Ceyhun Bayramov ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb
Digər xəbərlər

Ceyhun Bayramov ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb

24 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak məqsədilə ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfeltin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikası Milli Məclisinin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq konfransın qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Parlamentlərarası dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, ölkəmiz tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq layihələri barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.

Bununla yanaşı, davam edən mina təhdidləri, Üçtərəfli bəyanat çərçivəsində Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi, aprel ayında əsir götürülmüş azərbaycan hərbçilərinə qarşı zorakılıq və onların qaytarılmaması, itkin düşmüş şəxslər barədə məlumat verilməməsi kimi məsələlərə diqqət çəkilib.

“Respublika”.