Sosial həyat

"Culfa şəhidləri"

44 günlük Vətən müharibəsində 3000 şəhid qanı boyadı Zəfər qələbəmizi. Ölkənin elə bir kəndi, qəsəbəsi olmadı ki, şəhid verməsin. Uca tutduq, hörmət, ehtiramla yad etdik şəhidlərimizi. Hər kəs özünə borc bilib şəhidlərimizi andı. Qələmə sarılıb, hisslərini ağ vərəqlərə köçürənlər də az olmadı. Şəhidlərin xatirəsinə yüzlərlə kitab yazıldı. Onlardan biri də Rauf İlyasoğlunun "Culfa şəhidləri" kitabıdır.

Rauf İlyasoğlunun "Culfa şəhidləri" kitabının redaktoru araşdırmaçı, jurnalist Vüqar Həsənov, məsləhətçisi isə 1-ci qrup Qarabağ qazisi ilahiyyatçı Hacı Həsən Hüseynidir. "İmza" nəşrlər evində çap olunan kitabda Azərbaycanın dilbər guşələrindən olan Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda doğulmuş, Birinci Qarabağ və Vətən müharibəsində şəhid olmuş qəhrəmanlar haqqında geniş məlumatlar yer alır.

Hələ 1989-cu ildə Culfa rayonunun sakinləri etiraz aksiyaları ilə Ermənistan SSR-də azərbaycanlıların kütləvi şəkildə deportasiyasına son qoyulmasını Sovet hökumətindən tələb etmişdilər. Keçirilən nümayişlər sonradan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunan bayramın yaranmasına gətirib çıxaran sərhəd hərəkatına çevrildi. Qəhrəman ruhda böyüyən Culfa rayonu Birinci Qarabağ müharibəsində 7, 44 günlük Vətən müharibəsində isə 19 nəfər şəhid vermişdir.

2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində bütün cəbhəboyu ərazilərimizdə Azərbaycan ordusunun mövqeləri, şəhər və kəndlərimiz atəşə tutuldu. Lakin güclü Azərbaycan ordusu və Ali Baş Komandan İlham Əliyevin düzgün yürüdülmüş siyasəti nəticəsində düşmənin layiqli cəzası verildi.

 "Culfa şəhidləri" kitabında şəhidlərin keçdiyi döyüş yolu, qəhrəmanlıqları əks olunur. Kitabda Birinci Qarabağ müharibəsində şəhid olan "Azərbaycan Bayrağı" ordenli polkovnik-leytenant Elşad Arif oğlu Nağıyev, Kamran Yaqub oğlu Əliyev, Əbdülməhəmməd Əbdüləzim oğlu Yusifov və başqalarının qəhrəmanlığının şahidi oluruq. Eyni zamanda, Vətən müharibəsində şəhid olan kapitan Babayev Şamil Baloğlan oğlunun, baş leytenant Amil Gülməmmədovun, Yaqub Nəcəfovun və digərlərinin göstərdiyi şücaətlər yer alır. Şəhidlər arasında ən gənc olan bir əsgər də var. 2002-ci il aprelin 15-də dünyaya gələn Feyzizadə Toğrul İlqar oğlu. Gənc şəhidin taleyi, keçdiyi döyüş yolu çox maraqlıdır. Müharibə başlayanda Toğrul əsgəri xidmətdə olub. O, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Lakin düşmən gülləsinə tuş gələn Feyzizadə Toğrul noyabr ayının 6-da, Qələbəyə 2 gün qalmış Xocavənd döyüşlərində şəhid olub.

Kitabda şəhidlərlə yanaşı, bir qazimizdən də söhbət açılır. Bu, qazi kapitan Bağırlı Qəzənfər Kərim oğludur. Şuşaya kimi döyüş yolu keçən Q.Bağırlıya müharibədə göstərdiyi şücaət və qəhrəmanlığa görə, Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.

Zaman keçəcək, nəsillər bir-birini əvəz edəcək, lakin şəhidlərimiz unudulmayacaq, yaddan çıxmayacaqlar. Şəhidlər Zəfər tariximizin qəhrəmanlarıdırlar.

Ramidə YAQUBQIZI,

"Respublika".