Ceyhun Bayramovla Mövlud Çavuşoğlu postmünaqişə dövründə regionda mövcud vəziyyəti müzakirə ediblərCeyhun Bayramovla Mövlud Çavuşoğlu postmünaqişə dövründə regionda mövcud vəziyyəti müzakirə ediblər
Siyasət

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu postmünaqişə dövründə regionda mövcud vəziyyəti müzakirə ediblərCeyhun Bayramovla Mövlud Çavuşoğlu postmünaqişə dövründə regionda mövcud vəziyyəti müzakirə ediblər

Aprelin 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.

"Respublika" xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regionda hazırkı vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov hansı vəzifədə çalışmasından asılı olmayaraq, Azərbaycan ilə Türkiyə arasında mövcud möhkəm qardaşlıq və dostluq münasibətlərinə verdiyi töhfələrə görə M. Çavuşoğluna təşəkkür edib.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu diqqətə çatdırılıb. Xüsusilə ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərindən sonra baş tutan andiçmə mərasimində dövlətimizin başçısının TDT ilə bağlı söylədiyi tarixi fikirlərin Təşkilatın inkişafı ilə bağlı səylərimizin bundan sonra da davam etdiriləcəyini sübuta yetirdiyi vurğulanıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan ilə Ermənistan arasında sülh prosesi, aparılan danışıqlar və mövcud çağırışlardan bəhs edən nazir Ceyhun Bayramov bölgəmizdən uzaqda yerləşən bir sıra dövlətlərin regional sülh və inteqrasiya səylərinə, habelə kövrək normallaşma prosesinə təhdid törədən birtərəfli mövqe nümayiş etdirməsinin narahatlıq doğurduğunu diqqətə çatdırıb.

M.Çavuşoğlu ölkəmizdə səfərindən, aparılan faydalı fikir mübadiləsindən, habelə nümayiş olunan yüksək qonaqpərvərlikdən məmnunluq duyduğunu ifadə edib.

O, bundan əvvəl Türkiyənin xarici işlər naziri qismində fəaliyyəti dövründə olduğu kimi, hazırkı vəzifəsinin icrası zamanı da iki ölkə arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Regional sülh və təhlükəsizliyin bərqərar olunmasına törədilən təhdidlərlə bağlı Azərbaycanın haqlı mövqeyinin və narahatlıqlarının öz növbəsində Türkiyə tərəfindən də daim dəstəkləndiyi vurğulanıb.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.