olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Milli Suverenlik və Uşaqlar Günü Türkiyədən başqa Şimali Kipr Türk Respublikasında da rəsmi bayram kimi qeyd olunur.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.