Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin müavinini regionda mövcud vəziyyət barədə məlumatlandırıb
Gündəm

Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin müavinini regionda mövcud vəziyyət barədə məlumatlandırıb

Oktyabrın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Respublika"ya bildirilib ki, görüşdə Azərbaycan və ABŞ arasında əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov hazırda regionda mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıraraq, Azərbaycan tərəfindən görülən antiterror tədbirləri nəticəsində 30 illik işğal dövrünün qalıqları və əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrinin və separatçı rejimin mövcudluğuna son qoyulmasının əhəmiyyətini vurğulayıb.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, habelə Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin reinteqrasiya prosesinin qarşısında duran ən böyük maneələrdən birinin aradan qaldırıldığı bildirilib.

Nazir bölgədə sülh üçün yaranmış hazırkı şəraitdə ölkəmizin hər zaman olduğu kimi sülh gündəliyinin irəli aparılmasında qərarlı olduğunu, bu xüsusda beynəlxalq ictimaiyyətin də konstruktiv mövqeyinin vacibliyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.