Ceyhun Bayramov Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini ilə görüşüb
Digər xəbərlər

Ceyhun Bayramov Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini ilə görüşüb

Fevralın 28-də xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Valid bin Abdulkərim Əl-Xureyci ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında tarixi və dini cəhətdən bir çox ortaq cəhətlərin olduğu vurğulanaraq, Azərbaycanın bu əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyi diqqətə çatdırılıb.

Diplomatik əlaqələrin qurulmasından ötən 30 il müddətdə iki ölkə arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etdiyi qeyd olunaraq, bu gün ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Bu xüsusda, ali və yüksək səviyyəli təmasların, o cümlədən qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edilərək, belə təmasların münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığı bildirilib.

Söhbət zamanı iki ölkə arasında ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq formatlarda faydalı əməkdaşlığın mövcudluğunu vurğulayan Ceyhun Bayramov beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda, Səudiyyə Ərəbistanının, xüsusilə də BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dəstəyi yüksək qiymətləndirilib.

Nazir iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri kimi enerji, kənd təsərrüfatı, turizm, alternativ enerji sahələrində mövcud əməkdaşlıq imkanlarından bəhs edib, həmin sahələrdə birgə uğurlu layihələrin həyata keçirildiyini, bu işlərin genişləndirilməsi üçün perspektivlərin olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycanın Ermənistanla sülh prosesi istiqamətində atdığı addımlar və təşəbbüslər, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri, həyata keçirilən irimiqyaslı layihələr barədə qarşı tərəfə məlumat verilib.

Nazir Ceyhun Bayramov ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyindən bəhs edərək, COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün əhəmiyyətini vurğulayıb.

Görüşdə ikitərəfli və regional əməkdaşlıq gündəliyində duran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.