CİDANI ÇUVALDA GİZLƏTMƏK OLMAZ
Digər xəbərlər

CİDANI ÇUVALDA GİZLƏTMƏK OLMAZ

Azərbaycanın İrandakı səfirliyində baş vermiş qanlı olay rayonumuzun ağsaqqallarını, ziyalılarını, din xadimlərini, sadə vətəndaşlarını hədsiz qəzəbləndirib.

Tarixə nəzər saldıqda İranın həmişə terrora, qətliamlara dəstək verdiyinin şahidi oluruq. 1828-ci ildə İranla Rusiya arasında imzalanan Türkmənçay müqaviləsindən sonra yazıçı Aleksandr Qriboyedov İrana rəsmi səfir təyin edilir. Elə həmin ildə o, səfirliyin binasında qətliam nəticəsində öldürülür. Bu barədə Aleksandr Qriboyedovun həyat və yaradıcılığının, diplomatik fəaliyyətinin araşdırıcısı, tanınmış tarixçi, Rusiyanın əməkdar mədəniyyət işçisi Sergey Dmitriyev yazır: "Milliyyətcə erməni olan xacə İran şahının maliyyə məsələlərinə baxırdı. O, Tiflisdə əsir götürülən ermənilərdən idi. Bir sıra tarixçilər erməni xacənin ingilis kəşfiyyatının casusu olduğu qənaətindədirlər. O, Aleksandr Qriboyedovun ölümü ilə nəticələnən təxribatın törədilməsinin əsas səbəbkarı idi. Bu işdə əsas rolu xacə oynayırdı. Onu Qriboyedovun yanına göndərmişdilər ki, orada iğtişaş salsın.

İran şahı xacəni pul oğurlamaqda ittiham edir, xacə isə Qriboyedovla görüşməyə can atırdı. Qriboyedov onu qəbul etmək istəməsə də, xacə rüşvət müqabilində qəbula düşə bilmişdi. İngilislər İran tərəfinin oğru bir şəxsin rus səfiri tərəfindən himayə olunmasının mənfi reaksiya doğuracağını yəqin etmişdilər. Belə də oldu. Səfirlikdə Qriboyedovla birlikdə olan 37 nəfər vəhşicəsinə qətlə yetirildi. Erməni xacənin ingilis casusu olmasına dair çoxlu sübutlar var".

Təxminən iki əsrə yaxın vaxt keçsə də, daha bir ssenari Azərbaycana qarşı təşkil olunur. Əvvəlcədən hazırlanmış terrorçu Yasin Hüseynzadə əlində avtomat, atəş aça-aça səfirliyimizin binasına daxil olur. Ərazini qoruyan İran polisi bundan qətiyyən narahat olmur. Terrorçunu zərərsizləşdirmək, hadisə barədə dərhal məlumat vermək əvəzinə, cinayətkara şərait yaradır. Hadisənin videogörüntülərindən tam aydın olur ki, bu qanlı cinayət qabaqcadan İranın xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və planlı şəkildə həyata keçirilib. Hadisənin məqsədi səfirliyimizin bütün əməkdaşlarının qətlə yetirilməsi olsa da, mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyevin şücaəti, qəhrəmanlığı sayəsində terrorçu istəyinə nail ola bilmədi.

Bu qanlı faciənin arxasında fars-molla rejiminin müstəqil Azərbaycana düşmən, təcavüzkar Ermənistana dost, qardaş münasibəti dayanır. Qonşu İran 30 il ərzində müsəlman torpaqlarını işğal altında saxlayan, məscidlərimizə donuz bağlayan, dinimizi təhqir edən xristian Ermənistana havadarlıq edir, onlara qucaq açır.

İran dünən də, bu gün də Ermənistan üçün həyat qapısı, yaşam səbəbi olub. Qonşu ölkədən tarixi düşmənimizə fasiləsiz olaraq ərzaq, yanacaq, silah daşınır, hərtərəfli yardımlar edilir. Erməniləri təpədən-dırnağadək silahlandırmaqla torpaqlarımızı yenidən işğal etmək istəyirlər. Ancaq buna heç vaxt nail ola bilməzlər. Çünki Azərbaycanın müdrik Prezidenti, qüdrətli sərkərdəsi, müasir, güclü ordusu vardır.

İran hakimiyyəti səfirliyimizə edilən silahlı hücumdan, törətdiyi qətliamdan qəti narahat deyil. Açıq-aydın cinayəti gizlədir, terrorçuya dayaq durur. Bu isə heç bir beynəlxalq konvensiyaya, qanunlara sığmır.

Gözəl bir atalar məsəli var: cidanı çuvalda gizlətmək olmaz. Artıq dünya cinayətin kimlər tərəfindən törədildiyini, İranın terror yuvası olduğunu yaxşı bilir. Bizim tələbimiz belədir: terrorçular və onlara havadarlıq edənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Təmişət ƏBİLOV,

Yardımlı Rayon Ağsaqqallar Şurasının üzvü.