Çirkin niyyətlər baş tutmadı
Siyasət

Çirkin niyyətlər baş tutmadı

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da çörəyi diziüstə olan nankorlar olub. Cavadov qardaşları da o nankorlardan idi. 29 il bundan əvvəl öz ətraflarına topladıqları qeyri-qanuni silahlı birləşmələrlə müstəqilliyimizə qəsd etməyə cəhd göstərdilər. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən bu dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etdilər. Həm də bu niyyətin gerçəkləşməsi üçün həm xaricdə, həm də daxildə canfəşanlıq edənlər çox idi.

1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı, bununla da ölkəmizin dünya miqyasındakı nüfuzu daha da artdı. Bu inkişafı gözü götürməyən qüvvələr həmin ilin oktyabrında dövlət çevrilişi etməyə cəhd göstərsələr də, ümummilli lider Heydər Əliyev qətiyyəti qarşısında təslim oldular. Antidövlət kampaniyasında fəallıq göstərən Xüsusi Təyinatlı Polis Dəstəsinə "rəhbərlik" edən Rövşən və Mahir Cavadov qardaşları 1995-ci ilin martında öz çirkin niyyətlərini həyata keçirməyə çalışdılar.

Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) 200-300 nəfər əməkdaşı martın 12-dən 13-nə keçən gecə 2 BMP və 2 tankla Qazax Rayon Polis Şöbəsinə hücum edərək növbətçi hissəni ələ keçirmiş, şöbəyə məxsus xeyli sayda hərbi ləvazimatları müsadirə etmiş, poçt, polis şöbəsi və rayon icra hakimiyyətinin inzibati binasını tutmuşdular. Həmin gün səhərə yaxın XTPD-nin 100 nəfərə qədər silahlanmış əməkdaşı zirehli texnikanın gücü ilə Ağstafa Rayon Polis Şöbəsinə də basqın edib eyni qaydada şöbəyə məxsus silah-sursatı ələ keçirmişdilər. Bununla yanaşı, 6 milyon manat məbləğində pulu mənimsəmiş, xidməti avtomobilləri yararsız hala salaraq polisin inzibati binasını darmadağın etmişdilər.

Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətində Rövşən və Mahir Cavadov qardaşlarını, onlarla bir yerdə olan digər qüvvələri dövlət çevrilişi cəhdindən geri çəkilməyə çağırıb, hətta onları əfv edəcəyini də bildirmişdi.

1995-ci il martın 16-dan 17-nə keçən gecə isə paytaxtın 8-ci kilometr qəsəbəsindəki "OMON"çuların (Xüsusi Təyinatlı Milis Dəstəsi) qərargahı yaxınlığında başlanan atışmada dünənədək cəbhə bölgəsində, erməni təcavüzkarları ilə savaşda səngər yoldaşı olmuş döyüşçülər üz-üzə dayandılar. Azərbaycanın paytaxtında bir qrup vəzifə hərisi hakimiyyəti ələ keçirmək üçün dəhşətli bir mənzərə yaratmışdı, özü də Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etdiyi bir vaxtda...

Lakin görünür onlar Heydər Əliyevin müdrikliyini, uzaqgörən siyasətini və qətiyyətini tam dərk etməmişdilər. Dahi şəxsiyyət müstəqilliyimizə, həmçinin dövlət çevrilişinin qəsdin qarşısını aldı. Ölkəmizin müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin siyasi fəaliyyətinin nəticəsidir. Ulu öndərin dövlət çevrilişlərinin qarşısını qətiyyətlə alması Azərbaycan xalqının sabaha, gələcəyə ümidini daha da artırdı. Nə yaxşı ki, həmin dövrdə ölkəyə dövlət idarəçiliyində zəngin təcrübəsi olan Heydər Əliyev kimi böyük tarixi şəxsiyyət rəhbərlik edirdi.

Yerli icra hakimiyyətinin, hüquq-mühafizə orqanları işçilərinin dediklərinə məhəl qoymayan, azğınlaşmış, haqqın, ədalətin yolundan sapmış qüvvələrin törətdikləri əməllər gözlənilən nəticəni vermədi. Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-qanuni yolla ələ keçirməkdə israrlı olsalar da, istədiklərinə çatmadılar. XTPD rəhbəri Rövşən Cavadov aldığı güllə yarasından DİN-in hospitalında vəfat etdi.

"Mən bunu, qan töküləcəyini görürdüm. Ona görə əvvəllər də və xüsusən martın 15-də xalqa müraciət edəndə də dəfələrlə dedim ki, artıq bəsdir, qan tökmək lazım deyil. Ancaq bu insanlara nə qardaş qanı, nə millət qanı, nə xalq qanı əzizdir. Öz çirkin niyyətləri, əməlləri onlar üçün hər şeydən üstündür, özləri də bu çirkin əməllərinin qurbanı oldular". Bu sözləri ümummilli lider Heydər Əliyev 17 mart 1995-ci ildə Azərbaycan dövlətçiliyinin qorunub saxlanması məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı söyləyib.

Röya RÜSTƏMLİ,

"Respublika".