Azərbaycan beynəlxalq nüfuzu gündən-günə artan güclü ölkədir
Siyasət

Azərbaycan beynəlxalq nüfuzu gündən-günə artan güclü ölkədir

Ötən əsrin sonlarında mənfur ermənilərin "böyük Ermənistan" yanğısının daha da alovlanması ərazilərimizin 20 faizdən çox hissəsinin işğalı, xalqımızın doğma yurdundan deportasiyası ilə nəticələndi. Müstəqilliyini yenicə bərpa etmiş dövlətimiz öz müqəddəratını həll edə bilmək iqtidarında olmadığından 1 milyondan çox həmvətənimiz məcburi köçkün vəziyyətinə düşdü, xalqımız bəşər tarixində misli görünməmiş Xocalı faciəsini yaşadı. Təbii resurslarından düzgün istifadə olunmaması səbəbindən iqtisadi gücü olmayan Azərbaycan böyük güc sahiblərinə arxalanan Ermənistanın əsassız ərazi iddialarına cavab verə bilmədi.

Beləliklə, ermənilər əzəli torpaqlarımızı işğal edərək bu yerlərdə tariximizi, mədəniyyətimizi yerlə-yeksan etdilər. 30 il erməni işğalı altında qalan ərazilərimiz yer üzündən silindi. Lakin haqlı olsaq da haqq səsimizi dünyaya çatdıra bilmədik. Çünki o vaxt dünya birliyi ilə nə əməkdaşlıq əlaqələri qurulmuş, nə də ölkəmizin zəngin təbii ehtiyatlarından səmərəli istifadə olunması üçün xarici investorlar sərmayə qoyuluşuna cəlb olunmuşdu. Dünyaya çıxışı olmayan, iqtisadiyyatı zəif olan bir ölkənin səsini isə özündən başqa heç kim eşitmir, eşidənlər isə qulaqardına vururdular. Ərazi bütövlüyü pozulmuş, torpaqları zəbt olunmuş, xalqının başına müsibətlər gətirilmiş Azərbaycana haqlı olduğunu sübuta yetirməyə uzun illər lazım oldu.

Azərbaycan həmin dövrlərdə neft və təbii qaz ehtiyatlarının səmərəli işlənməsi istiqamətində uğurlu, dünya səviyyəli layihələrin təşəbbüskarı və icraçısı kimi çıxış etdi. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən neft strategiyası tamamilə çökmüş ölkə iqtisadiyyatının dirçəlməsinə zəmin yaratdı. Bir-birinin ardınca uğurlu layihələrin reallaşdırılması nəticəsində Azərbaycan gündən-günə inkişaf edərək yeni mərhələyə qədəm qoydu.

Beynəlxalq aləmə inteqrasiya olunaraq ikitərəfli formatda əlaqələrini gücləndirən, bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində münasibətlər quran Azərbaycan gücünü, qüdrətini artırdı. Ölkə iqtisadiyyatının, sənaye potensialının inkişafı, ordu quruculuğu istiqamətində islahatlara başlandı və mühüm işlər həyata keçirildi. Bütün bunlar isə uzun illər əraziləri işğal altında qalan Azərbaycanın haqq səsinin daha ucadan eşidilməsinə, xalqımızın haqlı mənafeyinin müdafiə olunmasına böyük imkan yaratdı. Güclü iqtisadiyyata sahib olan Azərbaycan, həm də öz haqlarını müdafiə edən müstəqil ölkə olaraq tanındı və qəbul edildi. Ölkəmiz haqlı olmaqla bərabər, həm də güclü, etibarlı tərəfdaşa çevrildi.

İkinci Qarabağ müharibəsində xalqımız haqqın, ədalətin bərpasına nail oldu. Heç bir ölkədən maddi yardım istəməyən, torpaqlarının 30 illik işğalı dövründə bütün gücünü, potensialını iqtisadiyyatının möhkəmləndirilməsinə sərf edən, milli ordunun maddi-texniki bazasını son texnologiyalara uyğun, müasir tələblər səviyyəsində formalaşdıran, ölkə ərazisində bütün sahələrdə dinamik inkişafa nail olan Azərbaycan 2020-ci il sentyabr ayında dövlətimizin sərhədində təxribatlar törədən düşmənə əks-hücum əməliyyatı ilə cavab verdi. Beynəlxalq qurumların, nüfuzlu təşkilatların 30 il ərzində yerinə yetirə bilmədikləri öhdəlikləri müstəqil, güclü, qüdrətli Azərbaycan təkbaşına həyata keçirdi. Artıq Azərbaycanın haqq səsi dünyanın hər tərəfində duyuldu. Ölkəmizin haqqın, ədalətin uğrunda mücadilə apardığını, öz torpaqlarında erməni silahlı dəstələrinə layiqli cavab verdiyini bütün dünya gördü.

Müstəqilliyinin bərpasının ilk illərində heç bir dövlətin saya salmadığı, tanımadığı Azərbaycan bu gün regionun lider dövlətinə çevrilib. Beynəlxalq layihələrin reallaşmasında Azərbaycanın fikirləri, təşəbbüsləri nəzərə alınır. Gündən-günə güclənən dövlətimiz tərəfindən illər əvvəl irəli sürülən təşəbbüslər bu gün qlobal enerji layihələrinə çevrilib. Vaxtilə neft-qaz sənayesinə yatırılmış sərmayə, yaradılmış əlverişli investisiya iqlimi, xarici investorların sərmayələrinin qorunması, güclü siyasi iradə və qurulan beynəlxalq əməkdaşlıq bugünkü reallıqları mümkün etmişdir. Qlobal və regional enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan və bu istiqamətdə böyük layihələr həyata keçirən ölkəmiz Avropanın və dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Belə ki, neft və qaz ixracına əsaslanan, iqtisadiyyatı dinamik surətdə inkişaf edən Azərbaycan təbii qazını artıq Avropa ölkələrinə də ixrac edir. Avropa İttifaqı üçün Cənub Qaz Dəhlizi ən önəmli layihələrdən biridir. Belə ki, Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılır. Digər tərəfdən isə Avropa bazarı Azərbaycan üçün ən əlverişli bazardır. Artıq ölkəmiz öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri ilə çıxararaq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə kommersiya məqsədli qazın nəqlinə başlayıb və bununla da Azərbaycan dünyada ən çox təbii qaz idxal edən Avropanın qaz bazarına birbaşa çıxış əldə edib. Nəhəng neft-qaz, eyni zamanda bərpa olunan enerji ehtiyatlarına malik olan Azərbaycan uğurlu enerji siyasəti yürüdür. Energetika sektorunda, xüsusən də təbii qaz və bərpa olunan enerji mənbələri, mineral kəşfiyyat sahələrinə qarşılıqlı investisiyaların təşviqi, yeni işgüzar əməkdaşlıq münasibətlərinin qurulması və birgə müəssisələrin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutan müqavilələrin, sənədlərin imzalanması müstəqil Azərbaycanın nüfuzunu gündən-günə daha da artırır, güclü ölkə, eyni zamanda haqlı tərəf kimi beynəlxalq arenada öz sözünü deməyə imkan yaradır.

Mehparə ƏLİYEVA,

"Respublika".