Cənubi Qafqazda əmin-amanlığın bərqərar olması üçün vacib şərt
Siyasət

Cənubi Qafqazda əmin-amanlığın bərqərar olması üçün vacib şərt

Uğurlu daxili və xarici siyasət yürüdən Azərbaycan beynəlxalq aləmdə dünya dövlətləri ilə səmimi dostluq münasibətlərinin qurulmasında, iqtisadi-ticari əlaqələrin genişləndirilməsində maraqlı olan, xalqların birgəyaşayışına böyük önəm verən, sülhü, əmin-amanlığı təşviq edən ölkə kimi tanınır. Uzun illər işğal altında qalmış torpaqlarını öz daxili gücü hesabına işğaldan azad edən respublikamızın uğurlarına sevinən dövlətlərlə yanaşı, onun müstəqil siyasət yürütməsinə,  iqtisadiyyatının dinamik inkişafına qısqanclıqla yanaşan ölkələr də az deyil. Ötən əsrin sonlarında ərazi bütövlüyümüzü pozan Ermənistanın arxasında da məhz həmin dövlətlər dayanır, münaqişənin sülh yolu ilə həllinə imkan vermirdilər. Respublikamızın 20 faizdən çox ərazisini işğal edən təcavüzkar ölkənin əməllərinə göz yuman, beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırmaq əvəzinə, ona yardımlar, qrantlar verən həmin dövlətlər bu gün də eyni missiyanı həyata keçirir, işğalçını dəstəkləyirlər. Azərbaycanın iqtisadi inkişafını, hərbi qüdrətini qəbul edə bilməyən ermənipərəst qüvvələr regionda sabitliyin, təhlükəsizliyin deyil, qarşıdurmaların, münaqişələrin yaranmasına çalışır və bu məqsədlə iki ölkə arasında sülh prosesinin irəliləməsinə mane olurlar.

Ermənistanın xalqımıza qarşı  insanlıq adına sığmayan, terrorçu, təxribatçı əməllərinə rəğmən müharibənin bitməsindən sonra Azərbaycan danışıqlara başlamaq, sülh sazişi imzalamaq təşəbbüsünü irəli sürdü. Münaqişələr meydanına çevrilən Cənubi Qafqazda əmin-amanlığın təmin olunması üçün Ermənistana təklif olunan sülh paketinin əsasını ölkələrin ərazi bütövlüyünün tanınması, qarşılıqlı şəkildə hər hansı ərazi iddialarından imtina, güc tətbiq etməmək və ya güclə hədələməmək, Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılmasından ibarət 5 baza prinsipi  təşkil edir. Heç bir ölkənin ərazisində gözü olmayan Azərbaycan müharibədən ötən 3 il ərzində qonşu dövləti sülhə, əmin-amanlığa, başqa ölkələrin təsir dairəsindən çıxıb müstəqil siyasət yürütməyə çağırsa da qarşı tərəf bu prosesə müsbət yanaşmırdı. Ötən ilin sentyabr ayında ölkəmiz antiterror tədbirləri keçirərək öz əraziləri üzərində suverenliyini tam bərpa etdikdən sonra  mahiyyət baxımından real danışıqlara başlanıldı. Azərbaycan tərəfindən təqdim olunan sülh paketinə "Dağlıq Qarabağ" məsələsinin salınmasını israr edən məğlub ölkə  öz yanlış, beynəlxalq qanunazidd olan fikrindən daşındı. Artıq hadisələrin gedişi bir daha göstərir ki, heç bir vasitəçi olmadan, üçüncü tərəf çirkin məqsədləri naminə məsələyə müdaxilə etmədən iki ölkə öz aralarında beynəlxalq hüququn normalarına və praqmatik yanaşmaya əsaslanaraq razılığa gələ bilərlər. Aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda ölkə başçımız bu barədə demişdir: "Hesab edirəm ki, indi biz Ermənistan tərəfinin cavabını gözləməliyik. Amma yenə də müzakirə olunan məsələnin mahiyyətinə qayıdaraq hesab edirəm ki, biz razılaşmaya ola bilsin heç vaxt olmadığı qədər yaxınıq. Çünki işğal dövründə biz razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq…İndi sülh razılaşmasının necə olmalı olduğuna dair bizdə ümumi anlayış var. Biz, sadəcə, təfərrüatlar üzərində çalışmalıyıq. Lakin əlbəttə ki, hər iki tərəfə vaxt lazımdır, çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər iki ölkə üçün tarixi razılaşma olacaqdır".

Sözsüz ki, bu tarixi razılaşma ilə Cənubi Qafqaz sabitlik, təhlükəsizlik, inkişaf, əməkdaşlıq məkanına çevriləcək, Zəngəzur dəhlizinin bərpası dayanıqlı regional əməkdaşlıq mühiti yaradacaq. Region ölkələrinin malik olduqları potensialdan birgə, səmərəli istifadə bölğənin inkişafı ilə yanaşı, qarşılıqlı faydalı əməkdaşlığa da geniş imkan yaradacaq. Bütün bunlar isə ilk növbədə iqtisadiyyatı çökmüş Ermənistana hava, su kimi lazımdır. Belə ki, region ölkələri Gürcüstan və Azərbaycan enerji təhlükəsizliyi və yükdaşımalarda hər hansı çətinliklərlə üzləşmir, Ermənistan isə artıq uzun illərdir ki, bölgədə reallaşan beynəlxalq layihələrdən təcrid olunub. Eyni zamanda  Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan kimi Qara dənizin dibi ilə çəkiləcək kabelə qoşulmaqla əlavə enerji imkanları əldə etmək istəyən Ermənistan ölkəmizə qarşı düşmən mövqeyində olması səbəbindən bu istəyini gerçəkləşdirə bilmir. Çünki dayanıqlı regional əməkdaşlığın əsasında məhz qonşu ölkələrlə normal münasibət dayanır.

Müstəqil siyasət yürüdən Azərbaycanın sülh təklifinə qarşı düşmən tərəfin adekvat cavabı, region ölkələrinin potensialından səmərəli istifadə, ən əsası isə regional proseslərə qoşulması Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olması üçün vacib şərtdir. Postmüharibə dövründə Ermənistana sülh müqaviləsi üzərində işləmək üçün bir sıra təkliflər təqdim edən, bundan sonra heç bir müharibənin baş verməməsinə səy göstərən, bölgədə sülhə, təhlükəsizliyə töhfə verən ölkəmiz xoş gələcək, mehriban qonşuluq, etibarlı tərəfdaşlıq mövqeyi nümayiş etdirir. 30 illik işğal zamanı  Ermənistanın etdiyi ədalətsizliyə, xalqımızın düçar olduğu əziyyətlərə, əzəli torpaqlarımızda törətdikləri vandalizm və barbarlığa baxmayaraq, Azərbaycan maksimal konstruktivlik göstərərək sülh müqaviləsi bağlamağa hazırdır. Qarşı tərəf dövlətimizin bu humanist addımını dəyərləndirməli, beynəlxalq hüquqa əsaslanan sülh şərtləri ilə razılaşmalı və qısa müddətdə bu sazişi imzalamalıdır. "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda ölkə başçımız Azərbaycanın öz gələcəyini  real vəziyyətə əsaslanaraq planlaşdıracağını vurğulayaraq deyib: "...Əgər onlar sülh razılaşmasını istəmirlərsə, biz bu müqaviləsiz də yaşaya bilərik, amma bu razılaşma olmadan bizimlə yanaşı yaşamaq onlar üçün rahat olacaqmı? Mən belə düşünmürəm"...      

Mehparə ƏLİYEVA,

"Respublika".