Revanşistlərin populizmi hayastanda xaosu dərinləşdirir
Siyasət

Revanşistlərin populizmi hayastanda xaosu dərinləşdirir

Bildiyimiz kimi, klassik məntiq sadəcə doğru və ya yalan olan nəticələr çıxarmağa icazə verir. Bununla belə dəyişkən cavablı hökmlər də mövcuddur. Qeyri-səlis məntiq insanların qeyri-dəqiq və rəqəmi olmayan məlumatlara əsaslanaraq qərarlar qəbul etməsinə söykənir. Qeyri-səlis modellər qeyri-müəyyən olan məlumatları tanımaq, təmsil, manipulyasiya, şərh və istifadə etmək qabiliyyətinə malikdir.

Klassik məntiqi "ağ-qara" məntiq də adlandırmaq olar. Ermənistan baş naziri Nikol Paşinyanın çıxışlarını təhlil etdikdə, "ağ-qara" məntiq nəzəriyyəsi ortaya çıxır. Belə ki, onun dediyi nə ağdan ağdır, nə də qaradan qara. Nikol çox vaxt boz olmağı seçir. Yəni qeyri-səlis məntiqi. O, məlumatları manipulyasiya edir.

İrəvan Dövlət Universitetində 1991-1995-ci illər arasında jurnalistika fakültəsində təhsil alan Paşinyan siyasi nümayişlərdə iştirak etməsi səbəbindən universitetdən uzaqlaşdırılıb. O, bir jurnalist kimi manipulyasiya bacarığına malikdir. Bu bacarığı isə öz xalqına qarşı istifadə edir. Ermənistanın baş naziri Nikol Paşinyanı bir çox xüsusiyyətinə görə populist siyasətçi kimi səciyyələndirmək olar. O, 2018-ci ildə korrupsiyaya qarşı kütləvi etirazlar və siyasi dəyişiklik istəyi ilə yaddaqalan "məxməri inqilab" zamanı tanınıb.

Xalq kütlələrinin rəğbətini qazanmağa yönəlmiş ictimai fəaliyyətə populizm deyilir. Dünya miqyasında populist hərəkatlar arasında ümumi cəhət və fərqlər müxtəlif sosial-siyasi kontekstləri, tarixi keçmişi və ictimai əhvali-ruhiyyəni gücləndirən məsələləri əks etdirir. Burada bəzi ümumi müşahidələr var. Populistlər çox vaxt formalaşmış siyasi elitalara, institutlara və ənənəvi siyasi partiyalara ümumi inamsızlıq və ya narazılıq ifadə edir, tez-tez milli kimliyi, mədəniyyəti və suverenliyin xarici təhdidlərə qarşı qorunmasını vurğulayaraq millətçiliyi qabardırlar. Populist liderlər öz tərəfdarları ilə rezonans doğuran və ictimai çağırışlar üçün aydın izahat verən sadə hekayələr təklif edərək, mürəkkəb məsələləri sadələşdirməyə meyillidirlər. Bu liderlər tez-tez emosional səviyyədə ictimaiyyətlə əlaqə qurur, özlərini "xalqın çempionu" kimi təqdim edirlər. Çox vaxt siyasi dinamika "xalq" ilə korrupsioner və ya uzaq elita arasında mübarizə kimi qələmə verilir. Bu, "biz onlara qarşı" düşüncəsini inkişaf etdirir.

"Məxməri inqilab" mövcud siyasi elitaların qəbul edilən korrupsiya və səmərəsizliyinə qarşı bir hərəkat idi. Paşinyan Ermənistanda müxtəlif təbəqələrdən olan insanları bir araya toplamaqla kütləvi səfərbərlik yolu ilə dəstək qazanıb, populist yanaşmanı əks etdirən birbaşa ictimaiyyətə müraciəti ilə yadda qalıb. Paşinyan tez-tez ictimaiyyətlə effektiv ünsiyyət quran "xarizmatik" lider kimi qələmə verilir. Əslində isə infantil siyasət yürüdən dövlət başçısıdır. 

