Bütövləşən Azərbaycan
Siyasət

Bütövləşən Azərbaycan

Sərhədlərimizin tam nəzarətə götürülməsi hər bir vətəndaşa qürur yaşadır

"Müstəqil Azərbaycan Respublikasının dövlət sərhədləri respublikamız dövlət müstəqilliyini əldə etdiyi, Azərbaycanın beynəlxalq təşkilatlar, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanındığı və qəbul olunduğu andan müəyyən edilibdir. Bu, SSRİ dağılarkən Sovetlər İttifaqının tərkibində olan Azərbaycan Respublikasının sərhədləridir. O vaxt bizim xalqımız, dövlətimiz bu sərhədləri öz müstəqil dövlətinin sərhədləri kimi qəbul edib və beynəlxalq təşkilatlar da, dünya birliyi də bu sərhədləri tanıyıblar...". Ümummilli lider Heydər Əliyev dövlət sərhədinin müstəqilliyimizi, suverenliyimizi nümayiş etdirən müqəddəs amil olduğunu qeyd edərkən həm də deyib: "...hər bir vətəndaş Azərbaycanın müstəqilliyi haqqında, öz müstəqil dövləti haqqında, müstəqil ölkəsi haqqında danışarkən sərhəd məfhumu, sərhəd anlayışı birinci sıralarda durur".

2003-cü il aprel ayının 21-də indiki Heydər Əliyev Sarayında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilirdi. Ulu öndər də fəxri kürsüdə idi. Bu, bəlkə də onun həyatının ən xoşbəxt anları idi, sevinci yerə-göyə sığmırdı, artıq arzularına çatmışdı. Bundan əziz, gözəl gün olardımı? Bir vaxt kövrək addımlarla onun qarşısından keçən 13, 14, 15 yaşlı uşaqlar bu gün general, admiral, yüksək rütbəli zabitlər kimi böyük rəhbərlə görüşə gəlmişdilər.

Ötən illərin xatirələri yumaq olub çözələnirdi. Kimi hər ilin 9 May günü böyük rəhbərin görüşə gələcəyi anları necə səbirsizliklə gözlədiyini yada salır, kimi komandirlik etdiyi xidmət sahəsinin, qoşun növünün uğur və nailiyyətlərindən danışır, kimi cəbhədə ondan xeyir-dua alaraq böyük qələbə əzmi ilə döyüşlərə atıldığı anları xatırlayır, kimi aldığı mükafatın qürurunu yenidən yaşayırdı. Sabahın sərhədçiləri olacaq gənclər sanki sirli-sehrli nağıllar aləminə düşmüşdülər. Xəyal atlarının qanadlarında onlar da böyüyüb zabit olmuş, general, admiral rütbəsinə ucalmışdılar. Dünya tamamən özgə rəngə boyanmışdı. Barıt qoxusu, qan qoxusu yer üzündən çəkilmişdi. Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı... azad edilmişdi. Ağbirçək nənələrin, doğma ocaqlarına dönməyincə ağ kəfən geyməyəcək ixtiyar babaların da onillik həsrətinə son qoyulmuşdu. Qaçqın düşərgələrinin yerində inşa edilmiş rəmzi çadır abidəsinin önündə qələbəlik var idi. Bir vaxtlar burada dünyaya gəlmiş körpələr indi gənc nəslə bu qərib məkanda keçirdikləri ağrılı-acılı günlərdən danışırdılar. Günəşin üzü gülürdü. Zəmilərdə sünbüllər dən-dən olmuş, xırmanlar dolub-boşalır, elin varı başdan aşırdı. Daha güclü, daha qüdrətli Azərbaycan əsgəri sülhün, əmin-amanlığın keşiyində dayanmışdı. Müstəqilliyimiz etibarlı qorunurdu. Sərhədçilərimiz Vətənin müqəddəs hüdudlarında mübariz keşikdə idilər. Ulu öndər Heydər Əliyevin yetirdiyi yüzlərlə, minlərlə peşəkar hərbçi polad cərgələrdə dayanaraq Ali Baş Komandanın əmrini gözləyirdi.

