Qarabağ və Şərqi Zəngəzur turizm bölgəsi kimi də tanınacaq
İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzur turizm bölgəsi kimi də tanınacaq

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsi turizm potensialı baxımından olduqca zəngindir. Tanrı bu yerlərdən heç nəyi əsirgəməyib. Bütün gözəlliklərin cəm olduğu ərazilər istər təbii ehtiyatlar, istərsə də sənaye mərkəzlərinin inkişafı baxımından ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynayacaq.

Dövlətin apardığı islahatlar və irimiqyaslı layihələr nəticəsində yaxın gələcəkdə Qarabağ nəinki Cənubi Qafqazda, bütün dünyada turizm imkanlarına görə tanınacaq. İşğaldan azad edilən ərazilərdə işlər sürətlə davam edir. Bu yerlərdə mövcud şərait baxımından  müxtəlif turizm növlərini inkişaf etdirmək mümkündür. Yaradılacaq turizm bazaları həm də yerli əhalinin həyat tərzinə müsbət təsir göstərəcək. Çünki əraziyə gələn turistlər hotel və sanatoriyalarla yanaşı, fərdi evlərdə də qalacaqlar.

Hələ SSRİ dövründən Şuşa, Laçın, Kəlbəcər, Ağdam rayonları turizm imkanları ilə məşhur olmuşdur. Həmin dövrlərdə Şuşada çoxlu sayda sanatoriyalarla yanaşı, pioner düşərgələri də var idi.  Şuşa şəhərində ilk istirahət evi 1936-cı ildə istifadəyə verilib. İşğaldan əvvəl 1316 yerlik Şuşa Sanatoriya Kurort Birliyi, 130 yerlik "Şəfa" turist bazası fəaliyyət göstərib.  Ağdam rayonunda isə 1980-ci illərdə turizm potensialı inkişaf etdirilib.  Gülablı kəndində 100, Şelli kəndində 50, Şahbulaqda isə 40 yerlik müalicə-istirahət mərkəzləri fəaliyyət göstərib. Qarabağın turizm potensialı olduqca zəngindir, burada ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar vardır.

Qarabağ və Şərqi Zəngəzur bölgəsində turizm bazalarını daha modern,  müasir üslubda formalaşdırmaq üçün bölgənin coğrafi mövqeyi də olduqca əlverişlidir. Xüsusilə, Kəlbəcər və Laçın rayonları ekoturizm və müxtəlif turizm növlərini inkişaf etdirmək üçün yüksək dağlıq relyefə malikdir. Qarabağ zonası xüsusilə mineral sularla zəngindir. Aşağı İstisu, Qotursu, İlıqsu, Şırlan, Turşsu və bir çox mineral bulaqlar var. Kifayət qədər geniş rekreasiya imkanlarına malik olan Laçında İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirəcək. Hələ işğaldan əvvəl Kəlbəcərin İstisu qəsəbəsində ümumittifaq əhəmiyyətli 2 böyük sanatoriya fəaliyyət göstərirdi. Buradakı "İstisu" mineral suları ilə xəstəliklərin müalicəsi mümkün idi. Hətta orada kurort və mineral sudoldurma zavodu da tikilmişdi. Aparılan böyük tikinti-quruculuq işləri nəticəsində həmin sənaye müəssisələri və bir sıra  istirahət zonaları bərpa ediləcək. Mütəxəssislərin fikrincə, Kəlbəcərin relyefi dünyanın ən heyrətamiz kanatlarının inşasına, ən maraqlı turizm xidmətlərinin qurulmasına imkan verir. Bu mənada, ərazidə gələcəkdə Qafqazın ən böyük turizm mərkəzini yaratmaq mümkündür. Bölgə  mineral sularla zəngin olduğundan, ölkəmizdəki müalicə turizminin təşkilində önəmli rol oynayacaq.

Sovetlər dövründə Kəlbəcər bir çox xəstəliklərin müalicəsi baxımından tanınmışdır. Həmin dövrlərdə Kəlbəcərə müttəfiq respublikalardan ildə 50 minə yaxın  turist gəlirdi. Rayonun ərazisi dəniz səviyyəsindən 2 000 metr yüksəklikdə, Tərtər çayının vadisində, Kiçik Qafqaz dağlarında yerləşir, zəngin flora və faunaya, müalicəvi əhəmiyyətli termal sulara (İstisu), tarixi abidələrə malikdir. Laçın rayonunun da turizm potensialı böyükdür. Bura qədim tunc dövrünə aid olan kurqanlarla zəngindir və turistlər üçün cəlbedicidir. Sadalanan ərazilər həm də dağ turizmi baxımından da əlverişlidir. Bölgə tarixi, dini və mədəni abidələrin zənginliyi baxımından da olduqca maraqlıdır. Dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx mağarası və digər tarixi abidələr işğaldan azad edilmiş ərazilərin turizm baxımından cəlbediciliyini artırır. Xudafərin körpüsü, Azıx mağarası gələcəkdə turist marşrutu ola bilər. 30 il ərzində düşmən bölgədə olan bütün dini, tarixi və mədəni abidələrimizi dağıtsa da bərpa-yenidənqurma işlərindən  sonra həmin istiqamətlərə turların təşkili mümkün olacaq.

Qarabağda turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar var. Bu imkanların reallığa çevrilməsi üçün əsas vəzifə düşmənin 30 ilə yaxın bir müddətdə viran qoyduğu əraziləri yenidən qurmaqdır. Azad edilmiş ərazilərin təhlükəsizliyi təmin olunduqdan və əsas magistral yollar çəkildikdən sonra Qarabağa yerli və xarici turist axını gözlənilir. Yaxın illərdə Qarabağ regionu Azərbaycan turizmində birinciliyi ilə seçiləcək. Bu mənada, bölgədə turizmin inkişafı istiqamətində önəmli addımlardan biri də yol infrastrukturunun yenilənməsi və müasir tələblərə uyğun qurulmasıdır. Elə bu məqsədlə də Qarabağın hava qapısı adlanan Füzulidə ilk beynəlxalq hava limanı tikilib istifadəyə verildi. Zəngilan və Laçın beynəlxalq hava limanları da turizmin inkişafı istiqamətində böyük əhəmiyyətə malikdir.

Ramidə YAQUBQIZI,

"Respublika".