Paşinyanın mətnlərində zorakılığa yol verilməməsi tez-tez vurğulansa da, onun bir çox hərəkəti dediyinə uyğun deyil. Belə ki, Paşinyan baş nazir seçildiyi ilk zamanlar "Bu ölkədə mənim dediklərimi etməyən hakim varmı?" şüarı ilə məhkəmələrin blokadaya alınması, Konstitusiya Məhkəməsində hakimlərin dəyişdirilməsi, müstəqil məhkəmə sisteminin məhv edilməsi təşəbbüsü ilə çıxış edib.

Populist hərəkatların siyasi gündəmləri müxtəlifdir. Bəziləri iqtisadi məsələlərə diqqət yetirsə də, digərləri mədəni və ya sosial qayğılara üstünlük verir. Siyasətlər qloballaşmadan tutmuş immiqrasiya əleyhinə mövqelərə qədər dəyişə bilər. Geosiyasi kontekst populist hərəkatlara əhəmiyyətli dərəcədə təsir edir. Onların meydana çıxması və xüsusiyyətləri regional və milli amillər, tarixi hadisələr və hər bir ölkənin üzləşdiyi spesifik çağırışlarla formalaşır. Populizmin artmasında sosial-iqtisadi şərait rol oynayır. İqtisadi bərabərsizlik, işsizlik və sosial ədalətsizlik anlayışı populist mesajların cəlbedici görünməsinə səbəb olur. Hansı ki, bu ssenari Ermənistana uyğundur.

Populist liderlər tez-tez öz bazası ilə əlaqə yaratmaq üçün millətçi hisslərə köklənirlər. Nikol xüsusilə Qarabağ münaqişəsi kontekstində erməni maraqlarının müdafiəsini vurğulayaraq millətçi ritorikaya əl atıb. Paşinyan demokratiya və qərarların qəbulunda ictimaiyyətin iştirakına sadiqliyini ifadə edib. Bu da liderlərlə xalq arasında birbaşa əlaqəni vurğulayan populist meyillərə uyğun gəlir. Nikolun bəzi siyasi qərarları məsələn, Qarabağ münaqişəsinin həlli üçün atdığı addımlar mübahisəli olub. Paşinyan hakimiyyətinin Ermənistan daxilində həm güclü tərəfdarları, həm də kəskin tənqidçiləri var. Bu isə ölkədə qütbləşmə yaradır. Populist liderlər çox vaxt ictimai rəyi qütbləşdirir.

Paşinyan hakimiyyətə gələndə bir növ Ermənistanın pərdəarxasında apardığı siyasəti ifşa etdi, ölkəsinin əsl niyyətini ortaya qoydu. O dedi ki, işğal edilmiş ərazilər faktiki olaraq Ermənistandır.

Prezident İlham Əliyev bildirib ki, 2019-cu il ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirdi. Onlar gah deyirdilər ki, qondarma "respublika" müstəqil dövlətdir və Azərbaycan bu dırnaqarası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Dövlət başçısı, həmçinin qeyd edib ki, Qarabağda müstəqil dövlət yoxdur, bu qanunsuz qurumu heç bir ölkə, o cümlədən Ermənistan da tanımayıb. Danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılıb. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilib.

Bununla yanaşı, haylar deyirdilər ki, Qarabağ Ermənistandır və nöqtə. Prezident İlham Əliyev bildirib ki, belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Qarabağ Ermənistan deyil və bunu bütün dünya bilir.

Populist lider kimi, Nikol Paşinyanın bu kimi açıqlamaları təəccüb doğurmayıb. O, elə bu gün də bu kimi populist açıqlamalarını davam etdirir. Paşinyanın belə çıxışları və bəyanatları tərəflər arasında danışıqlar prosesinin pozulmasına səbəb olub. Ermənistan cəmiyyətini faktiki olaraq uçuruma aparıb. Baş nazir belə açıqlamalar verməklə xalqını revanşizmə həvəsləndirib. Bu gün Ermənistanda əhalinin yarıdan çoxu qisasçı düşüncədədir. Onlar öz konstitusiyalarında Qarabağa olan ərazi iddiası və türklərin ermənilərə soyqırımı etməsi yalanını əks etdirən maddələrin dəyişdirilməsinin əleyhinədirlər. Bu mənzərəni Nikol populist açıqlamalar verməklə yaradıb. İndi də bunu düzəltmək Paşinyanın məsuliyyətidir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".