COP29 - qlobal əməkdaşlıq, innovasiyalar və uğurlu gələcək
İqtisadiyyat

COP29 - qlobal əməkdaşlıq, innovasiyalar və uğurlu gələcək

Ölkəmiz daim Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarı olub. Azərbaycanın bir çox beynəlxalq tədbirlərə evsahibliyi edərək regionun inkişafı üçün çalışması bunun əsas göstəricisidir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi qərarı ölkəmizin əldə etdiyi növbəti naliyyətlərdən biridir.

Respublikamız müxtəlif beynəlxalq tədbirlərə evsahibliyi etməklə öz uğurlarını qlobal səviyyədə nümayiş etdirib. Bu diqqətəlayiq uğurlara bir çox nümunə göstərmək olar. 2012-ci ildə "Avroviziya" mahnı müsabiqəsinə evsahibliyi ölkəmiz üçün əlamətdar hadisələrdən olub. Bakıda keçirilən Formula 1 bütün dünyanın diqqətini cəlb edən unikal tərtibatlı və həyəcanverici yarışlardan biri olub. Bundan başqa, 2016-cı ildə Şahmat Olimpiadasına, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi də bir nümunədir. Bu uğurlu beynəlxalq tədbirlər Azərbaycanın ev sahibi kimi imicini gücləndirməklə yanaşı, həm də qlobal miqyasda ölkənin turizm, iqtisadiyyat və mədəniyyət mübadiləsinə öz töhfəsini verib.

Azərbaycan son illərdə iqlim dəyişikliyi probleminin həllinə və davamlı inkişafın təşviqinə də xüsusi diqqət ayırır. Ölkəmiz alternativ enerjiyə keçid səylərinə görə regionda birincidir və bu istiqamətdə çalışmalar gün keçdikcə artır. Artıq Azərbaycan "yaşıl enerji"yə keçidlə bağlı əhəmiyyətli addımlar atır. Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar öz sədrliyi ilə keçirilmiş müşavirədə çıxış edən dövlətimizin başçısı deyib: "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir".

Ölkəmiz neft-qaz ixracatçısı kimi böyük nüfuza malikdir. Lakin bu gün yaşıl enerji növlərinin yaradılması və gələcəkdə dünya bazarlarına nəql olunması sahəsinda də əhəmiyyətli işlər görülür. Azərbaycan iqlim dəyişikliyi ilə bağlı müxtəlif beynəlxalq müqavilələrə imza atıb. Ölkəmizdə bərpaolunan enerji mənbələrinə maraq artıb, külək və günəş enerjisinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanılıb. Azərbaycan, həmçinin meşəsalma və meşəbərpa proqramları vasitəsilə meşə örtüyünün artırılması təşəbbüsləri ilə çıxış edib. Bu səylər karbon dioksid səviyyələrini azaltmaq və biomüxtəlifliyi artırmaq məqsədi daşıyır. Azərbaycan həm də iqlim dəyişikliyi ilə bağlı beynəlxalq forumlarda fəal iştirak edir. Ölkəmiz iqlim dəyişikliyi ilə bağlı təşəbbüslərini inkişaf etdirməyə davam etsə də, bu aktual problemin effektiv həlli üçün qlobal miqyasda davamlı səylərə və əməkdaşlığa ehtiyac var.

Bu səbəbdən də COP29 xüsusi əhəmiyyət daşıyır. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük təşkilat olsa da, onun beynəlxalq arenada nüfuzu Azərbaycanın sədrliyi dövründə yüksəldi, qlobal miqyasda önəmli bir qurum oldu. Bu cəhətdən, COP29-a evsahibliyi "yaşıl enerji"nin inkişafına və ətraf mühitin qorunmasına xidmət edən əhəmiyyətli bir tədbir kimi yadda qalacaq, həmçinin Azərbaycanı qlobal iqlim müzakirələrində ön sıralara çıxaracaq. Belə mötəbər tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsinə, iqlimlə bağlı məsələlərdə müxtəlif xalqlarla yüksək səviyyəli diplomatik dialoqlar aparılmasına əsas yaradır.

Azərbaycan Avropa və Asiya arasında körpü rolunu oynayaraq iqlim məsələlərində regional əməkdaşlığı inkişaf etdirmək üçün COP29-dan istifadə edəcəkdir. Bu, qonşu ölkələr arasında əməkdaşlığı təşviq edərək iqlimə davamlılıq və təsirlərin yumşaldılması istiqamətində kollektiv səyləri də canlandıracaqdır.

COP28-də 100-dən çox ölkənin dövlət və hökumət başçısı, 80 mindən çox qonaq iştirak edib. Tədbir dünyanın hər yerindən nümayəndə və qonaqlar cəlb etməklə, mədəni mübadilə üçün imkan yaradır və turizm sənayesini inkişaf etdirir ki, bu da Azərbaycan mədəniyyəti və irsi haqqında məlumatlılığın artmasına və qiymətləndirilməsinə gətirib çıxaracaq. Ümumilikdə, COP29-un Azərbaycanda keçirilməsi ölkənin iqlim dəyişikliyi ilə bağlı məsələlərə həssaslığını göstərməklə yanaşı, qlobal əməkdaşlıq, innovasiyalar və uğurlu gələcəyə doğru birgə addımlamağa imkan yaradacaq.

Nurcan SÜLEYMANOVA,

"Respublika".