Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı yalanları
Digər xəbərlər

Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı yalanları

Ermənistanın Azərbaycana qarşı şər və böhtan xarakterli hərəkətləri artıq bizim üçün gözləniləndir. Çünki bu kimi halların dəfələrlə şahidi olmuşuq. Ola bilsin ki, belə hallar hər hansı bir psixoloji pozuntunun əlamətidir. Məsələnin mahiyyətinə varanda aydın olur ki, ermənilər üçün bu hal labüddür. Əgər onların psixoloji durumları yerində olsaydı, özlərinə sərfəli, xeyirli tərəfi fikirləşər, Azərbaycan kimi yaxın, hərtərəfli xeyirli qonşunun ətəyindən yapışıb, sakit sülh şəraitində yaşamağı üstün tutardılar. İkinci Qarabağ müharibəsi bitdikdən sonra, Azərbaycan bütün mümkün variantları Ermənistan tərəfinə təklif edir. Ölkəmiz sülh və əmin-amanlıq şəraitində yaşamaq, dinc qonşuluq münasibətləri qurmaq üçün addımlar atır. Lakin Ermənistan  tərəfi öz çirkin əməllərindən əl çəkmir. Azərbaycanla bağlı şər-böhtan dolu dezinformasiya yaymağa davam edir.

İndi də əlləri hər yerdən üzülən haylar öz mənasız mübarizələrini Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyətini şantaj etməklə davam etdirirlər. Ermənistan XİN imkan düşən kimi, Laçın sərhəd-buraxılış məntəqəsindən istifadə edən Qarabağ ermənilərinin guya təzyiqlərə məruz qaldıqlarını yalandan aləmə car çəkir. Azərbaycan dövlətinin fəaliyyətinə və regionun sabitliyi uğrunda apardığı işlərə kölgə salmağa çalışırlar. Qonşu dövlətin XİN-i bir şeyi anlamır ki, Laçın sərhəd-buraxılış məntəqəsi sülh və sabitliyin təmin edilməsi üçün yaradılıb. Baxmayaraq ki, Ermənistan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalayıb, bölgədə sülh və sabitliyin bərpa olunmasına razılıq verib. Bütün bunlara baxmayaraq, yenə də xain əməlləri ilə bölgədə yenidən gərginlik yaratmağa çalışır. Bu isə ondan irəli gəlir ki, Ermənistan işğaldan azad edilən Qarabağ torpaqlarına azərbaycanlıların qayıdışını həzm edə bilmir. Ona görə də açıq şantaj və böhtana əl atır. Bölgəyə gizli yollarla silahlı dəstələr yerləşdirməyə çalışır. Qanunsuz mina basdırılmasına cəhd edir.

Dəfələrlə Ermənistan silahlı qüvvələri Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı hərbi təxribatlar törədiblər. Bu isə, Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı açıq təcavüzdür. Hazırda elə bundan qabaq da ermənilərin Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst və maneəsiz şəkildə keçməsinə heç bir əngəl yoxdur. Əksinə, erməni vətəndaşlar Azərbaycan tərəfinin onlara qarşı diqqətli davranmasından razıdırlar. Dəfələrlə şahidi olmuşuq ki, erməni əsilli əhali buraxılış məntəqəsində sərhədçilərin xidmətindən razılıq edərək, öz təşəkkürlərini  bildiriblər. Ermənistan tərəfi isə bu kimi hallardan narahatdır. Onları narahat edən əsas məsələlərdən biri Qarabağ ermənilərinin Azərbaycan meyilli olmasıdır. Qarabağda yaşayan erməni əsilli əhali öz gələcək müqəddəratlarının Azərbaycandan asılı olduğunu çox gözəl bilir. Onlar anlayır ki, öz şər-böhtan və xain əməlləri ilə Ermənistan dövləti heç bir inkişafa nail ola bilməyəcək. Qarabağlı ermənilərin isə gələcək rahat həyatı yalnız Azərbaycanla bağlıdır. Bunu Ermənistan tərəfi çox gözəl anlayır. Birbaşa təsir edə bilmədiyindən dezinformasiya və böhtana əl atır. Lakin bütün dünya ölkəmizin mövqeyindən xəbərdardır və Azərbaycanın sülh və asayiş tərəfdarı olduğunu yüksək qiymətləndirir.

Nəticədə, Ermənistan XİN-i Laçın sərhəd-buraxılış məntəqəsinin xidməti ilə bağlı yalan məlumatlar yayır. Dəfələrlə Laçın sərhəd-buraxılış məntəqəsinə hücumlar etməkdən belə çəkinməyib. İyul ayının 15-də Dövlət Sərhəd Xidmətinə hücumu da qonşu dövlətin yeni münaqişə yaratmaq istiqamətində növbəti addımıdır. Hərbi qulluqçumuzun yaralanması və sərhəddə olan hücum həmlələri ermənilərin əsl simasını dünyaya göstərir. Lakin Ermənistan tərəfi öz əməllərini ört-bastır etmək məqsədilə dünyanı aldatmağa, yalan informasiyalar yaymağa çalışır. Bütün bunlar yolverilməzdir. Azərbaycan tərəfi qonşu dövlətin ərazimizə qarşı təxribatlarını pisləyir və erməniləri 10 noyabr Bəyanatının şərtlərinə əməl etməyə çağırır. Baş vermiş hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur ki: "İyulun 15-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş Ermənistan silahlı qüvvələrinin Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı hərbi təxribatını qətiyyətlə pisləyirik. Buraxılış məntəqəsindən erməni sakinlərin heç bir çətinlik olmadan sərbəst hərəkətini həzm edə bilməyən Ermənistanın bu hərbi təxribatı Ermənistanın Azərbaycanla münasibətlər qurmaqda və sülh prosesində maraqlı olmadığının bariz nümunəsidir".

Ramidə YAQUBQIZI,

"Respublika".