O tarixi anlardan düz 17 il sonra xəyal kimi görünənlər gerçəyə döndü. 44 günlük Vətən müharibəsində Azərbaycanın daha parlaq gələcəyinə inam qələbə çaldı. Qalibiyyət bayrağımız yenə də əzəmətlə dalğalandı. Ulu öndərin layiqli davamçısı, Prezident, Ali Baş Komandan da elə ulu öndər tərəfindən təməli qoyulan, sonrakı illərdə daha da güclənən ordumuza güvənirdi. Qanunla, hüquq normaları çərçivəsində tanınan sərhədlərimizin bərpası onun qarşısında duran əsas vəzifələrdən biri idi. Və bütün çıxışlarında da bunu qeyd edir, torpaqlarımızın azad olunacağını, sərhədlərimizin bərpa ediləcəyini əminliklə söyləyirdi.

Maraqlıdır, vaxtilə eyni dövlətin tərkibində yaşayan, eyni qanunlar çərçivəsində idarə edilən, bəlli sərhədlərini bilən dövlətlər azadlıq əldə edər-etməz biri digərinin torpaqlarını zəbt etmək sevdasına düşərkən bu "gücü", "qüvvəni" haradan alırdı görəsən? Ermənistan üçün sərhəd məfhumunun heçmi bir mənası, əhəmiyyəti yox idi. Tarixi torpağımızda qurduğu dövlətin sərhədlərini genişləndirmək məqsədilə halal torpaqlarımızın 20 faizini işğal etməklə qətliamlar, soyqırımları törətmişdi. Çünki bu ədalətsiz dünyanın ədalətsiz "qanunlarına" söykənirdi. Danışığa gəlmir, qanunlara tabe olmurdu. Çünki "dəmir yumruğ"un dadını görməmişdi. Qəribə məxluqdurlar ermənilər. Başlarına gələnlərdən dərs çıxarmağı bacarmırlar. Vətən müharibəsi də onlara dərs olmadı. Kapitulyasiya aktına imza atsa da, bizim üçün müqəddəs olan sərhədlərimizə hörmət etmədi. Dövlətimizin humanistliyinə dəyər vermədi, onlara istifadə üçün verilən Laçın yolundan quldurluq məqsədilə istifadə etdi, terrorlar, təxribatlar törətdi. Cızıqdan çıxan düşməni isə yerində oturtmağın vaxtı çatmışdı. Dövlətimizin başçısı qətiyyətlə bildirdi: tezliklə Laçın yolunda postumuz qurulacaq!

2023-cü il fevralın 18-də Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra yerli televiziya kanallarına müsahibəsində bildirdi: "Eyni zamanda, bildirdim ki, yaxşı olardı ki, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik. Bu gün rəsmən vermişik. Əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdı. Ermənistan tərəfindən hər hansısa bir mövqe səsləndirilmədi, yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etməyə".

Təbii ki, ermənilər də, havadarları da istəmirdi bunu. Ancaq bu post quruldu. 2023-cü il aprelin 23-ü dövlət sərhədlərinin tam bərpası günü kimi tarixə yazıldı.

Ermənilər bununla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdi: "Azərbaycan bizim terror, təxribat yolumuzu bağlayıb", - deməyə qeyrətləri (?!) çatmadı, "Qabağdakı ermənilər blokadadadır", - dedilər. Ancaq kökündən laxlayan bir qurumun məhkəməsi olsa da, Beynəlxalq Ədalət Məhkəməsi ermənilərin tələblərini rədd etdi. Ölkəmiz hüquqi müstəvidə mübarizəsini davam etdirir. Belə də olmalıdır. Məsəl var deyirlər: "Ölünü özbaşına buraxsan, kəfəni yırtar!". Hələlik isə ermənilər öz gülünc hərəkətləri ilə dünyanın gözü qarşısında iyrənc simalarını yırtırlar...

Erməniləri deyə bilmərəm, bizim üçün sərhəd müqəddəsdir, tarix boyu torpaqlarımız uğrunda gedən mübarizə, müharibələr də bunu göstərir. Sərhəd dövlətlər arasında bir həddir. Bu həddi aşanların isə öz cəzası var.

Zümrüd QURBANQIZI,

"Respublika".